Digər
Spirtli içki və kokainin dilənçi vəziyyətinə saldığı ulduz - FOTOLAR
Pol Con Qaskoyn keçmiş ingiltərəli futbolçudur. O, İngiltərə milli komandasının əsas aparıcı üzvlərindən olub. Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edən Qaskoyn peşəkar futbola 1985-ci ildə “Nyukasl” klubunda addım atıb.
Publika.Az “II taym” layihəsi” çərçivəsində yaşıl meydanların ən yaramaz adamı Pol Qaskoyn haqqında məlumat verəcək.
Qazza ləqəbli oyunçu meydanda futboldan kənar hərəkətləri ilə diqqətləri cəlb edib. Pol Qaskoyn heç vaxt idmançı intizamına və pəhrizinə diqqət yetirmirdi.
Buna baxmayaraq, Qaskoyn futbol karyerası boyunca yaxşı uğurlara imza atıb. Meydana girdiyi andan matçın taleyini həll edə biləcək potensiala malik futbolçu kimi bilinib. 1990-cı illərin əvvəlində İngiltərənin yüksək maaşlı oyunçularından biri kimi tanındığı vaxtlarda, alkoqol və narkotikə, eləcə də mərc oyunlarına aludə oldu. Pol Qaskoyn bir çox klubların formasını geyinib, onlardan ən məşhurları "Nyukasl", "Tottenhem", "Latsio" və "Qlazqo Reyncers"dir. Qaskoyn 1988 və 1998-ci illər ərzində millinin heyətində 57 oyunda meydana çıxıb və 10 qol vurub.
4 yaşında futbola başladı
Qaskoyn İngiltərədə Qeytshedin Dunston ərazilərində anadan olub. O, Qaskoyunlar ailəsinin 4-cü övladıdıdr. Futbola ilk addımlarını 4 yaşında atmağa başlayıb. 8 yaşında məktəb futbol klubuna seçilir. Şəhərin kiçik “Qeytshed Boys” komandasında oynadığı vaxt futbol selleksiyaçıları tərəfindən kəşf edilir.
"İpsviç Toun", “Midlsbro" və “Sautqempton" komandalarının sınaqlarında uğursuz olur. Ancaq 1980-ci ildə "Nyukasl Yunayted" komandası ilə müqavilə imzalayır. 1983-cü ildə komandanın gənclərdən ibarət heyətində oynamağa başlayır. "Qazza” ləqəbini də bu dövrlərdə qazanır.
Forma geyindiyi ilk məşhur klub -
“Nyukasl”
1984-1985 mövsümündə Qazza, “Nyukasl” klubunun gənclərdən ibarət heyətin kapitanlığını edirdi və o mövsüm komanda "FA Gənclər Kuboku"nu qazanır.
1985-ci ilin aprelin 13-də “Nyukasl” - QPR matçında ilk dəfə ehtiyatdan oyuna girdi. Qısa zaman ərzində ilk müqaviləsini imzaladı. 1985-1986 mövsümündə ilk qolunu "Oksford Yunayted"lə görüşdə atdı. O mövsüm “Nyukasl” klubu 11-ci oldu və Qazza ilk dəfə bir jurnalın ön səhifəsində yer aldı. 1987-1988 mövsümündə “ilin ən yaxşı gənc oyunçusu” mükafatını qazandı. “Nyukasl" dövründə 107 matçda oynayıb 25 qol vurdu. Özünün ilk seçimi "Liverpul" idi, ancaq təklif gəlmədi.
Rekord transfer gerçəkləşdi –
Milliyə yolu açıldı
Daha sonra o dövrdə İngiltərənin transfer rekordu olan bir ödənişlə "Tottenhem" (3milyon dollar) komandasına keçdi. 1988-ci ildə ilk dəfə milli komandaya çağırıldı. Qazza İngiltərəni Dünya Kubokuna aparacaq matçların çoxunda forma geyinib.
Bu komandada o artıq rəqib müdafiə xətlərini qorxudan və ikili mübarizələrdə uğurlu olan bir futbolçu idi. Ancaq aqressiv davranışları da zaman keçdikcə üzə çıxırdı. "Tottenhem"də iki mövsümdə oynadığı 75 matçda 14 qol vurmuşdu.
Kubok matçını xəstəxanadan izlədi
Komanda 1990-1991 mövsümündə komanda "FA Kuboku"nu qazandı. Final matçından əvvəl "Latsio" ilə razılaşan Qazzanın final matçında rəqiblərinə kobud şəkildə hücumu futbol adamları və izləyiciləri tərəfindən sərt reaksiya ilə qarşılandı. Həmin matçda zədə alaraq kubok mərasimini xəstəxanadan izləmək məcburiyyətində qaldı. 1991-1992 mövsümündə bu zədəsi üzündən heç oynaya bilmədi.
İtaliyada uğursuz olan ingilis
1992-ci ildən - zədəsindən sonra “Latsio”da
forma geyindi. İtaliyada da böyük maraq və sevgi ilə qarşılanan
futbolçu orada karyerasının ən zəif dönəmini yaşadı. İtaliyadakı
illərində 47 matçda ancaq 6 qol vura bilmişdi.
Pol Qaskoyn “Latsio"da oynadığı dövrlərdə TV kanallarının birində
müxbirin soruşduğu bir suala gəyirərək cavab vermiş ve 9 min funt
(14 min dollar) cəza almışdı.
Qaskoyn bu klubda komandanın lideri olmadı, lakin klubun azarkeşlərinin qəlbində əbədi qaldı. Bununla belə Roma məmurları onu xüsusi xatırlayır. İtaliyada Qazza qədim malikanədə yaşayırdı. Həmin malikanəni tərk edəndə oranı dağıdıb getdi. Nəticədə klub binaya dəyən böyük zərəri ödəməli oldu.
Matçın taleyini bir anda dəyişdi - Hakimə sarı kart
göstərdi
1995-ci ildə Qazza "Qlazqo Reyncers"lə anlaşdı. Performansı keçmiş günlərindəki qədər uğurlu idi. O mövsüm “Aberdin” ilə çempionluq üçün çox vacib olan matçda 1-0 məğlub vəziyyətə düşmələrinə baxmayaraq Qaskoyn het-trik edərək komandasına qalibiyyəti yaşatdı. Bu oyunda yaddaşlarda qalan ən maraqlı hadisə isə futbolçunun hakimə sarı kart göstərməsi olub. Belə ki, oyunda hakim sarı vərəqəni yerə salır və Pol Qaskoyn kartı tapıb özündə saxlayır. Oyunun sonunda isə o kartı hakimə sarı kart vermiş kimi göstərir. Polun ədəbsizliyinə əsəbləşən hakim onu qırmızı vərəqə ilə cəzalandırır. Polun da aktiv oyunu sayəsində komanda 1995-1996 mövsümündə Şotlandiya çempionluğunu və Şotlandiya Kubokunu qazanır. Pol Qaskoyn isə o dönəmdə ilin oyunçusu seçilir. Növbəti mövsüm də Şotlandiya çempionu olan “Reyncers” yenə Liqa Kubokunu başı üzərinə qaldırır. Həddən artıq kökələn futbolçunun bu dövrdə çəkisi 100 kq idi.
Uşaq kimi ağladı
1996-cı il Avropa Çempionatında Qazza yenidən İngiltərə milli komandasında ən önəmli yerlərdən birini tutur. İlk matçda ehtiyatlardan heyətə girməsinə baxmayaraq, ikinci matçda, Şotlandiya ilə oyununda turnirin ən gözəl qolunu vurur. Üçüncü Hollandiya matçında isə iki asisti və komandanı idarə etməsi ilə 4-1 hesablı qələbəyə səbəb oldu. Sonrakı dövr İspaniyanı penaltilərlə uzaqlaşdıran İngiltərə yenidən yarımfinalda Almaniya ilə qarşılaşdı. İngiltərə 1990 Dünya Kubokunda olduğu kimi penaltilərlə Almaniyaya uduzdu və Qaskoyn yenə göz yaşlarını tuta bilmədi. Hər kəs onun uşaq kimi ağlamasından yazdı.
Qazzanın şəxsi həyatı
Pol Qaskoyn uzun müddət birlikdə olduğu sevgilisi ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlir. O 1996-cı ildə 6 il sevgi macərası yaşadığı Şeril ilə ailə qurur. Onun həyat yoldaşı Britanyada televiziya işçisi olub. Lakin onların evliliyi çox çəkmədi. 1999-cu ildə ayrıldılar.
1994-cü ilin iyulunda verdiyi müsahibədə, xanım Qaskoyn həyat yoldaşının onu iki il ərzində hər gün döydüyünü bildirir. Onların bu evlilikdən bir oğlu Reqan (1996) dünyaya gəlib. Həyat yoldaşını hər şeyə rəğmən çox sevən futbolçu onun ilk nikahdan ola iki övladını öz nüfuzuna alır (ögey oğlu Mason və qızı Bianka). Onlar Qaskoyn soyadını daşıyırlar. Ögey qızı Bianka Qaskoyn İslandiyada bir teleşounun aparıcısı və modeldir.
Futbol karyerasının sonu
1998-ci ildə İngiltərə 1-ci liqa komandası olan “Midslbro” ilə müqavilə bağladı. Bu klubda 7 matçda forma geyməsinə baxmayaraq komandasını liqa 1-in 2-cisi edərək Premiyer Liqaya qaldırdı.
“Midslbro” komandasında oynayarkən daha bir meydandan kənar ədəbsiz hərəkəti ilə manşetlərdə gündəm oldu. Belə ki, o dövrlərdə bir gün çılpaq, ayağında sadəcə bir corabla restorana gedib və yemək sifariş verib. Hər kəs təəccüb içində onu izləsə də Qazza kənardakıların baxış və reaksiyalarını vecinə almayıb.
Daha sonra iki mövsüm "Everton"da və bir mövsüm "Bönley"də oynayıb. 2002-ci ildə Amerikan klubu "DC Yunayted" ilə məşqlərə çıxdı. Ancaq razılaşa bilmədi.
2003-cü ildə Çin komandası "Qansı Tyanma" ilə razılaşsa da SARS virusunun (severe acute respiratory syndrome - ağır kəskin respirator sindromu) yayılması səbəbi ilə 4 matç oynayıb 2 qol vurduqdan sonra anlaşmanı ləğv etdi. Lakin onun əsas uzaqlaşma səbəbi tək virus olmayıb. Çin macərasının erkən başa çatmasına səbəb növbəti dəfə möhkəm içib motosikletlə bir dükanın vitrininə girməsi olub. Bundan sonra çinlilər qərara gəldilər ki, belə bir adamla vidalaşmaq daha yaxşı olar. 2004-cü ildə "Boston Yunayted"-də 5 matç oynadıqdan sonra menecerlik üçün futbolu buraxdı.
Uğursuz məşqçilik karyerası
Keçdiyi baş məşqçilik kursundan sonra iki ay müddətində yeni Portuqaliya komandası "Algarve Yunayted"in meneceri olaraq məşqlərə çıxdı. Ancaq heç vaxt rəsmi müqavilə imzalamadı. 2005-ci ildə "Kettering Toun" ilə razılaşdı. 39 gün davam edən bir menecerlik dövründən sonra klubdan qovuldu. Bir müddət spirt və narkotik müalicəsi gördükdən sonra, İslandiyanın həvəskar komandası "Qarforz Toun"un başına keçdi.
Polun içki düşkünlüyü ailə həyatına təsirsiz
ötüşmədi
Hazırda da alkoqolizmdən əziyyət çəkən futbolçu qalmaqalları ilə də xatırlanır. Qazza spirtli içkilərə bağlılığını futbolçu karyerası zamanı da gizlətmirdi. 1991-ci ildə o, zədələnərək, uzun müddətə sıradan çıxdı. Bu dövrdə o, çox içirdi. O zaman onun tez-tez döydüyü həyat yoldaşı ilə heç də yaxşı olmayan münasibəti ictimaiyyətəməlum idi. Nəticədə xanım dözməyib ərini tərk etmişdi. Ancaq xarici mətbuatın yazdığına görə, sonralar onların yolu dəfələrlə kəsişib.
Ölümdən döndüyü qəzalar
Qaskoynun içkili vəziyyətdə sükan arxasında saxlanılmasının
sayı-hesabı yoxdu. 2010-cu ildə o, bir illik sınaq müddəti olmaqla,
iki aylıq şərti cəza almışdı. Buna səbəb sükan arxasına sərxoş
əyləşməsi idi. Üstəlik, 3 illik sürücülük vəsiqəsindən məhrum
edildi. Bu, britaniyalının içkili vəziyyətdə yol hərəkəti
qaydalarını pozduğu hallardan yalnız biri idi. Bir neçə dəfə o,
ciddi qəzaya düşmüşdü. Bu qəzalar onun həyatı bahasına da başa gələ
bilərdi.
İçkili halda əli silahlı cinayətkarı dayandırmağa çalışdı
Qazzanın həyatını təhlükəyə atdığı hallar dəfələrlə olub. Bir neçə ay bundan öncə həbsdən yenicə azad edilmiş Raul Moat adlı birisi öz keçmiş rəfiqəsini və onun kişi dostunu, eləcə də hadisə yerinə gələn polisi güllələmişdi. Bir neçə gündən sonra cinayətkarı anasının evində tapdılar. Evi əhatəyə alan polis ondan təslim olmağı tələb etdi. Moat isə bildirdi ki, özünü öldürər, ancaq təslim olmaz. Bu anda Qaskoyn peyda oldu. Sən demə Moat Qazzanın çərşənbə axşamları içmək üçün getdiyi pivəxanada mühafizəçi işləyirdi. Pol yenə də möhkəm içib əhatəyə alınmış evin yanına gəldi və cinayətkarla danışığa başladı. Sonradan Qaskoyn bildirirdi ki, həmin anda içkili olduğundan, cinayətkar tanışının ona ağır xəsarət yetirə biləcəyi heç ağlına belə gəlmirdi. Bununla belə, Qaskoynun diplomatik istedadı kara gəlmədi. Cinayətkar özünü güllələdi.
Açıq ürəkli Qazza
Qaskoyn kimi birisi barədə ancaq neqativ tərəfdən danışmaq
düzgün olmazdı. Onu tanıyan insanlar keçmiş futbolçu haqqında
danışarkən həmişə Polu qəlbi təmiz, şən insan kimi xarakterizə
edirlər. O, dəfələrlə bunu təsdiqləyib. 90-cı illərin ortalarında
ona bir nyukasllı məktəbli oğlan məktub yazmışdı. Uşaq öz kumirinə
leykemiya xəstəsi olduğunu və tezliklə öləcəyini bidirmişdi. Onun
tək bir arzusu var idi - Disneylenddə olmaq. Ancaq buna pulu yox
idi. Qaskoyn uşağın səfər xərcini ödəyib.
Ümumiyyətlə, Qaskoyn heç vaxt pulu saymır və sağa-sola səpələyirdi.
Əsasən də içkiyə. Lakin ehtiyacı olanlara kömək etməyi də
unutmurdu. 2001-ci ildə o, doğma şəhərinin "Qeytşed" klubuna 10 min
funt hədiyyə etmişdi. Komanda iflas həddində idi və Qaskoyn nə
vaxtsa ilk addımlarını atdığı kluba kömək etməyi özünə borc
bildi.
İtkin düşmüş alkoqolik
Artıq neçə illərdi ki, Pol Qaskoyn içki aludəçiliyi ilə mübarizə
aparmağa çalışır və yeni-yeni bərpa kursları keçir. Lakin bu ona
kömək etmir. Bir neçə ay əvvəl İngiltərə mətbuatı itkin düşmüş
əfsanə Pol Qaskoyn haqqında məlumat yaymışdı. Əfsanəvi futbolçu
spirtli içki düşkünü olduğu üçün klinikaların birində ciddi müalicə
alırdı. Hətta bu yaxınlarda London küçələrinin birində içib yatan
keçmiş futbolçu onu tanıyanlar tərəfindən xəstəxanaya aparılmışdı.
Xəstəxanadan çıxandan sonra Qaskoynu görən olmayıb. Bundan narahat
olan ailəsi bu barədə polisə məlumat verib. İngilis qəzeti “The
Sun” isə bu xəbəri, “Bu adama içki verməyin”- başlığı ilə dərc
etdi.
Növbəti davanın qurbanı dəmir yolu işçiləri və həyat yoldaşı oldu
Pol Qaskoyn Londondan 50 km şimalda yerləşən Stiveynedj şəhərində iki nəfəri döyüb. Sərxoş halda olan futbolçu yerli dəmiryolu stansiyasının mühafizəçisi ilə güclü mübahisə etmiş, daha sonra isə mübahisə davaya çevrilmişdi.
Futbolçunun keçmiş həyat yoldaşı Şer onları ayırmağa çalışsa da, əvəzində Pol Qaskoy onu da döymüşdü. Polislər tərəfindən saxlanılan idmançı 12 saat həbsdə saxlanıldıqdan sonra zamin altında azadlığa buraxıldı.
Haqqındaki iddialar
İngiltərə mətbuatının yazdığına görə, futbolçu təkcə kokainə gündə 3 min dollar ödəyirmiş. Yazılan digər məlumata görə, onun bankda olan milyonlarla dollarından hazırda 1 sent belə qalmayıb. Futbolçu karyerasını başa vurduqdan sonra alkoqolizmdən müalicə olunan Qaskoyn həkiminin hər hansı bir hobbi tapması məsləhətinə, viski kolleksiyası toplamaqla cavab verib. İngiltərə yığmasının oyunlarının birindən sonra Pol heç formasını dəyişmədən ən yaxın bara gedərək dostları ilə içki qəbul edib. Hazırda spirtli içki asılılığı və zehni sağlamlıq problemləri səbəbi ilə çətin günlər yaşayır. Mətbuatın yazdığına gözə, həkimlər onun 1 illik ömrü qaldığını bildirirlər. Bir dəfə Qaskoyn Portuqaliyadakı narkoloji klinikadan qaçır. Beş ulduzla oteldə içkinin əhatəsində olan veteran futbolçu ona göz yaşları içərisində zəng edən həyat yoldaşı və qızının klinikaya qayıtmaqla bağlı xahişini kobud şəkildə cavablandırıb. Pol yaxınlarına ona rahat ölməyə imkan yaratmalarını deyib.
2008-ci ildə çoxdandır ödəmədiyi vergi borcları üzündən (3 milyon dollar) müflisləşməklə üz-üzə qalıb. O, 2011-ci ilin mayın 25-də London Ali Məhkəməsi tərəfindən müflis olmuş elan edilib.
Atasından geri qalmayan qalmaqalçı qızı
“Qazza” ləqəbli Polun qızı Byanka Qaskoyn da atasından geri qalmır. Belə ki, Byanka hara gedirsə, səs-küyə səbəb olur. Çünki bu gözəlçə açıq-saçıq şəkilləri ilə populyarlıqda az qala atasını geridə qoyub.
Şəxsi nailiyyətləri:
- İngiltərənin ən yaxşı gənc oyunçusu - 1988
- İngiltərədə ilin idmançısı - 1990 (BBC-nin rəyinə görə)
- Şotlandıyanın ən yaxşı oyunçusu - 1996 (futbolçuların və
jurnalistlərin rəyinə görə)
- Dünya Çempionatının simvolik yığmasının üzvü - 1990
Aygün İlqarqızı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq