“Palmali”dən Mənsimovun adından istifadə edənlərlə bağlı SƏRT BƏYANAT
Bizi izləyin

Nida Xəbər

“Palmali”dən Mənsimovun adından istifadə edənlərlə bağlı SƏRT BƏYANAT

“Palmali Holding”in qurucusu Mübariz Mənsimovun əsassız həbsindən sonra bir sıra siyasətçilər, mühacirətdə olan müxbirlər, müxalifyönlü blogerlər müdafiə xarakterli yayımlar etməyə, yazılar yazmağa və qruplar yaratmağa başladılar. Əvvəl bunların müdafiə xarakterli olduğunu görsək də, sonradan məqsədlərinin başqa istiqamətlərə doğru getdiyinin şahidi olduq.

Publika.az xəbər verir ki, bu sözləri “Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva qeyd edib.

O bildirib ki, zaman keçdikcə bu qruplarda aqressiv şəkildə dövlət siyasətinə zidd bəyanatlar, əxlaqsız video, səs yazıları və xəbərlər paylaşılmağa başlanıb: “Qəti şəkildə bəyan edirik ki, “Palmali” hər zaman Azərbaycanın, Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. Bu şəxslər heç bir halda “Palmali”nin rəsmi mövqeyini təmsil etmirlər. Bundan narahatlığımızı gizlətmirik və hətta Mübariz Mənsimovun sərt reaksiyasını da ictimaiyyətə çatdırmışıq. Mübariz Mənsimov hər zaman dövlətinin yanında olub və vətəninə zərrə qədər zərər verəcək, sabitliyi pozacaq heç bir addımı dəstəkləməyib. Məsələnin ifrat dərəcədə siyasiləşməsi və çirkinləşməsi bizi şirkət olaraq çox narahat edir”.

F.Quliyeva şirkət adından bunları bəyan edib: “Bizim rəsmi məlumatlar və rəsmi mövqeyimiz rəsmi sosial media səhifəmizdə və mətbuat katibliyi səviyyəsində ictimaiyyətə çatdırılır. Şirkət tərəfindən yayımlanan bəyanatlar və xəbərlər yalnız və yalnız bu səhifələrdən və Mübariz Mənsimovun şəxsi sosial media hesablarından götürülməlidir. Birmənalı şəkildə vurğulayırıq ki, “Mübariz Mənsimov” adı altında sosial mediada və internet kanallarında təşkil olunan verilişlərə, orada səslənən istənilən fikirlərə görə “Palmali” məsuliyyət daşımır.

Biz hüquqi dövlətdə yaşayırıq və burada hər şey qanun çərçivəsində həll olunur. Türk ədalətinin düzgün qərar verəcəyinə əminik. Bir daha Mübariz Mənsimovu dəstəkləyən hər kəsə təşəkkür edir, qarşısında baş əyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm