Ermənistanın yeni sülh təklifindəki tələblər: Azərbaycan buna gedə bilməz - Video
Bizi izləyin

Nida Xəbər

Ermənistanın yeni sülh təklifindəki tələblər: Azərbaycan buna gedə bilməz - Video

09:08

Bildiyiniz kimi artıq 2 ildir ki, Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini göndərib. Bəllidir ki, layihədə ilk növbədə 5 prinsip əksini tapıb. Hazırda bu mətn üzərində iş gedir. Təbii ki, tərəflər öz mövqelərinə aid olan düzəlişlər təklif ediblər.

Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı üçün prinsipial məsələ Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü heç bir istisna olmadan tanımasından ibarətdir: “Ancaq Ermənistan ayrı mövqedədir. İrəvanda hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma Qarabağa aid hansısa danışıqlar olmalıdır. Əvvəllər deyirdilər ki, statusa aid danışıqlar davam etdirilməlidir. İndi isə adını çəkməsələr də, deyirlər ki, danışıqlar Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunması məqsədilə aparılmalıdır və bu prosesdə hansısa beynəlxalq vasitəçinin iştirakı təmin olunmalıdır. Təbii ki, Azərbaycan buna gedə bilməz və getməyəcək. Artıq bəyan edilib ki, Azərbaycan Qarabağdakı məsələləri özünün konstitusion prinsipləri əsasında həll etmək niyyətindədir və bu, onun daxili işidir. Yəni reinteqrasiya prosesi heç bir danışıq tələb etmir”.

Tofiq Zülfüqarov qeyd edib ki, hazırda poçt diplomatiyası, yaxud poçt əsasında işin getməsi uzun vaxt aparacaq: “Biz burada görürük ki, ilk növbədə Ermənistan öz köhnə mövqeyindən əl çəkmək istəmir. Bu və ya digər şəkildə çalışır ki, anneksiya siyasətini davam etdirsin. Yəni Qarabağa iddiaları müxtəlif formada yenidən təqdim olunur. Bunların perspektivinin olmasına, hansısa nəticə verməsinə, açığı mən inanmıram”.

Keçmiş XİN başçısı qeyd edib ki, hazırda beynəlxalq gündəmdə Münhen Təhlükəsizlik Konfransının keçirilməsidir və bu çərçivədə görüş gözlənilir: “İstisna olunmur ki, orada cənab prezident və baş nazir görüşəcəklər. Eyni zamanda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər görüşlərin də olması gündəmdədir. Biz bilirik ki, orada ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və digər nüfuzlu şəxslər iştirak edəcək. Təxminən vəziyyət belədir. Yəni Paşinyanın fevralın 16-da hökumətin iclasında dediyi kimi Azərbaycana hansısa sənədin göndərilməsi Ermənistanın təşəbbüsü deyil. Sadəcə olaraq Azərbaycanın təklifinə cavab olaraq onlar öz qeydlərini göndəriblər. Amma həmişə olduğu kimi bu qeydlər o şəkildə verilir ki, orada hansısa real nəticə əldə etmək mümkün olmur”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm