Aİ-nin Ermənistandakı müşahidə missiyası: 8 sual və cavab
Bizi izləyin

Nida Xəbər

Aİ-nin Ermənistandakı müşahidə missiyası: 8 sual və cavab

Oktyabrın 20-dən Azərbaycanla sərhədin Ermənistan tərəfində Avropa İttifaqının (Aİ) müşahidə missiyası (tutumlu) fəaliyyətə başlayıb.

Publika.az bununla əlaqədar olaraq missiya ilə bağlı müxtəlif mənbələrdən topladığı faktları sual-cavab formasında təqdim edir.

1. Nə üçün Aİ Ermənistana müşahidəçilər göndərir?

Aİ-nin müşahidə missiyası Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmaya müvafiqdir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin təklifi ilə monitorinq missiyasının yaradılması ilə bağlı qərar oktyabrın 17-də Aİ Xarici Əlaqələr Şurası tərəfindən qəbul edilib.

İlk müşahidəçi-ekspertlər oktyabrın 20-də yerdə fəaliyyətə başlayıblar. Missiyanın mandatına iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Aİ-nin daha əsaslı dəstəyini təmin etmək üçün Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi daxildir.

2. Aİ-nin müşahidəçiləri Ermənistanda nə edəcək?

Aİ-nin Ermənistandakı müşahidə potensialı aşağıdakı iki əsas vəzifəni yerinə yetirəcək:

1) hər iki tərəfin atəşkəs rejiminin saxlanması öhdəliyinə riayət etməklə Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə dəstək vermək;

2) Aİ qrupu hərbi mövqelər və atəşkəslə bağlı hadisələrə dair müntəzəm və situasiya hesabatları vasitəsilə Ermənistan və Azərbaycan arasında sərhəd rayonlarındakı vəziyyəti izləyəcək. Bu, Aİ-nin sərhəd komissiyalarının işinə hər iki tərəfdən daha obyektiv dəstək göstərməsinə imkan verəcək.

Aİ-nin Ermənistandakı müşahidəçi potensialı Ermənistan və Azərbaycan arasında sərhəd rayonlarında yerləşən hərbi mövqelər, atəşkəs rejimi ilə bağlı proseslər barədə məruzə edəcək. Aİ müşahidəçiləri həmçinin, ikitərəfli sərhəd boyunca baş verən insidentlər, o cümlədən insan hüquqları sahəsində baş verənlərə dair müşahidələr aparacaqlar. Onlar təhqiqatın aparılmasında iştirak etməyəcəklər.

3. Aİ-nin müşahidə mərkəzinin dəqiq yerləşmə yeri haradır?

Məsuliyyət zonası Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin Ermənistan tərəfidir.

4. Aİ-nin müşahidə potensialı hərbi missiyadırmı?

Yox. Yalnız mülki müşahidəçilər yerləşdiriləcək.

5. Aİ-nin müşahidə potensialının tərkibi necə olacaq?

Qrup iki ay müddətinə yerləşdiriləcək maksimum 40 Avropa İttifaqı mülki müşahidəçi-ekspertindən ibarətdir.

6. Aİ-nin analoji müşahidəçiləri Azərbaycanda da yerləşdiriləcəkmi?

Yox. Aİ-nin müşahidə məntəqəsi Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin Ermənistan tərəfində yerləşəcək.

7. Aİ-nin Gürcüstandakı müşahidə missiyasının Aİ-nin Ermənistanda müşahidə potensialının yerləşdirilməsində rolu nədən ibarətdir?

Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) ekspertləri Gürcüstanda yerləşdirilib. Məqsəd Aİ-nin müşahidə potensialının sürətlə genişlənməsini təmin etməkdir. Gürcüstandakı EUMM qərarın Gürcüstanda müşahidə imkanlarına mənfi təsir göstərməməsi üçün operativ addımlar atır. EUMM Gürcüstanda bütün operativ istiqamətlər üzrə fəaliyyətini davam etdirəcək.

Bura Gürcüstanda və bütövlükdə regionda sabitliyi təmin etmək üçün inzibati sərhədlər boyunca hər gün sutkanın 24 saatı ərzində monitorinqin aparılması daxildir.

8. Aİ-nin müşahidəçiləri və ATƏT-in qiymətləndirmə missiyası əməkdaşlıq edirmi?

Avropa İttifaqı bildirir ki, bu iki missiya ayrıdır və fərqli mandata malikdir. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 20-də yaydığı açıqlamada ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası adlandırılan hər hansı qrupun ATƏT mandatına malik olmadığı, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilinməyəcəyi, onun heç bir nəticəsi və ya hesabatının ATƏT sənədi kimi qəbul edilməyəcəyi vurğulanıb. Qeyd olunub ki, Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək.

Aİ-nin Ermənistandakı nümayəndəliyi bildirib ki, Aİ-nin müşahidəçiləri bütün müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əlaqə saxlamağı dəstəkləyəcək. Aİ-nin müşahidə potensialı ilə ATƏT-in göstərdiyi səylər arasında heç bir təkrarçılıq yoxdur.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm