Nida Xəbər
Azərbaycan tarixinin Heydər Əliyev erası: əsrlərə bərabər 50 il - FOTOKOMPOZİSİYA
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Onlar məhz taleyüklü məqamlarda irəli atılaraq mənsub olduqları xalqı arxalarınca aparır, son nəticədə qalib gəlirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlər sırasına daxildir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 50 il ötür. Xalqımız bu tarixi hadisəni geniş qeyd edir, öz böyük oğlunun misilsiz xidmətlərini bir daha minnətdarlıq duyğuları ilə anır. Çünki Azərbaycanın intibahı və milli şüurun oyanışı bu dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu gün də həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyası dayanır.
Təqdim etdiyimiz kompozisiyada Heydər Əliyevin həyat və fəaliyyətinin ən mühüm məqamlarına, böyük ömrün fotolarda əbədiləşən anlarına nəzər salınır.
Qaranlıqdan aydınlığa. Heydər Əliyevin hakimiyyətə gəlişi həyatın ritmini dəyişdi
Heydər Əliyev dühası 1969-cu ilədək SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi. O, ölkəsini, sözün əsl mənasında, qaranlıqdan aydınlığa çıxardı, ətalət buzunu əritdi. 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi. Ölkəmizin müstəqillik tarixinin, işıqlı yolunun başlanğıcı qoyuldu.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Bir sözlə, Ulu Öndər şüurlarda inqilabi dəyişiklik yaratdı.
Azərbaycan 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevrildi.
On dörd il ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Respublikanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. On mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Ötən əsrin 70-ci illərində Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi.
On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.
Həmin illərdə Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparıldı, görkəmli şair və yazıçıların yubileyləri keçirildi, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldıldı, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkildi.
Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın dahi oğlu böyük cəsarət, siyasi müdriklik nümayiş etdirərək Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxdı.
Bir sözlə, 1969-cu ilin 14 iyulu sadəcə respublika rəhbərinin seçim günü yox, bundan daha çox milli liderin rəhbərliyə gəlişi ilə əlamətdardır.
Heydər Əliyevin həyatının Moskva dövrü. Yüksəliş və həsəd
Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya yüksək vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi.
Digər tərəfdən, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi və belə də oldu. O, şəxsi nüfuzundan və vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. İndi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Dağlıq Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Naxçıvanın qurtuluşu. Heydər Əliyev muxtar respublikanı
siyasi təlatümlərdən və işğaldan qorudu
1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana getdi. Kremlin köləsi olan rəhbərlik onun yolunu kəsdiyi üçün o, doğulub boya-başa çatdığı Naxçıvana üz tutmaq məcburiyyətində qaldı.
Həmin dövrdə Naxçıvanda son dərəcə ağır vəziyyət hökm sürürdü. Bir tərəfdən, iqtisadiyyat dağılaraq iflic olmuş, əhali var-yoxdan çıxmışdı. Digər tərəfdən isə ermənilərin aramsız hücumları situasiyanı daha da mürəkkəbləşdirirdi. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı muxtar respublikanı böyük fəlakətdən qurtardı, işğaldan qorudu.
O vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, Ulu Öndərin Naxçıvan həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.
1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi. Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı, burada Azərbaycanın xilası naminə tədbirlər həyata keçirməyə başlaması təkcə naxçıvanlıların deyil, bütün xalqımızın itməkdə olan inamını özünə qaytardı.
Çağırış. Xilaskarın və inamın qayıdışı
Xalq Heydər Əliyevi təkidlə hakimiyyətə çağırırdı. 1993-cü ilin ortalarında ölkədə yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. 1993-cü il 15 iyunu tarix salnaməmizə Milli Qurtuluş Günü, xilaskarın və onunla birgə inamın qayıdış günü kimi yazılıb. Ümummilli Lider Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
Ölkə iqtisadiyyatına gəlincə, bu sahə də dərin böhran keçirirdi, dövlət xəzinəsi boşalmışdı. Dağılmış sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım gəlirdi. Müdrik şəxsiyyət Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkəni dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı.
Bu inamın əsasında təbii ki, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bununla da tənəzzüldən yüksəlişə doğru çətin, lakin qətiyyətli uğur yolu başladı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.
Tənəzzüldən yüksəlişə gedən yol. Heydər Əliyev xalqın taleyinə günəş kimi doğdu
Azərbaycan xalqının, dövlətinin taleyinə günəş kimi doğan Heydər Əliyevin adı ən yeni tariximizə qızıl hərflərlə yazılıb. Bu dahi şəxsiyyət bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edib. Bu qiymətli ömrün hər anı, hər günü Vətənə, xalqa sədaqətli xidmət nümunəsidir.
Xalqını tükənməz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə fəxr edən Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısıdır. Azərbaycançılıq onun qanında, ruhunda idi. Hər zaman ürəyi xalqı ilə bir döyünən Ulu Öndər azadlıq uğrunda tökülən qanların hədər getməməsi, dövlət müstəqilliyinin bir daha itirilməməsi naminə bütün zəruri tədbirləri görür, böyük cəsarət tələb edən addımları tərəddüdsüz atırdı. Məhz bu tədbirlər, sarsılmaz iradə sayəsində düşmənlərin niyyəti puça çıxarıldı, vahid komandanlığa tabe olan nizami ordu yaratmaq mümkün oldu. Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən, ölkə iqtisadiyyatını ağır böhrandan dinamik inkişaf yoluna çıxaran Ulu Öndər on illər sonra da görüləsi işlərin aydın proqramını verdi.
Ulu Öndər vaxtilə deyirdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Belə də oldu...
İnkişafın yeni mərhələsi. Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir
Dünya azərbaycanlılarının qürur ünvanı, milli intibahın qarantı və xilaskar kimi hələ sağlığında ikən əfsanələşən, həyatının hər məqamı bizim üçün örnək olan Heydər Əliyev nadir dövlət xadimi kimi tarixdə dərin iz qoyub. Azərbaycanın son 50 illik tarixində Ulu Öndərin silinməz imzası var. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasında dayanır. Ümummilli Liderin strategiyası - Azərbaycanın inkişafına və modernləşməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu yolda inamla irəliləyir.
Ulu Öndər hər bir dövlətin varlığının əsasında dayanan iqtisadi inkişafı dövlət həyatının ən vacib amili hesab edirdi. Azərbaycan Heydər Əliyev ideyalarının işığında bu gün iqtisadi cəhətdən dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Həmin inkişafın başlıca yekunlarından biri də Prezident İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapıb: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik”.
Ulu öndər əbədiyyətə qovuşsa da, cismən aramızda olmasa da, tariximizin Heydər Əliyev erası davam etməkdədir, vaxtdan yüksəkdə dayanan Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. İllər ötəcək, dünyaya yeni nəsillər gələcək, zəmanəmizin dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsinə bir-birindən parlaq səhifələr yazılacaq. (Azərtac)
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ