"Azərbaycanda tətbiq edilən bu qaydanı Türkiyə parlamentində qaldıracam" - TBMM-in deputatı
Bizi izləyin

Nida Xəbər

"Azərbaycanda tətbiq edilən bu qaydanı Türkiyə parlamentində qaldıracam" - TBMM-in deputatı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyasının üzvləri növbədənkənar parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, onlar Azərbaycan xalqının sabahlarına sahib çıxaraq istədikləri namizədə səs verdiklərini bildirib.

Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım seçkilərdə qalib gələn namizədləri təbrik edib: "Qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Siyahıda çoxlu sayda gənclərin olması bizi sevindirir. Qafqazın parıldayan ulduzu Azərbaycanın daha da güclü olmasını diləyirəm".

TBMM-in üzvü Orhan Erdem isə bildirib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda müşahidələr aparıblar, bir gün əvvəl isə Qubada seçkiyə hazırlıq prosesini izləyiblər: "Seçkilərin çox sakit və rahat şəkildə keçdiyinin şahidi olduq. Əsas diqqətimi çəkən seçki məntəqələrində polis və hərbi formada olan insanların olmaması idi. Bu özü də vətəndaşların rahatlıqla səs verdiyini göstərirdi. Qısa müddətdə demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir. Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm".

TBMM-in üzvü Yunus Kılıç qeyd edib ki, 1300-dən çox namizədin olması, 19 partiyanın iştirakı seçkinin obyektiv və rəqabətli keçdiyini göstərir: "Müxtəlif seçki məntəqələrində müşahidə apardıq. Orada kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi və ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycan seçkini izləmək üçün çox sayda beynəlxalq müşahidəçi dəvət edib. Bu özü ölkənin açıq və şəffaf olduğunu göstərir. Məntəqələrdə hər kəs seçki prosesini rahat şəkildə müşahidə edə bilirdi".

Y.Kılıç əlavə edib ki, namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıtması demokratiyanın göstəricisidir: "Seçkinin Azərbaycana və bölgəyə uğurlu olmasını diləyirəm".

TBMM-in üzvü İbrahim Aydemir isə Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu vurğulayıb: "Proseslərin normal keçməsi bizi sevindirir. Biz burada Azərbaycanın iftixar duya biləcəyi şəraitin şahidi olduq. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdır".

TBMM-in üzvü Uğur Bayraktutan seçki məntəqələrində kameraların olması, hamının rahat şəkildə prosesi izləyə bilməsi, seçicilərin sərbəst səsverməsi və polislərin məntəqələrdə olmamasını yüksək dəyərləndirdiyini qeyd edib: "Mənə ən çox təsir edən seçki qutularının yanında Azərbaycan bayraqlarının olması idi. Bundan çox təsirləndim, Türkiyədə də seçki zamanı bayraqların qutunun yanına qoyulmasını təklif edəcəyəm. Azərbaycan xalqına, namizədlərə təşəkkür edirəm və ölkənin gələcəyinin aydın olmasını diləyirəm".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm