
Yanvarın 24-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.
Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.
Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.
Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.