Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi
Bizi izləyin

Nida Təhlil

Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi

Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla danışıqların tarixi və hüquqi əsasları, eləcə də İrəvanda səsləndirilən revanşist çağırışlarla bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.

Publika.az xəbər verir ki, diplomat bu barədə "Facebook" səhifəsində paylaşım edib.

Zülfüqarov hesab edir ki, Ermənistan parlamentindəki müzakirələr heç bir nəticə verməyəcək və referendum keçirilməyəcək. Onun fikrincə, referendum baş tutarsa, bu, yalnız Ermənistan cəmiyyətinin “revanş istədiyini” nümayiş etdirmək məqsədi daşıyacaq.

Keçmiş nazir diqqətə çatdırıb ki, 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsində Azərbaycan Respublikasının 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək mövcud olmuş Azərbaycan Respublikasının varisi olduğu birbaşa təsbit edilib.

Diplomatın sözlərinə görə, bu müddəa Zəngəzurun, Göyçə gölünün şərq sahilinin və ona bitişik ərazilərin Azərbaycan torpaqları olduğunu göstərir. O bildirib ki, həmin ərazilər bolşevik Rusiyasının işğalçı hakimiyyət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistan SSR-ə verilib.

Tofiq Zülfüqarov vurğulayıb ki, Ermənistan faktiki olaraq Alma-Ata Bəyannaməsinin prinsiplərini tanımırsa, bu halda danışıqların əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı sərhədlər olmalıdır.

Keçmiş xarici işlər naziri paylaşımında süni intellektdən əldə etdiyi tarixi məlumatlara da yer verib. Həmin məlumatlarda Ararat Respublikasının 28 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra elan edildiyi və 1920-ci ilin sonlarında sovetləşdirilənədək mövcud olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, 1918-ci il Batum müqaviləsinə əsasən, respublikanın ərazisi təxminən 11-12 min kvadratkilometr olub. Bu əraziyə İrəvan, Eçmiədzin və Novo-Bəyazid qəzaları, eləcə də Aleksandropol qəzasının bir hissəsi daxil edilib.

Həmçinin bildirilir ki, respublikanın paytaxtı İrəvan şəhəri 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ona güzəştə gedilib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm