Ağazadənin “uğurlu taranı” - o, öz rəqibini zədələdi, amma özünü “yandırdı”
Bizi izləyin

Nida Xəbər

Ağazadənin “uğurlu taranı” - o, öz rəqibini zədələdi, amma özünü “yandırdı”

Hələ 20 gün öncə, 9 fevral parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının qızğın çağında 35 saylı Xətai III seçki dairəsindəki situasiya ilə bağlı yazılan yazılarda belə bir ifadə var idi ki, Ümid partiyasının sədri İqbal Ağazadə deputat mandatı qazanmaq istəyəndən çox, “vurulmuş təyyarə” kimi tarana gedənə oxşayır, özüylə bərabər başqa namizədin də mandat qazanmasına maneçilik törətmək fikrindədir.

Yüzdəyüz dəqiqliklə, eynilə yazıldığı kimi oldu. Ölkəyə səs salan, paytaxtdakı bütün seçki dairələrindəki rəqabəti kölgədə qoyan qıran-qırana yarışmanın, qızğın və gərgin seçki kampaniyasının sonunda həmkarımız Rauf Arifoğlu qalib gəldi, İqbal Ağazadə və tərəfdarları isə bu məğlubiyyətlə barışmayaraq mediada, sosial şəbəkədə geniş miqyaslı etiraz və qaralama-pisləmə kampaniyası apardılar, şikayət etdilər, axırda MSK 35 saylı seçki dairəsinin nəticələrini ləğv etməli oldu.

“İqbal Ağazadə tarana gedir” deyəndə bunu nəzərdə tuturduq. Bu gün 35 saylı seçki dairəsində qalib yoxdur, mandat ortada qalıb, lakin tərəflərdən biri atəşfəşanlıq edir. Özünü ona yaxın sayanlar Ümid partiyasının qərargahına gəlir, gözaydlnlığı verir, təbrik edir, qol-boyun şəkil çəkdirir, İqbal Ağazadənin şəninə təriflər söyləyirlər. Sanki o, 95 faiz səs qazanaraq, böyük üstünlüklə qalib gəlib. Bəziləri eyforiyaya qapılaraq, arzu və məramlarında daha da irəli gedirlər. “İqbal Ağazadə deputat seçilməlidir və spiker olmalıdır” deyənlər, “İqbal Ağazadə prezident olmalıdır” fikrində olanlar var.

O qədər əmək, enerji, vaxt, vəsait sərf edən Ümid sədrinin seçkidən əldə etdiyi yeganə qazanc isə 35 saylı dairənin mandatının boşda qalmasıdır. Vəssalam. Onun və partiyasının üzvlərinin sevinc mənbəyi isə bizim öncədən proqnozlaşdırdımız məsələnin – taranın uğurlu alınmasıdır.

Həqiqətən də İqbal Ağazadə öz “vurulmuş təyyarəsi”ni son anda Rauf Arifoğlunun uğurla pistə eniş etmiş “təyyarəsi”nə çırpa bildi. Hər iki “təyyarə” zədə aldı. Ancaq bir fərqli durum var – taran anında Rauf Arifoğlu “təyyarə”dən kənardaydı, İqbal Ağazadə isə zədələnən təyyarənin içindəydi. Ona görə də R.Arifoğlu yeni “uçuş”a - elan ediləcək təkrar seçkilərə qatılacağını bildirib, İqbal Ağazadə güruhu isə tərəddüd içindədir.

Bu dəfə təkrar seçkilərə qatılmaq, uğur qazanmaq onlara daha çətin olacaq. Bir ay öncə eyni soyadlı klon namizədlərlə ortalığı qarışdıra bilsələr də, böyük ehtimalla bu dəfə eyni kartlarla oynaya bilməyəcəklər. “Təxribarçı qadınlarla rəqibin görüşlərini pozmaq” avantürası da, məntəqə seçki komissiyalarındakı gizli adamların imkanlarından yararlanmaq cəhdləri də bu dəfə effektiv olmayacaq. Çünki artıq hər kəsin döyüş cəbbəxanasında nələrin olduğu açıq-aydın bilinir.

Əslində 35 saylı seçki dairəsində elə ilk günlərdən, hətta Arifoğlunun öz namizədliyini hansı dairədən irəli sürdüyü barədə informasiyanın yayıldığı ilk dəqiqələrdən aqressiv və pozucu tərəfin hansı olduğu bariz şəkildə ortadaydı. Ümid partiyasının 35-ci dairəni öz bastionuymuş kimi görməsi, buradan kiminsə mandata iddia etməsinin dairənin ərazi bütövlüyünü pozmağa cəhd kimi qələmə verməsi tamamilə destruktiv mövqeydi və aydın idi ki, bu aqressiyanın davamı gələcək. Elə də oldu. Hətta seçki günü də “ümid”çilərin aqressiya dolu təxribatları davam etdi.

Bununla belə, 35 saylı dairə heç də total saxtakarlıqların yer aldığı dairə deyildi. Əksinə, ölkədə ciddi yarışma, dürüst səsvermə getmiş az-az dairələrdən biriydi. Hər halda “karusel əməliyyatı” olmamışdı, qutulara topa bülletenlər atılmamışdı (bir neçə xoşagəlməz epizodlar xaric). Yəni dairənin nəticələri ləğv edilməyə bilərdi. Eyni məntiqlə daha açıq-aşkar saxtakarlıqlar, pozuntular, neqativ hallar olmuş 100-dən artıq dairənin nəticəsi ləğv edilə bilərdi. Lakin MSK nəyə görəsə nəticələrini ləğv etdiyi ilk dörd dairənin içinə 35 saylı Xətai dairəsini də saldı.

Görünür, bu dairədəki mübarizənin ilk gündən gərgin, höy-küylü, söz-söhbətli, intriqalı olduğunu nəzərə aldılar. Total saxtakarlığın olduğu, amma nəticələrinə görə heç kəsin mübahisə etmədiyi dairələrdənsə, dilə-düşmüş dairənin nəticəsini ləğv etmək daha məqsədəuyğun hesab ediildi.

Bəs 2015-ci ildən sonra gözdən düşmüş, iqtidar düşərgəsindən aldığı siyasi və informativ dəstəkdən məhrum olmuş İqbal Ağazadə indi nəyə ümid edir? O, hakimiyyətin valı dəyişərək, ona yenidən etimad göstərəcəyini güman edirsə, bu dəfə personasına rəğbət yaranacığına ümid bəsləyirsə, yanılır. Prinsipcə, o, 3 dəfə mandat bəxş edilmiş biri kimi haray-həşir salmalı deyildi, əgər hakimiyyət dairələrində 35 saylı dairənin seçicilərinin mandatının bu dəfə başqa adama verilməsinə dair qərar vardısa və o şəxs kifayət qədər uğurlu kampaniya aparıb xalqın səsini qazanmışdısa, Ağazadənin bunu sabotaj etməsi o demək oldu ki, o “vurulduğu” təyyarədə öz gələcək şanslarını da yandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm