Adaya 11 qoç buraxıldı - 40 il sonra fəlakət baş verdi
Bizi izləyin

Avropa

Adaya 11 qoç buraxıldı - 40 il sonra fəlakət baş verdi

Adaya 11 qoç buraxıldı - 40 il sonra fəlakət baş verdi

Tenerife Kanar adaları arxipelaqının ən böyük adasıdır və geniş ictimaiyyətə, ilk növbədə, böyük turizm mərkəzi kimi tanınır. Lakin insanların yarım əsrdən çox əvvəl yol verdiyi bir səhv səbəbindən bu adanın ekosistemi fəlakət həddinə çatıb.

Publika.az “La Nacion” nəşrinə istinadla xəbər verir ki, 1971-ci ildə adaya muflon kimi tanınan, cütdırnaqlılar fəsiləsinə aid 11 vəhşi qoç buraxılıb. Məqsəd idman ovçuluğunu inkişaf etdirmək olub.

Heyvanlar dağlıq ərazidə yaşamaq və çoxalmaq üçün əlverişli şərait tapıblar. Lakin Tenerifedə onların sayının artmasının qarşısını ala biləcək təbii yırtıcılar olmayıb. Bundan əlavə, heyvanların sayına nəzarət etmək üçün zəruri mexanizmlər əvvəldən nəzərdə tutulmayıb.

“Nəticədə, Tenerifedə idman ovçuluğuna şərait yaratmaq məqsədilə başlanılan layihə qırx il ərzində Kanar adalarının ən unikal ekosistemlərindən biri üçün ekoloji kabusa çevrilib”, – nəşr yazır.

Muflonların əsas təhlükəsi endemik bitkilər üçün yaratdığı təhlükədir. Bu bitkilərin bir qismi təbii şəraitdə yalnız Tenerifedə bitir. Heyvanların intensiv otlaması bitki örtüyünün bərpasına, xüsusilə nadir Teide bənövşəsinin yayılmasına mane olur. Bundan başqa, muflonlar torpağı tapdalayaraq eroziya proseslərini sürətləndirir və minilliklər ərzində coğrafi təcrid şəraitində formalaşmış ərazinin təbii tarazlığını pozurlar.

Muflonlar əlçatmaz dağlıq ərazilərdə yaşamağa yaxşı uyğunlaşıblar. Buna görə də onların sayına nəzarət etmək fiziki baxımdan olduqca çətindir.

Yerli təbiətə vurduqları zərərə görə muflonlar İspaniyanın İnvaziv Yad Növlər Kataloquna daxil edilib. Hazırda müvafiq qurumlar heyvanların sayını azaltmaq və adanın unikal florasını qorumaq məqsədilə onların populyasiyasına nəzarət proqramları həyata keçirirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm