Azərbaycan və Türkiyə vətəndaşları Ali Baş Komandan İlham Əliyevə yazırlar
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə vətəndaşları Ali Baş Komandan İlham Əliyevə yazırlar

Azərbaycan və Türkiyə vətəndaşları Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlardan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində əldə etdiyi uğurlarla bağlı Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıblar.

Publika.az xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.

Belə ki, Cəbrayıl rayonu, Böyük Mərcanlı kənd sakini Tural Quliyev doğulduğu kəndin düşmən işğalından azad olunmasını böyük sevinclə qarşıladığını bildirərək deyib: “Hörmətli Ali Baş Komandan, mən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini olaraq doğulduğum ildən Vətən həsrəti ilə yaşayıram. Bu gün mənim doğum günümdə mənə və ailəmə doğulduğum Böyük Mərcanlı kəndini hədiyyə etdiyiniz üçün sevincimizin həddi hüdudu yoxdur. Nəhayət ki, Sizin və ordumuzun şücayətiniz sayəsində bütün Azərbaycanın neçə illərdir ki, həsrətlə gözlədiyi gün gəlib çatmışdır. Yağı düşmən layiqli cəzasını Sizin əmrinizlə almışdır. Mənim doğum günümdə belə şərəfli, ləyaqətli və tarixə düşmüş hədiyyəni bizim ailəyə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, sayənizdə yaxın günlərdə Azərbaycan öz tarixi torpaqlarına tamamilə qovuşacaqdır. Hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın cənab Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu”.

Saatlı rayonundan Mirkamal Zeynallı məktubunda Azərbaycan Ordusunun düşmənə layiqli cavabını verəcəyinə əminliyini bildirib: “Bildiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarmız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Çox şükürlər olsun ki, Sizin tapşırıqlarınıza əsasən, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb. Azərbaycan Ordusu düşmənə layiqli cavabını verəcək, öz ərazi bütövlüyünü qoruyacaq. Siz qeyd etdiyiniz kimi, bu bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Cənab Ali Baş Komandan, Allah Sizi qorusun, Allah Azərbaycan Ordusunu qorusun”.

Bakı şəhərindən Qarat Qaratov qeyd edib: “Bu gün xalqımız öz tarixinin şanlı səhifəsinin qürur və fərəh dolu anlarını yaşayır. Bu unudulmaz hissləri bizə yaşatdığınız üçün, güclü, nizamlı bir ordunun qurucusu olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman xalqın, vətəndaşın əsl sirdaşına, dostuna çevrilmisiniz. Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda öz çevik qərarlarınızla respublikanın hər bir vətəndaşının sağlamlığının keşiyində durursunuz. İnsanlara, vətəndaşlara göstərdiyiniz humanist münasibət dünyaya örnəkdir. Biz əminik ki, Cocuq Mərcanlı qələbəsi ilə başlanan şanlı Azərbaycan ordusunun tam qələbəsi və zəfəri xəbərini tezliklə məhz Siz bizə çatdıracaqsınız. Qoy uca Tanrı Azərbaycan dövlətini, Sizi və dövlətçiliyimizin daim yüksəklərdə olmasını diləyənləri qorusun. Xalq Sizinlədir, cənab Ali Baş Komandan”.

Türkiyə Respublikası, Şanlıurfa şəhərindən Babacan Eyüp deyib: “Hörmətli cənab Prezident! İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq. Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram”.

Türkiyə Respublikasının Konya şəhərindən Ömər Ulusoy Azərbaycanın Ali Baş Komandanına müraciətində ölkəmizə gəlib vuruşmağa hazır olduğunu bildirib: “Hörmətli cənab Prezident! Sizi və xalqınızı salamlayaraq ölkənizin təcavüzə uğradığı bu günlərdə yanınızda olduğumu, düşmənə layiqli cavab verərək qələbə çalacağınıza əmin olduğumu bildirmək istəyirəm. Biz iki dövlət, bir millətik. Buna görə də, ölkənizə gəlib qanımın son damlasına qədər vuruşmağa, qardaşlarıma dəstək verməyə hazıram. Qələbə sevincini bir yerdə yaşamaq arzusu ilə əmrinizi gözlədiyimi bildirirəm”.
Lerik rayon sakini Əlizamin Rzayev bildirib ki, yaşadığı rayonun bütün gəncləri hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyir: “Möhtərəm cənab Prezident! Bir yumruq kimi ətrafınızda sıx birləşmişik. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə mənfur qonşularımızı üstələyir, regionun ən güclü dövlətinə çevrilmişdir. Cəbhə xəttində erməni təxribatlarının qarşısının ordumuz tərəfindən uğurla alınması, düşmənə sarsıdıcı zərbələr endirilməsi bunu bir daha sübut edir. Bütün bunlar bizi ruhlandırır. Hər zaman Sizin, şanlı ordumuzun yanındayıq, cənab Ali Baş Komandan. İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün əmrinizi gözləyirik, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımızdan və qanımızdan keçməyə hər an hazırıq”.

Türkiyə Respublikası, Bursa şəhərindən Dəmirəl Hüseyin Mehmet oğlu məktubunda qeyd edib: “Hörmətli cənab Prezident! Vətənin müdafiəsi və düşmənə cavab zərbəsi endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizi təbrik edirəm. Bir türk vətəndaşı olaraq, qardaş Azərbaycanın bu çətin günündə ya ön cəbhədə, ya da arxa cəbhədə kömək etmək üçün Sizin əmrinizdəyəm. Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik”.

Türkiyə Respublikasının İzmir şəhərindən Abdurrahim Bayram hər zaman Azərbaycanın yanında olduğumnu bəyan edib: “Hörmətli cənab Prezident. Bir türk olaraq, çətin günlərində hər an can Azərbaycanımızın yanında olduğumu bəyan edirəm. Ümumi Vətənimizin azadlığı naminə əsgərlik vəzifəmi yerinə yetirməyə hazıram. Əminəm ki, Azərbaycanın hər bir qələbəsi bütün azərbaycansevərləri ürəkdən sevindirəcək.Tezliklə dünyanın Azərbaycanla bağlı sevindirici xəbərləri duyacağını bilirəm və qələbələrin qazanmasında iştirakımla qürurlanacağımı ərz edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm