“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
Bizi izləyin

Nida Xəbər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb

Qafqaz bizim ümumi evimizdir, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz öz tərəfimizdən regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli ağsaqqallar kimi, sizdən çox şey asılıdır.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçıları ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında toplanan materiallar 2011-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

Bu kitab Prezident İlham Əliyevin 9 May – Qələbə bayramı münasibətilə Bakıda təntənəli mərasimdə iştirakına dair materialla başlayır.

Nəşrin 46-cı kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Çexiya, Fələstin dövlətlərinin, habelə dövlətimizin başçısının Serbiyaya, Sloveniyaya rəsmi, İtaliyaya, Belçika Krallığına, Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Fransa, ABŞ, Gürcüstan, İran, Britaniya, Rusiya, Türkiyə, Norveç və digər ölkələrin, ISESCO, ATƏT, BMT, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, Dünya Bankı, Avstriyanın OMV şirkəti və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransının açılış mərasimində, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci və Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümləri münasibətilə təntənəli hərbi paradda, Dünya Azərbaycanlılarının III Qurultayında nitqləri, “Bakı ürək günləri” Beynəlxalq Konqresinin iştirakçılarına müraciəti daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Sumqayıt şəhərinə səfərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, ictimaiyyətlə görüşlərinə dair materiallar əksini tapıb, habelə kütləvi informasiya vasitələrinə müsahibələri yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 46-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm