İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsi açıldı - - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsi açıldı - - FOTO/VİDEO

Fevralın 25-də İstanbul şəhərinin Başçılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

Publika.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən tərəflər yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsi olaraq tərəflər təmənnasız şəkildə bir-birinin maraqlarını müdafiə edirlər. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan Prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib. O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.

Azərbaycan Dostluq Parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən Əli Həsənov diqqətə çatdırıb ki, ucaldılan Xocalı soyqırımı abidəsi sülhə, dostluq və firavanlığa xidmət edir. “Əminəm ki, bu abidə millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlıq simvoluna çevriləcək. Təcavüzkar Ermənistan dövlətinin antiinsani vəhşiliyindən fərqli olaraq Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını təmin edirik. Biz xalqlarımızın təhlükəsizliyi üçün tədbirlər görürük. Biz nəhəng layihələr sayəsində böyük bir coğrafiyada iqtisadi inkişafı gerçəkləşdiririk. Təcavüzkar Ermənistan və erməni millətçi dairələri isə bütün dövrlərdə olduğu kimi, indi də havadarlarına arxayın olaraq bölgəyə münaqişə və müharibə, fəlakət və qarşıdurma gətiriblər. Biz azərbaycanlılar isə sülh, dialoq və firavanlıq ovqatı aşılayırıq. Ermənilər vəhşi hərəkətləri ilə, qan tökməklə, ailələri məhv etməklə, bizim xalq isə humanist fəaliyyəti ilə fərqlənir”, - deyə Əli Həsənov qeyd edib.

Böyük şair və dramaturq Hüseyn Cavidin bütün bəşəriyyət üçün örnək olan sülh çağırışlarından misraları xatırladan Prezidentin köməkçisi bildirib ki, ermənilər qan tökməyə, biz isə qan izi silməyə, sülh yaratmağa, birlikdə dostluq şəraitində yaşamağa çağırış edir və buna çalışırıq.

Çıxışının sonunda “Bağcılar” sözünün kökü barədə fikir və mülahizələrini bölüşən Əli Həsənov artıq həyat gerçəkliyinə qovuşan bu ideyanın müəlliflərinə, onun həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə yerli sakinlərə dərin təşəkkürünü ifadə edib. O əminliklə qeyd edib ki, Bağcılar rayonunda həyata keçirilən bu əzəmətli layihə iki qardaş ölkə və xalq arasındakı tarixi bağların daha da möhkəmlənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Türkiyədə böyük bir üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq. “Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”, - deyə vali qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin qardaşlığı xalqlarımızın çox qədimdən hökm etdiyi və əbədiyyətə qədər yaşayacaq bir sifarişdir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal deyib ki, iki qardaş ölkəni eyni tarix, eyni din, eyni mədəniyyət birləşdirir. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qardaşlığımızı tərənnüm edən şeirlərindən kiçik misralar söyləyən Mövlud Uysal qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

Açılışı keçirilən Azərbaycan Dostluq Parkı və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin ideya olaraq ortaya çıxması barədə məlumat verən Bağcılar Rayon Bələdiyyəsinin sədri Lokman Çağrıcı bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulu tərəfindən irəli sürülən bu təklif böyük məmnuniyyətlə qəbul edilib. O qeyd edib ki, Xocalı soyqırımı Türkiyənin də dərdidir. Bu soyqırımına ədalət tələb etmək də, yaddaşlardan silinməməsi üçün tədbirlər görmək də mənəvi borcumuzdur.

Xocalı sakini Səbinə Məhərrəmova 7 yaşı olarkən erməni cəlladlarının vəhşiliyinin şahidi olduğunu qeyd edərək bildirib ki, soyqırımı gecəsi özü və bir qardaşından başqa ailəsinin bütün üzvləri məhv edilib. Soyqırımının dəhşətlərini bir an da olsa unuda bilmədiyini söyləyən Səbinə Məhərrəmovanın kövrək sözləri iştirakçıları duyğulandırıb.

Çıxışlarda saxta “erməni soyqırımı” iddiasının ortaya çıxmasının siyasi səbəbləri, bu əsassız məsələnin Türkiyəyə qarşı təzyiq vasitəsi olması, Çanaqqala zəfəri, 1905-1907, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, 1918-ci ildə Qafqaz İslam Ordusunun rəşadəti sayəsində Bakının qurtuluşu, 1948-1953-cü illərdə Ermənistan ərazisindən soydaşlarımıza qarşı həyata keçirilən deportasiya, o cümlədən sovet hakimiyyətinin süqutu illərində ermənilərin Dağlıq Qarabağa qarşı ortaya atdıqları ərazi iddiaları əsasında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, həmçinin aqressiv tərəfin BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması, terrorçu Ermənistanın böyük bir coğrafiyada sülhə və əmin-amanlığa qarşı təhlükə mənbəyinə çevrilməsi, eləcə də Suriya ərazisindən Türkiyəyə yaradılan böyük təhlükələrin qarşısının alınmasının vacibliyi barədə fikirlər səslənib. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə, o cümlədən Türkiyə də istər ölkə daxilində, istərsə də öz dövlət sərhədi boyunca terror risklərini aradan qaldırmağa, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə haqqı var.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.

Sonra iştirakçılar parkda ağac əkiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm