“Ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır” - Kamaləddin Qafarov
Bizi izləyin

Nida Xəbər

“Ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır” - Kamaləddin Qafarov

“İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio Beynəlxalq Forumunda əsas qonaq qismində iştirak edib. Məlumdur ki, bu nüfuzlu forumun işinə bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar”.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur:

“Bu Mərkəz eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. “The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir”.

K.Qafarov Forumun açılış sessiyasında çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu diqqət mərkəzinə çəkdiyini xüsusi vurğulayıb:

“Qlobal Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında cənab Prezident İlham Əliyev “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxış edib. Öz çıxışında dövlətimizin başçısı ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu diqqət mərkəzinə çəkib. Cənab Prezident bildirib ki, bu gün enerji təchizatı məsələlərinin prioritet kimi müəyyənləşdirilməsi ölkələrin milli təhlükəsizliyinin enerji təhlükəsizliyi ilə sıx bağlı olduğunu açıq şəkildə nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini qeyd edən cənab Prezident bu ölkələrin yeddisinin Avropa İttifaqının üzvü olduğunu da xüsusi vurğulayıb. Dövlət başçımızın çıxışında Azərbaycan-İtaliya münasibətlərinə də xüsusi yer ayrılmışdır. Cənab Prezident bu əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayaraq bildirdi ki, bu gün Azərbaycanda İtaliya-Azərbaycan Universitetinin fəaliyyət göstərməsi də ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin növbəti bariz nümunəsidir. Bu universitetdə təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər. Onu da xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Çernobbio Beynəlxalq Forumuna əsas qonaq kimi dəvət olunması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü kimi qiymətləndirilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm