Əsas məqsəd vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır - Deputat
Bizi izləyin

Nida Xəbər

Əsas məqsəd vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır - Deputat

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa və bu virusun əhali, hər bir fərd üçün yaratdığı fəsadlarına qarşı mübarizə aparılır. 2020-ci ilin fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan sərt antiepidemiya tədbirləri ilkin mərhələdə öz bəhrəsini verməyə başlamışdı. Koronavirus infeksiyasından sağalananların sayı xəstələnənlərin sayını üstələyirdi. Yeni tip virusdan ölənlərin sayı isə xəstələnənlərin cəmi 1 faizi ətrafında idi ki, bu da dünyanın 150-dən çox ölkəsinin orta statistik göstəricisindən 5 dəfə yaxşı idi”.

Publika.az xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və beynəlxalq səviyyəli bir sıra ekspertlərin araşdırmalarına görə, əgər Azərbaycan pandemiyaya qarşı mübarizənin ilkin nəticələrini axıracan saxlaya bilsə, iyunun 14-nə qədər ölkəmizdə koronavirusa yoluxanların sayı sıfıra yaxınlaşacaq və bu bəladan az itki ilə çıxmaq mümkün olacaq:

“İlkin müsbət meylləri nəzərə alaraq ölkədə karantin rejiminin tədricən yumşaldılmasına başlanıldı. Bununla belə görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması və müəyyən olunmuş qaydalara riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnib. Görünür, bir tərəfdən sosial məsəfənin saxlanılması zəruri olan yerlərdə buna riayət edilməməsi, digər tərəfdən isə insanların bir hissəsinin epidemiya ilə mübarizə qaydalarına ümumiyyətlə məhəl qoymaması yenidən ölkəmizdə koronavirusa tutulanların sayının sürətlə artmasına gətirib çıxarıb. Əgər əvvəlki mərhələdə koronavirus infeksiyasından sağalananların sayı xəstələnənlərin sayını əhəmiyyətli dərəcədə üstələyirdisə, son vaxtlar əks proses gedir. Buna görə də aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edildi”.

Deputat əlavə edib ki, yaranmş vəziyyətdən tez və az itki ilə çıxmaq üçün bir tərəfdən tənzimləmə mexanizminin səmərəliliyini artırmaq istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var, digər tərəfədən isə hər kəs özünü, ailə üzvlərini, yaxınlarını, eləcə də ətrafında olan insanları düşünməli, karantin rejimi qaydalarına və tövsiyələrə əməl etməklə bu bəlanın daha geniş vüsət almasına imkan yaratmamalıdır:

“Beynəlxalq praktika sübut edib ki, epidemiyaya qarşı mübarizədə ən etibarlı üsul bir müddət təcrid, sonra isə karantin rejimi qaydalarına əməl etmək, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək və digər bu cür üsullardan istifadədir. Ona görə də polisə müqavimət götərməklə yox, koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərin, polislərin əməyini layiqincə qiymətləndirməklə, Operativ Qərargahın tövsiyə və çağırışlarına əməl etməklə bu bəladan qurtula bilərik. Operativ Qərargahın həyata keçirdiyi tədbirlərin ali məqsədi hər bir ölkə vətəndaşının sağlamlığının və həyatının qorunmasıdır. Unutmayaq ki, müharibə vəziyyətində olan, qarşısında ərazi bütövlüyümüzü bərpa etmək kimi taleyüklü bir vəzifə duran xalq, onun hər bir üzvü üçün nizam-intizam qaydalarına əməl etmək ikiqat önəm daşıyır. Koronavirusa qarşı effektiv, güvənli mübarizədə biz birlikdə güclüyük. Ona görə də hər kəsi Operativ Qərargahın tövsiyə və çağırışlarına əməl etməklə özünü, ailə üzvlərini, yaxınlarını, eləcə də ətrafında olan insanları qorumaqla koronavirusla mübarizəyə öz töhfəsini verməyə çağırırıq”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm