ABŞ və İran arasında əldə olunan anlaşma dünya üçün mühüm addımdır - Samir Vəliyev
Bizi izləyin

Nida Xəbər

ABŞ və İran arasında əldə olunan anlaşma dünya üçün mühüm addımdır - Samir Vəliyev

ABŞ və İran arasında əldə olunan anlaşma dünya üçün mühüm addımdır -  Samir Vəliyev

"ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinməsi Yaxın Şərq regionunda gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər. Bütün dünyanın bu razılaşmanı alqışlaması da bunun göstəricisidir".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bu razılaşmanı dəstəkləyib. Nəzərə alaq ki, İran Azərbaycanın yaxın qonşusudur və bu ölkədə milyonlarla soydaşımız yaşayır. Regionda gərginlik istər istəməz ətraf bölgələrə də təsir edir. Amma İranla bağlı böhran bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. Çünki Hörmüz boğazının bağlı qalması dünya ticarətinə mənfi təsir edirdi.

Tərəflər arasında əldə edilmiş razılaşma isə İran zənginləşdirilmiş uran ehtiyatları, Hörmüz boğazının açılması və digər problemləri özündə əks etdirir.

Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə gündəlikdən çıxarılıb.

Bu razılaşma Amerika ilə İran arasında vasitəçilik edən dost Pakistanın səyləri tərəflərin mövqelərini yaxınlaşdırdı və belə bir razılaşma əldə olundu. Pakistan hələ aprel ayında tərəflər arasında görüşə ev sahibliyi etmişdi. Həmin görüş nəticəsiz başa çatsa da, İslamabad geri çəkilmədi, vasitəçiliyini davam etdirdi. Ona görə də, Azərbaycanla Türkiyə qardaş Pakistanın səylərini yüksək qiymətləndirir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail - Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar.

"Bu baxımdan, ABŞ - İran gərginliyi ilə əlaqədar rəsmi Bakının mövqeyi tamamilə doğrudur. Mövqe ondan ibarətdir ki, bütün problemlər diplomatik yollarla həll edilməlidir. Münaqişənin alovlanması təkcə tərəflər üçün deyil, bütün dünya üçün yeni fəlakətlər gətirə bilərdi. Ona görə də, əldə edilən razılaşma böyük önəm kəsb edir. Ümid edirik ki, tərəflər bu razılaşmalara sadiq qalaraq sülh prosesini daha da irəli aparacaqlar"-deyə, Samir Vəliyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm