Bu qanuna yeni maddə əlavə edildi
Bizi izləyin

Nida Xəbər

Bu qanuna yeni maddə əlavə edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, layihəni deputat Arzu Nağıyev təqdim edib.

Qeyd edək ki, qanuna yeni 20.14 maddəsi artırılıb. Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Fazil Mustafa deyib ki, Azərbaycanda 44 günlük savaşda kəşfiyyat və əks-kəşfiyyatda çalışanların böyük xidməti olub: “Onların gördüyü işi alqışlayırıq. Onların adı çox zaman çəkilmir, amma böyük işlər görürlər. Onların sosial problemləri, maaşları, təminatı həll edilməlidir. Əli Nağıyev bu xidmətə təyin ediləndən sonra bu sahədə yeni dövr başladı. Sahibkarları soyan, repressiya edən qurumdan Azərbaycan dövlət maraqlarını qoruyan, peşəkar qurum gördük. Bu da müharibə zamanı özünü göstərdi. Amma biz bu gün bir sıra qanunlarda cərimələrlə bağlı dəyişiklik etdik. Hər şey büdcəyə toplanmalı, oradan ayrılmalıdır. Mən təklif edirəm ki, büdcədən əks-kəşfiyyata daha çox maliyyə ayıraq, başqa imkanlarını artıraq”.

Siyavuş Novruzov bildirib ki, müharibə zamanı təhlükəsizlik qüvvələri böyük işlər görüb, Azərbaycanda bir təxribat belə baş vermədi: “Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların sosial problemləri, mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Hesab edirəm ki, 5% azdır. Elə işlər var ki, dərhal yerinə yetirilməlidir. Bəzən bir avtomobil almaq üçün 5 dəfə Maliyyə Nazirliyinə getmək lazım gəlir. Bu, yalnız xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial problemləri ilə bağlı deyil. Hesab edirəm ki, qanun qəbul edilməlidir”.

Komitə sədri Ziyafət Əsgərov isə qeyd edib ki, xüsusi xidmət orqanları sutkada 24 saat işləyir: “Mən burada 5 faiz məsələsində qeyri-adilik görmürəm. Hətta Siyavuş müəllimin fikrini dəstəkləyirəm ki, 5% azdır”.

Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm