Azərbaycan İslam ölkələri mediasının diqqətində
Bizi izləyin

Nida Xəbər

Azərbaycan İslam ölkələri mediasının diqqətində

Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir. Pakistanın nüfuzlu ingilisdilli "Daily Times" qəzeti, "Times" Beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən "Afganishtan Times" qəzeti, Şimali Kipr Türk Respublikasının "Kıbrıs Həqiqət" qəzeti “İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edib.

Dərc edilən məqalələrdə qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən, sabit və çox təhlükəsiz müsəlman ölkəsidir. Böyük karbohidrogen ehtiyatları və gözəl təbiəti ilə fərqlənən Azərbaycanın Cənub-Şərqi Asiya və Cənub-Şərqi Avropanın kəsişməsində yerləşməsi onun region və dünya üçün əhəmiyyətini daha da artırır. mövqeyi region üçün və onun hüdudlarından kənarda çox vacibdir. Yazılarda vurğulanır ki, Azərbaycan son illər turizm və sənaye sektorunda əldə etdiyi uğurlarla önə çıxır.

Xarici KİV-lər daha sonra bu gün İslam dünyası ciddi problemlər və münaqişələrlə çalxalandığına, bir sıra müsəlman ölkələrində müharibələr davam etdiyinə və günahsız insanlar qətlə yetirildiyinə diqqət çəkir. Onlar bu xüsusda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın problemlərini nümunə kimi göstərirlər.

Pakistan, Əfqanıstan və Şimali Kiprin nüfuzlu KİV-lərinin Azərbaycanla bağlı dərc etdiyi yazılarda "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. Fərid Şahbazlı xarici KİV-lərə açıqlamasında qeyd edib ki, bugün İslam ölkələrindəyaşanan hadisələr, İslam dinini dünyaya terror dini kimi təqdim etmək cəhdləri müsəlmandövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, Azərbaycan müsəlman dövləti olaraq, İslam həmrəyliyinin gücləndirilməsi, onun sülhpərvər mahiyyətinin dünyaya təqdim edilməsi üçün mühüm addımlar atır: "Bu məqsədlə 2017-ci il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilmiş, Bakı 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir. “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda təşkil edilən böyük tədbirlərdə iştirak edən, eyni zamanda Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına qatılan müsəlman ölkələri bütün dünyaya sülh və sabitlik mesajı vermişdir".

F.Şahbazlının sözlərinə görə, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır: "Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və dəstəyi ilə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi sübut edir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq və bunu bütün dünyaya təqdim etmək mümkündür".

F.Şahbazlı daha sonra bildirib ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. O vurğulayıb ki, müstəqil Azərbaycan daima İslam dünyası isə əlaqələrə xüsusi diqqət ayırmışdır: "Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Ölkəmiz bundan sonra da İslam dünyasının ümümbəşəri və sülhpərvər dəyərlərinin təbliği işində müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edəcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm