Nida Xəbər
Stanonun Ermənistan mətbuatına 4-cü uğursuz müsahibəsi - Nələri təhrif edib?
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano Ermənistanın dövlət agentliyi armenpress-ə müsahibə verib. Aİ rəsmisi müsahibəsində iddia edib ki, “müşahidə missiyası” Ermənistan hakimiyyətinin tələbi ilə fəaliyyətə başlayıb, mülki və silahsızdır, məqsədi də regiona sülh gətirməkdir. O, missiyanı “qərəzsiz” adlandırıb və bildirib ki, “missiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına əlverişli şəraitin yaradılmasına kömək etməkdə əhəmiyyətini sübut edib”.
Publika.az xəbər verir ki, Faktyoxla Lab. Peter Stanonun iddialarına aydınlıq gətirməyə çalışıb.
Əvvəla, bildirək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Ermənistanın rəsmi teleqraf agentliyinə son iki ildə sayca dördüncü açıqlamasıdır və bütün müsahibələri agentliyin Avropa təmsilçisi Lilit Qasparyan götürüb.
Bu jurnalist isə hadisələrə birtərəfli və qərəzli yanaşması, yönləndirici, sualların qoyuluşu və həmsöhbətini psixoloji basqıda saxlaması ilə tanınır.
Beləliklə, 27 sentyabr 2024-cü il tarixində armenpress-də dərc olunan “Müdafiə potensialı üzərində işləmək və tərəfdaşlarını seçmək Ermənistanın suveren hüququdur: Aİ rəsmisi” başlıqlı müsahibədə P.Stanonun bildirdiyi bu fikirlərə aydınlıq gətiririk.
Yanlışlıq 1. "Missiya Ermənistan hakimiyyətinin tələbi ilə işə salınıb və yalnız beynəlxalq səviyyədə tanınmış ikitərəfli sərhədin Ermənistan tərəfində fəaliyyət göstərir. Bu, aydın müəyyən edilmiş mandata malik qərəzsiz missiyadır".
Bizim şərh: Peter Stanonun bu açıqlaması tamamilə səhvdir. Aİ missiyasına dair razılaşmada açıq qeyd olunurdu ki, Ermənistanın tələbi ilə yox, 2022-ci ildə Azərbaycanın da iştirak etdiyi Praqa görüşündə əldə olunub. Missiyasının iki ay yarım müddətində Ermənistanın Azərbaycanla sərhəd bölgəsində fəaliyyət göstərəcəyi rəsmi Bakı ilə də razılaşdırılıb.
Həmin dövrdə proses belə davam edib: 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilmişdir. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində fəaliyyət göstərəcək. (mənbə). Onun məqsədi etimad yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi.
Ancaq sonradan, yəni dekabrın 20-də rəsmi İrəvan missiyanın müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, EUMA 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Missiyada, təxminən, 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi. istinad
Göründüyü kimi, Missiya Ermənistan və Azərbaycan arasında etimad yaradılması və sərhəd komissiyalarının işinə töhfə vermək olan EUMA-nın fəaliyyəti iki ölkə arasında etimadın yaradılmasına zərbə vurub. Prezident İlham Əliyevin qiymətləndirməsi də bu yöndədir.
Prezident İlham Əliyev hələ 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində məsələ ilə bağlı fikirlərini açıqlamışdı. Dövlətimizin başçısı demişdi: “Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı. Bu da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə.”
Prezident İlham Əliyevin ətraflı şərhində P.Stanonun iddiasına cavab var. Yəni Stanonun iddia etdiyi kimi, Missiyanın məqsədi həqiqətən də mülkidirsə, sülhə nail olmağa xidmət edirsə və qərəzsizdirsə, uzunmüddətli fəaliyyətə başlamaq məsələsində Azərbaycanın mövqeyi nəzərə alınmaması deyilənlərin yalan olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, missiya Ermənistanda olsa da, Azərbaycanla sərhəddə fəaliyyət göstərdiyi üçün birbaşa Azərbaycanın mövqeyi tanınmalı idi, bunun nəzərə alınmaması, missiyanın heç də qərəzsiz olmadığını göstərir.
“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin bu qərarını tənqid edərək əməkdaşların sayının “özbaşına genişləndirildiyini” demişdi. Nazir Ermənistandakı monitorinq missiyasının Azərbaycan əleyhinə “təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğunu” bildirib. Onun sözlərinə görə, Aİ vasitəsilə Ermənistanı silahlandırmaq kimi “sabitliyi daha da pozan” təşəbbüslər irəli sürülür: “Bu cür təşəbbüslərin Aİ-nin "tərəfsiz vasitəçi" kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda “Şərq Tərəfdaşlığı”nın elan edilmiş məqsədlərinə uyğun ola bilməz".
Yanlışlıq 2. Stano müsahibəsində bildirir ki, missiyanın məqsədi mülkidir.
Amma araşdırmalar nəticəsində bəlli olur ki, “mülki missiya” adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını və s. yerləşdirməyə başladı.
Bu faktların həqiqiliyini təsdiqləmək üçün açıq mənbələrdə aşkar etdiyimiz məlumatları təqdim edirik. Aşağıda təqdim etdiyimiz şəxslər Aİ-nin Erməmnistandakı missiyasının əməkdaşlarıdılar.
Eric D. EUMA-nın Qərargah rəisi, 2011-2014-cü illərdə hərbi hissənin bölmə rəisi-təlimatçı zabit, 2014-2019-cu ildə isə Milli Jandarmeriyada bölmə rəhbəri olub.
Peter Barendrecht EUMA-da əməliyyat zabiti. 1981-ci ildə Livanda sülh təminatçısı bölüyündə və Niderlandda zirehli tank bölüyündə əsgər kimi xidmət edib. 2001-2011-ci illərdə Niderland polisində dairə agenti, ioctimai təhlükəsizlik bölməsinin rəisi, operativ ekspert kəşfiyyat bölməsində rəis, Roterdam dairəsində rəis, 2011-2012-ci illərdə Aİ-nin Əfqanıstan missiyasında cinayətkarlığa qarşı mübarizə idarəsində məsləhətçi, 2015-2016-cı illərdə Əfqanıstan DİN-də islahatlar üzrə məsləhətçi vəzifələrində çalışıb.
Kari Valjakka EUMA-da əməliyyat zabiti. Finlandiya Milli müdafiə kollecini, daha sonra Milli Müdafiə Akademiyasını bitirib, polkovnik rütbəsinə qədər qalxıb. Müxtəlif vaxtlarda ixtisasına uyğun olaraq təhlükəsizlik məsələri üzrə məsləhətçi, ofis rəhbəri, Sudanda təhlükəsizlik qüvvələrində zabit kimi xidmət keçib. Peşəkar hərbi kəşfiyyatçıdır.
GEORGIOS LEKAKIS, ATƏT missiyalarında monitorinq mütəxəssisi. Yunanıstan Polis akademiyasını biritib, Yunanıstan Polis və İctimai Təhlükəsizlik Nazirliyində Briqada generalı vəzifəsində olub.
Jozsef Zsifkovics, Macarıstanda 20 il (1999-2019) müdafiə qüvvələrində xidmət edib. Hazırda EUMA-da loqistika üzrə mütəxəssis kimi çalışır.
Missiya əməkdaşlarından erməni millətindən olan Hakob Ghazarianı da təqdim edək. EUMA-da tərcüməçi işləyən bu şəxsin son iş yerində (Ermənistan Təhlükəsizlik Şurası) vəzifəsi baş araşdırmaçı olub. Təkrar edirik: Ermənistan Təhlükəsizlik Şurasında!
Ümumilikdə aşkar etdiyimiz 28 nəfərin böyük əksəriyyəti polis, hərbçi və xüsusi xidmət zabiti olduğunu təsbit etdik. Bunların bir çoxu Fransa, Almaniya, hətta Avropa İttifaqına daxil olmayan ABŞ və Kanada vətəndaşlarıdırlar.
Mülki missiyanın hərbi məqsədli olması Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin fevralın 2-də Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, Azərbaycan ərazilərini binoklla müşahidə etməsində özünü büruzə verdi. Bu, Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsinə dəlalət edirdi.
Belə bəlli olur ki, EUMA-nın məqsədlər arasında Azərbaycan-Ermənistan şərti sərhədini yeni təmas xəttinə çevirmək, burada möhkəmləndirilmiş mövqelər yaratmaq, erməni hərbçilərini kəşfiyyat məlumatları ilə təmin etmək və s. daxil idi.
Təqdim etdiyimiz bu foto-scrinlər EUMA-nın nəzarətində olan ərazilərdə, daha dəqiq desək Azərbaycanla sərhəddə Ermənistan SQ-nə məxsus hərbi birləşmələrin yeni saldıqları hərbi hissələr, istehkam qurğuları və qoşun növlərinin müntəzəm hərəkətini əks etdirir.
1) Bu skrində Ermənistanın Syunik vilayətinin Sisian rayonu ərazisində, Azərbaycan qoşunlarının mövqelərinə yaxın bir yerdə hərbi təlim keçdikləri əks olunub
2) Bu fotolarda terrorçu birləşmə olan “Erkrap”ın hazırki rəhbəri Sasun Melkonyanın Azərbaycanın Laçınla həmsərhəd bölgələrindən birinə gəldiyi və oradan Laçın ərazisində müşahidə apardığı qeydə alınıb.
3) Ermənistan sosial media üzvlərinin yaydıqları bu foto və videolardan belə anlaşılır ki, bu ölkənin Qafan şəhəri yaxınlığındakı şərti sərhəddə yaxın ərazidə yeni hərbi hissə salınıb.
4) Azərbaycanla şərti sərhəddə, daha dəqiq desək Cermuk Hava Limanını yaxınlığında Ermənistanın yeni hərbi hissəsinin 2021 və 2024-cü illərdəki görüntü fərqləri:
5) Naxçıvanla şərti sərhəddə Ermənistanm SQ yeni hərbi hissəsi. (koordinatlar: 39.79288355986334, 44.90954465379545)
6) Bu görüntülərdən Ermənistanın ciddi şəkildə yeni müharibəyə hazırlaşdığını demək olar. Kadrlar Syunik vilayəti ərazisində çəkilib və üç dayaq məntəqəsi və atəş nöqtələrini görmək mümkündür. (Koordinatlar: 39.20100907877664, 46.48413975445008)
Bütün bunlar EUMA-nın müşahidə apardığı ərazilərdə, Azərbaycanla şərti sərhəddin yaxınlığında baş verir. Amma EUMA bununla bağlı nə bəyanat yayır, nə də rəhbərliyə məruzə edir. Stano isə missiyanın qərəzsiz, mülki olduğunu iddia edir.
Yanlışlıq 3. “Aİ-nin regiona sülh gətirmək cəhdlərini dəstəkləmək üçün səfərbər olunub”
Bizim şərh: Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin dörd görüşü olub. Bu görüşlər zamanı tərəflər arasında yekun sülh sazişinin imzalanması, sülh gündəminin irəli aparılması istiqamətində ciddi müzakirələr aparılıb. Müzakirələr tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təsəvvürünü yaradırdı. Ancaq Avropada sonuncu Praqa görüşü hər şeyi dəyişdirdi. Beləliklə, EUMA-nın missiya ideyası iki ölkənin sülh naminə yaxınlaşma istəyinin üstündən xətt çəkdi. İndiki situasiyanın yaranmasında da məqsədi bəlli olmayan missiyanın böyük “xidmətləri” var.
Yəni, 2022-ci ilin oktyabrında regiona gələn Aİ missiyasının ötən müddətdəki fəaliyyətinə baxanda onun Azərbaycanla Ermənistan arasında etimad yaratma missiyasının bilərəkdən iflasa uğratdığı, Ermənistan ərazisində Azərbaycana qarşı platsdarm yaratdığı, Ermənistanın militarizasiyasına dəstək verdiyi, regionun digər ölkələrinə də təhlükə yaradan hərbi və casusluq fəaliyyəti ilə məşğul olması açıq-aydın görünür.
1 fevral 2024-cü ildə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında artıq “de-fakto” sülhün mövcud olduğunu və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraitinin hökm sürdüyünü demişdi. istinad
Amma belə görünür ki, sülh şəraitinin hökm sürməsi, sülh müqaviləsinin imzalanması perspektivi və iki ölkənin sərhədlərinin müəyyənləşməsi üçün delimitasiya və demarkasiya işlərinin aparılması üçün yaranmış müsbət zəmin Ermənistanı idarə edən güc mərkəzlərinin xoşuna gəlməyib.
Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində etimad quruculuğu və sərhəd komissiyalarının işinə töhfə sahəsində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır.
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO