PA rəsmisi: Cəza siyasətinə yeni baxış var
Bizi izləyin

Nida Xəbər

PA rəsmisi: Cəza siyasətinə yeni baxış var

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində vəkillik institutunun inkişafına şərait yaradacaq yeni yanaşmalar tətbiq olunub.

Trend-in məlumatına görə, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib.

O bildirib ki, ASAN Xidmət-lə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır: "Bu, həm paytaxt, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq. Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu, ilk belə tapşırıq deyil, bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ci ilin fevralında cənab Prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Həmin vaxt cinayət qanunvericiliyində 300-ədək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatlar həyata keçirildi. Nəticə isə bu gün göz qabağındadır. Belə ki, həmin islahatlar 14 minə yaxın şəxsə tətbiq olunmuşdu. 9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunmuşdu. 1800 şəxs cəzadan azad olunmuşdu ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi. Hesab edirəm ki, bu islahatlar davam etdirilməlidir".

Sektor müdiri qeyd edib ki, cəza siyasətinə yeni baxış var və bunun nəticəsi olaraq Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir.

Onun sözlərinə görə, mülki məhkəmə icraatı ilə bağlı fərmanda bir sıra tapşırıq və tövsiyələr mövcuddur: "Bura həm ixtisaslaşmış vəkillərin yaradılması, həm də bütövlükdə mülki-prosessual qanunvericiliyin yenidən işlənməsidir. Mülki-Prosessual Məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var. Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlər orada müəyyən boşluqlar və təkmilləşməyə ehtiyacın olduğu sahələrlə rastlaşırlar. Vəkillər də bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar və biz bunu gözləyirik".

V.İsayev qeyd edib ki, fərmanda məhkəmədənkənar üsullara, operativ metodlara böyük önəm verilib: "Bu sahədə son illər böyük addımlar atılıb. 2016-cı ildə Apellyasiya Şuralarının yaradılmasını misal göstərə bilərəm. 2018-ci ildə Apellyasiya Şuralarına edilən müraciətlər nəticəsində həm Şuranın fəaliyyəti təkmilləşib, həm də müraciətlərə baxılmaların nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu da mühüm göstəricidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm