Avropalı deputatlardan etiraflar: Bakının qərarı Brüssel üçün siqnal olmalıdır
Bizi izləyin

Nida Xəbər

Avropalı deputatlardan etiraflar: Bakının qərarı Brüssel üçün siqnal olmalıdır

Avropalı deputatlardan etiraflar: Bakının qərarı Brüssel üçün siqnal olmalıdır

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid edib. “Report”un Avropa bürosunun məlumatına görə, Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.

Bakı ilə münasibətlərdəki böhranın səbəbləri

Xüsusilə, Avropa Parlamentinin "Euronest"dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.

Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Aİ-nin və Avropa Parlamentinin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub.

Lazımsız, ağılsız və əks-məhsuldar

Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub. O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. K.Terheş birbaşa Avropa Parlamentini ittiham edib ki, qurum apreldəki Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib: "Bu parlament (Avropa Parlamenti - red.) Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi".

K.Terheş xüsusi diqqəti ona yönəldib ki, hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: "Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər". Onun fikrincə, bu fonda Avropa Parlamentinin hərəkətləri siyasi cəhətdən uzaqgörən görünmürdü.

“Bu geosiyasi cəhətdən özünüməhvetmədir"

K.Terheşin qiymətləndirməsinə görə, Aİ məhz Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda mövqelərini itirmək riski ilə üzləşir: "Azərbaycan sadəcə Aİ-nin başqa bir tərəfdaşı deyil. O, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün əsas əhəmiyyətə malikdir".

K.Terheş vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir: "Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil, bu geosiyasi cəhətdən özünüməhvetmədir".

“Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin”

"Patriots for Europe" qrupunun deputatı Anjelin Füre Bakı ilə münasibətlərdəki böhranı regionda Avropa strategiyasının iflası kimi təqdim edib: "Azərbaycanın "Euronest"dən çıxmaq qərarını sadəcə prosedur addımı hesab etmək olmaz. Bu, Avropanın strateji cəzasıdır".

A.Füre böhranı birbaşa Aİ-nin hərəkətləri ilə əlaqələndirib: "Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik". Onun sözlərinə görə, Avropa eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı: "Siz düşünürdünüz ki, qaz tədarükünü təmin edəcəksiniz, amma eyni zamanda bütün bu qətnamələri qəbul edirdiniz".

A.Füre əlavə edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb. O, Avropa strukturlarını dövlətlərin yerini tutmağa cəhddə də ittiham edib: "Siz dərs keçmək üçün dövlətlərin rolunu öz üzərinizə götürdünüz".

Deputatın son çağırışı Avropa institutlarına ünvanlanıb: "Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və yetkin realpolitikaya keçin".

“Bu, Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər”

Deputat Tyerri Mariani isə öz növbəsində bəyan edib ki, hazırda Cənubi Qafqaz unikal nöqtədədir, onilliklər boyu münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb. O xatırladıb ki, əvvəllər tənzimləmə praktiki olaraq qeyri-mümkün hesab olunurdu: "Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi baş verir - barışıq prosesi başlayır".
T.Marianinin fikrincə, Avropa Parlamenti əks istiqamətdə hərəkət edir, odun üstünə yağ tökən qətnamələr qəbul edir. Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin qanuni narahatlıqları səbəbindən qapını bağlayıb.

Avroparlamentari Tomas Frölih Azərbaycan ətrafındakı böhranı Aİ-nin xarici siyasətinin daha geniş problemi ilə əlaqələndirib. O xəbərdarlıq edib ki, Bakı ilə davam edən münaqişə Avropanın energetikasına zərbə vura bilər: "Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu, Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər".

Beş il ərzində 14 qətnamə

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Avropa Parlamentini müxtəlif lobbi qurumlarının maraqlarına xidmət edən təsisat olaraq dəyərləndirib. Onu daim Azərbaycana qarşı həqiqətdən uzaq, ikili standartlara əsaslanan mövqe sərgiləməkdə ittiham edib. Son olaraq Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı zamanı bildirib ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır”.

Xatırladaq ki, Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Rəsmi Bakının mövqeyi artıq avropalı deputatları da reallığı etiraf etməyə məcbur edir. Çünki həqiqət heç də kağız parçasından fərqlənməyən qətnamələrdəki kimi yox, məhz Azərbaycan tərəfinin ortaya qoyduğu ədalətli mövqedədir. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm