İrəvan Moskvanı neçəyə “satır”? - Ermənilər regionu “soyuq müharibə” MEYDANINA ÇEVİRİR
Bizi izləyin

Nida Xəbər

İrəvan Moskvanı neçəyə “satır”? - Ermənilər regionu “soyuq müharibə” MEYDANINA ÇEVİRİR

Azərbaycan daim regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir, bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur.

Yürüdülən balanslı siyasət nəticəsində bu əməkdaşlıq formatları heç zaman üçüncü tərəfə yönəlmir, Azərbaycan bölgənin qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsinə çalışır.

Azərbaycan NATO ilə tərəfdaşlıq edən ölkədir, NATO üzvü olan ABŞ və Türkiyə ilə strateji əməkdaşlıq edir, NATO-nun Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarında iştirak edir, Əfqanıstana hərbi təyinatlı yüklərin daşımasında ən mühüm rolu oynayır.

Buna baxmayaraq, Azərbaycan öz prinsiplərinə sadiq qalaraq NATO ilə əməkdaşlığı digər dövlətlərə qarşı təzyiq vasitəsinə çevirmir. Buna görə iyulun 30-dan avqustun 12-dək Gürcüstanda NATO çərçivəsində keçirilən "Layiqli tərəfdaş 2017" təlimlərinə qatılmayıb.

İrəvan regionu qarşıdurma meydanına çevirir

Əksinə, daim özünü Cənubi Qafqazda Rusiyanın əsas dayağı, hətta forpostu kimi təqdim edən Ermənistan bölgədə vəziyyəti daha da gərginləşdirmək və regionu Qərb-Rusiya qarşıdurmasının meydanına çevirmək siyasəti yürüdür. Bir sözlə, İrəvan Cənubi Qafqazı Qərb və Rusiya arasında gedən “soyuq müharibə”nin ən alovlu meydanlarından birinə çevirmək üçün əlindən gələni edir. Ermənistan həmçinin NATO və Qərb ilə əlaqələrdən Rusiyaya qarşı şantaj kimi istifadə edir.

İyulun 31-də Gürcüstana gələn ABŞ-ın vitse-prezidenti Maykl Pens ayaq basar-basmaz, ilk çıxışındaca Gürcüstanın ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu bəyan etdi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir. “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”, - Pens deyib.

Bu bəyanat heç şübhəsiz ki, İrəvanın sahibi olan Rusiyaya ünvanlanmışdı. Maraqlıdır ki, Ermənistan yeni günlərdə bir neçə addımla istənilən an “ağa”sını dəyişdirə biləcəyinə dair Moskvaya siqnal verdi:

1. Ermənistan hərbçiləri Rusiyanın beynəlxalq arenada əsas rəqibi olan NATO hərbi təlimlərinə qatıldı.

2. Erməni tərəfi ABŞ-ın vitse-prezidenti ilə gizli görüşlər keçirdi. Ermənistanın təlimlərə qatılmaqda əsas məqsədlərindən biri də məhz bu idi. M.Pensin Donald Tramp adminsitrasiyasının “şahinlər qanadı”nın əsas fiquru olması, Rusiya və İran əleyhinə kəskin bəyanatları ilə tanınması da daim dəstəklədiyi İrəvanın Moskva üçün nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur.

3. Təlimlərdə iştirak edən Ermənistan gələcəkdə NATO-ya üzv olmaq haqda da müzakirələr aparıb. Təlimlərin gedişində erməni hərbçiləri bu barədə istəkləri açıq şəkildə dilə gəiriblər.

4. Təbii ki, İrəvanın anti-Rusiya addımları bununla məhdudlaşmadı. Təlimlərdən əvvəl NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay İrəvanda olub, Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyanla görüşlər keçirib.

5. “Rosbalt” portalı qeyd edir ki, Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi gələcək addımları müəyyən etmək üçün İrəvana dəvət edib.

Erməni müxalifəti və hakimiyyətindən Moskvaya qarşı ittifaq

İrəvanın anti-Moskva kursu yeridəcəyi barədə siqnallar nəinki müxalifət, həmçinin hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərin dilindən də verilir.

1. Bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.

S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə (Şübhəsiz ki, Rusiya nəzərdə tutulutr - red.) bel bağlamamalıdır:

“Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik”.

Təbii ki, Koçaryan birbaşa tabe olduğu nazir Edvard Nalbandyanın, Nalbandyan isə Serj Sarkisyanın fikrini çatrırır. Yəni İrəvan Moskvaya mesaj verir, lakin burada mesajdan daha çox yeni siyasi oriyentasiyanın də elementləri görünür. Əslində, Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması İrəvanın siyasi oriyentasiyasını dəyişmək istəklərindən xəbər verirdi.

2. Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər.

İrəvanda “qiyam”, yoxsa Ermənistan Maydanı

Hətta Ermənistan mediası açıq mətnlə yazır ki, bu ilin sonunda Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində İrəvan siyasi kursunu dəyişdiyini elan edəcək. Rusiyada müxtəlif ekspert dairələrinin dedikləri də Moskvanın İrəvandakı “qiyam”dan xəbərdar olduğunu göstərir.

Bu kontekstdə erməni jurnalist Tevos Arşakyanın yazdıqları da diqqət çəkir.

Erməni jurnalist məxfi mənbələrinə istinad edərək yazır ki, son aylar ABŞ və Böyük Britaniya səfirliklərinin əməkdaşları hökumətdə və Prezident Administrasiyasında yüksək vəzifəli erməni məmurlarla intensiv şəkildə gizli görüşlər keçirir:

“Onlar ölkə rəhbərliyini Rusiyaya sözsüz tabe olmağın zərərlərinə inandırırlar. Təklif edirlər ki, İrəvan Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaq qərarını verəcəksə, Ermənistana maliyyə-iqtisadi, siyasi dəstək veriləcək, həmçinin, Dağlıq Qarabağ münaqişəsində kömək ediləcək. Bizim məlumatımıza görə, Ermənistan “Şərq Tərəfdaşlığı” sammitində xarici siyasət kursunu dəyişdiyini elan edəcək və beləliklə, Rusiya Cənubi Qafqazda yeganə müttəfiqini itirəcək”.

Erməni jurnalist qeyd edir ki, Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün ən müxtəlif yollara əl ata bilər.

“Hətta əminəm ki, Rusiya İrəvandakı rusiyayönümlü güclərin əli ilə ölkədə qiyam başlayacaq, həmçinin, Dağlıq Qarabağda müharibəyə start verəcək”, - deyə o vurğulayıb.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Serqey Markov isə hesab edir ki, Ermənistan Ukraynanın yolunu gedir:

“Ermənistan hakimiyyəti də anti-Rusiya kampaniyasına lazımi reaksiya vermir. Ermənistan artıq Ukraynanın yolu ilə gedir. Bu, Rusiya üçün ciddi risklər vəd edir. Hər hansı Maydan tipli hadisələr erməni hakimiyyətinə Qərbə üz tutmağa əsas yaradar və Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Ermənistan Rusiyaya qarşı potensial düşmənə çevrilər. Necə ki, Ukrayna, Baltikyanı ölkələr, yaxud Modova oldu, ermənilər də buna gedə bilərlər. Hər şey hökumətlərdən asılıdır. Bu baxımdan, İrəvan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə qarşı nəsə etməlidir”.

Politoloqun Kremlə yaxınlığı onun səsləndirdiyi fikirləri əslində, Rusiyanın Ermənistana xəbərdarlığı kimi də qəbul etmək olar. Bunun reallığını qəbul etsək, hesab etmək olar ki, Rusiya yaxın dövrdə Ermənistana ciddi müdaxilə edə bilər, yaxud anti-Rusiya kampaniyasının qarşısını alması üçün Sarkisyanı ciddi şəkildə cəzalandırılması gözləniləndir.

Erməni politoloq, şərqşünas Karine Qevorqyan da bu fikirdədir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb.

Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur:

“Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.

Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğunu vurğulayıb.

O, Ermənistanın NATO təlimlərində iştirakının Rusiya və Ermənistan arasında birləşdirilmiş qoşun qruplaşması haqda razılaşmanın Moskva tərəfindən təsdiq edilməsi ilə eyni ana təsadüf etməsinə diqqət çəkib. “Görünür, Ermənistan NATO təlimlərində iştirak etməyi əvvəlcədən planlaşdırıb. Bu, Rusiya ilə yaradılacaq birləşmiş qoşun qrupunun neytrallaşdırılması gedişidir. Lakin bu, ilk növbədə Ermənistanın özünün ziyanınadır”.

M.Kolerov hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya ilə yaradılacaq birləşmiş qoşunun gücünü ikiqat zəiflətdi:

“Çünki Ermənistan özü danışırdı ki, Azərbaycan birləşmiş qoşun qrupundan qorxacaq. NATO-ya doğru əyilmə isə bu iddianı sıradan çıxarır və hesab etməyə imkan verir ki, Rusiya ilə birləşmiş qoşun lazım deyil”.

Göründüyü kimi, Ermənistan yeni hami axtarışına çıxıb və “daha yaxşı ödəniş” müqabilində Rusiyanı satmağa hazırdır. Lakin İrəvanın bu niyyətinin işğalçı dövlətin hakimiyyəti üçün acınacaqlı nəticə ilə yekunlaşacağına heç bir şübhə yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm