Əli Əhmədov: Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı...
Bizi izləyin

Nida Xəbər

Əli Əhmədov: Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı...

İyunun 13-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri açan YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Riyad Rüstəmli Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.

Sonra YAP Gənclər Birliyinin Milli Qurtuluş Günü münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov 15 iyun - Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olduğunu deyib. O bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında görürdü. Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur.

Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş Nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması, əhalinin rifah halının xeyli yaxşılaşması bu inkişafın əsas göstəriciləridir. Qurtuluşdan başlanan tarixi yol bu gün də davam etdirilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.

YAP sədrinin müavini əminliklə bildirib ki, 15 iyun - Milli Qurtuluş Günü növbəti illərdə ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.

Tədbirdə, həmçinin YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmina Yunusova və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev çıxış edərək 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısından danışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm