Nida Xəbər
Səməd Seyidov: Ermənistanın destruktiv siyasəti tamamilə iflasa uğrayıb
Son zamanlar Ermənistan rəhbərliyi beynəlxalq səviyyədə əlaqələrini hansısa formada inkişaf etdirməyə çalışır. Ancaq biz bunun tam əksinin şahidi oluruq. Görürük ki, Ermənistanın siyasəti tam iflasa uğrayır. Nə qədər çox çabalayırsa, özünü bir o qədər də bataqlığın içərisinə salır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Səməd Seyidov bildirib ki, oktyabrın son günlərində baş verən proseslər, keçirilən görüşlər Ermənistanın siyasətinin nə dərəcədə iflasa uğramasının başlıca göstəriciləridir. İstanbulda oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin, oktyabrın 30-da isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin imzaladıqları İstanbul Bəyannaməsində xüsusi bir bənd var. Həmin bənddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında, o cümlədən BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmasının zəruriliyi bildirilir. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq imzalanmış Bəyannamədə də beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe öz əksini tapıb. Bu bəyannamələr, region dövlətləri, xüsusilə də İran tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq-aşkar dəstəyin ifadə olunması çox önəmlidir. Münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilməsi bir daha onu göstərir ki, Ermənistanın regionda destruktiv siyasəti tamamilə iflasa uğrayıb.
“Məsələyə yanaşma yalnız region ölkələrini əhatə etmir. Mən oktyabr ayının sonlarında keçirilən yüksək səviyyəli görüşlərdən danışarkən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərini qeyd etmək istəyirəm. O, səfər zamanı Azərbaycanın mövqeyi ilə üst-üstə düşən fikirlərini açıqladı. Biz o mövqeyi dünyaya çatdırırıq ki, Ermənistan hansısa inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağa can atmalıdır və bunu etməlidir. Ermənistanın başqa çıxış yolu yoxdur. Faktiki olaraq, həmin fikir Con Boltonun bəyanatında da öz əksini tapdı. Bundan əvvəl isə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Ermənistanın qonşuları ilə münasibətlərini yüksək səviyyədə qurmaq, xüsusilə də Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaq məsələsini gündəmə gətirmişdi. Beləliklə, həm İstanbulda region dövlətlərinin xarici işlər nazirlərinin bəyanatları, həm ABŞ-dan gələn bəyanatlar, həm də beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər ona dəlalət edir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Ermənistanın mövqeyi nöqteyi-nəzərindən müzakirə olunmayacaq. Ermənistanın konstruktivlikdən kənar təklifləri danışıqlar prosesinə təsir edə bilməyəcək”, - deyə Səməd Seyidov qeyd edib.
Milli Məclisin komitə sədri bildirib ki, Ermənistanın bugünkü vəziyyəti heç bir dövlət tərəfindən ciddi qəbul olunmur. Hətta Ermənistanda gedən proseslər Rusiya tərəfindən də inamsızlıqla, böyük şübhə ilə qarşılanır. Biz bunu son zamanlar Rusiyadan eşitdiyimiz bəyanatlardan da görürük. Həm Rusiya, həm ABŞ, həm İran, bütövlükdə Avropa İttifaqı getdikcə Paşinyan rejiminə inanmır. Onlar artıq münasibətlərini konkret addımlarla göstərirlər. Misal üçün, ötən il Ermənistanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Avropa İttifaqı tərəfindən bu ölkəyə 7 milyon avroya qədər vəsait ayrılmışdı. İndi isə Paşinyanın xahişlərinə, xüsusi göndərilmiş şəxslərin yalvarışlarına baxmayaraq, Avropa İttifaqı parlament seçkilərinin təşkili ilə əlaqədar cəmi 3 milyon avro ayırdı. Bu da inamsızlığın bir nümunəsidir. Paşinyan Avropa İttifaqına gedəndə bəyan edirdi ki, Ermənistanda islahatların həyata keçirilməsi üçün ona bir milyard avro lazımdır və “yeni Ermənistan”ın qurulmasında Avropa İttifaqının köməyi çox vacibdir. Onun belə çağırışları, sadəcə olaraq, gülünc doğurur.
“Biz görürük ki, Azərbaycanın apardığı siyasət, ölkəmizin mövqeyi Avropa İttifaqı, ABŞ, Rusiya, İran və digər dünya dövlətləri tərəfindən dəstəklənir. Bu, çox vacib bir məsələdir. Ona görə də Ermənistanın indiki rəhbərliyi beynəlxalq və regional reallığı düzgün dərk edərək nəticə çıxarmalıdır. Ermənistanın iflası və özünütəcridi daha da dərinləşir. Ermənistan siyasi, iqtisadi, sosial, demoqrafik, diplomatik böhran içərisindədir. Hesab edirəm ki, bütün bunlar Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına, qonşu dövlətlərlə normal, beynəlxalq qanunlar çərçivəsində əlaqələr qurmasına məcbur edəcək”, - deyə Səməd Seyidov bildirib.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz