Digər
Prezidentlər Bakı Fransız Liseyinin tikinti işləri ilə maraqlanıblar - FOTOLAR
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısı
Fransua Ollandı qarşıladı.
Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat
verildi.
Bildirildi ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatmışdır və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulmuşdur. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır.
Qeyd edildi ki, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunur. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.
Sonra dövlət başçıları mərasim iştirakçıları ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış etdilər.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir.
Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin rəsmi səfəriniz
bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında
fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu
əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək
səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir.
İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah
biznes forum keçiriləcəkdir. Mən çox şadam ki, Azərbaycana
Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm
ki, biznes forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim
aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir.
Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır.
Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük
diqqət verdiyinizi əyani şəkildə sübut edir. Yəni, burada bizim
məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq
uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx
möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil
alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə
fransız dilini mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda,
bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış
olacaqlar.
Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə
əvəzolunmaz töhfələr vermişdir. Dünya mədəniyyətini Fransasız
təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq
uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar.
Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu dostluq əlaqələrini
saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan
gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da
möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq yeni bir
təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi
olacaqdır. Əminəm ki, burada uşaqlara veriləcək təhsil ən yüksək
səviyyədə olacaqdır.
Biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik. Biz çox
şadıq ki, Parisdə, Versalda, Strasburqda icra olunan layihələrdə
Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan
işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi
daha da sıx birləşdirir. Eyni zamanda, son illərdə Fransanın
müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət
günləri, sərgilər, konsertlər keçirilmişdir.
Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə
bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında
iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da
Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb
səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu
məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu,
birgə səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində
mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır.
Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası
yerləşirdi. Bakının son illərdə abadlaşması və sənaye zonalarının
şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra
edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da
rəmzi məna daşıyır. Çünki arxa tərəfdə “Ağ şəhər” layihəsi
çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər
içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır.
Paris evləri , Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı
Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki,
burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası
xalqlarımızı daha da sıx birləşdirəcəkdir.
Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bizim dəvətimizi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu olacaqdır və səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.
X X X
Prezident Fransua Ollandın çıxışı
-Cənab Prezident.
Hörmətli xanım.
Hörmətli cənab və xanım nazirlər, xanımlar və cənablar.
Siz məni burada Fransanın Azərbaycandakı bir guşəsində qəbul edirsiniz. Cənab Prezident, bir halda qeyd etdiniz ki, biz fransız məhəlləsindəyik, bundan çox fərəh hissi duyuruq. Çünki buralar gözəldir, müasirdir. Ümumiyyətlə, burada şirkətlər çox sürətlə inkişaf edir. Mən Sizinlə burada gələcəkdə lisey olacaq bir təsisatdayam. Bu liseydə Azərbaycana gəlmiş, inkişafınıza töhfə verən şirkətlər üçün çalışan ailələrdən olan gənc fransızlar təhsil alacaqlar. Lakin iqtisadi inkişafınıza, həmçinin böyük töhfə verən digər ailələrdən də uşaqlar buraya gələcəklər və nəhayət, öz təhsilini daha da təkmilləşdirməyi arzulayan və artıq fransız dilində danışan azərbaycanlılar da onların sırasına qoşulacaqlar.
Mən buraya qoyulan sərmayəni mümkün etdiyinizə, eləcə də göstərdiyiniz səylərə görə şəxsən Sizə və xanımınıza təşəkkür edirəm. Buraya 350-dən çox şagird qəbul olunacaqdır. Onların təhsil həyatı burada birləşəcəkdir.
Mən etdiyiniz dəvətə cavab olaraq buraya - Azərbaycana səfər
etmək istəyirdim. Bu dəvəti Siz hələ 2012-ci ilin sentyabrında mənə
etdiniz. Həmin vaxt Siz Luvr Muzeyinin İslam incəsənətinə həsr
edilmiş bir hissəsinin açılışında mənimlə birgə iştirak etmək üçün
ölkəmizə gəlmişdiniz. Azərbaycan muzeyin həmin hissəsinin
maliyyələşdirilməsində iştirak etdi, biz bundan fərəhlənirik. Luvr
Muzeyi dünyanın ən gözəl muzeylərindən biridir. Mən hətta elə
düşünürəm ki, Luvr dünyanın ən gözəl muzeyidir və biz orada
saxlanılan eksponatların müəyyən hissəsini bütün dünyada nümayiş
etdirməliyik. Sizin də qeyd etdiyiniz kimi, dünyanın ən nüfuzlu
incəsənət, mədəniyyət nümunələrini də muzeyimizdə
sərgiləməliyik.
Mən əməkdaşlığımıza qayıtmaq istərdim. Əslində səfərimin bu iki
günü ərzində mən bu məsələləri xüsusi olaraq nəzərdən keçirəcəyəm.
Bu gün Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir.
Bir çox digər şirkətlərin rəhbərləri bu səfər çərçivəsində məni
müşayiət arzusunu bildirmişdilər. Biz iqtisadiyyatınızın inkişafına
töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını
artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir.
Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi
arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu,
şəhərsalma sahəsidir. Sizin şəhəriniz Cənubi Qafqazda ən böyük
əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur.
Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye
şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən
birinə çevriləcəkdir. Fransa bu gözəl layihədə sizinlə işləmək
istəyir, ən yaxşı xidmətləri, şəhər xidmətlərini, nəqliyyat
xidmətlərini, içməli su və çirkab suların təmizlənməsi xidmətlərini
göstərmək, tullantıların idarə edilməsində yardımçı olmaq istəyir.
Bir sözlə, biz istəyirik sizə yardım edək ki, Bakı şəhəri və digər
şəhərləriniz davamlı inkişaf baxımından nümunəvi olsun.
Biz sərmayə qoymaq, mübadilə etmək, ticarət aparmaq istəyirik. Biz bu işləri görmək istəyirik və bu, ölkələrimiz arasında olan münasibətlərin əsas vəzifəsidir. Biz təhsil, texnoloji biliklərin mənimsənilməsində iştirak etmək istəyirik. Ölkənizin universitetləri ilə də işləmək istəyirik.
Cənab Prezident, Siz təhsil almaq üçün Fransaya gələn tələbələrinizi qeyd etdiniz. Biz onları ən yaxşı səviyyədə qəbul etmək istərdik. Biz hətta Parisdə universitet korpuslarından birində Azərbaycan tələbələri üçün şərait yaratmağa hazırıq ki, biliklərin birgə əldə edilməsində və hətta elmi tədqiqatlarda iştirak edən azərbaycanlıların sayı çox olsun.
Siz burada təqaüdlər haqqında danışdınız. Əlbəttə, biz də müəyyən maliyyə imkanlarımız hesabına təqaüdlər ayıra bilərik ki, ölkənizin tələbələri Fransaya gələ bilsinlər. Bu, mənim Azərbaycana səfərim başlayan andan atılan rəmzi addımdır. Siz əlinizdən gələni etdiniz, burada mənim yanımda Eyfel qülləsini görürsünüz. Amma bu işi bilməyənlər səhv salmasınlar. Görün, burada, həmçinin Bakının tarixi abidəsi - Qız qalası da vardır. Siz bunu nümayiş etdirmək istədiniz. Bu, o deməkdir ki, ölkələrimiz arasında münasibətlərimizin çox qədim tarixi vardır. Onilliklər ərzində bu əlaqələr güclənib. Bu, xüsusən də müstəqilliyinizi bərpa etdikdən sonra baş verdi. Biz bu inkişafda iştirak etmək istəyirik.
Mən bir neçə günlüyə Qafqaza gəlmişəm. Çünki gördüyünüz işlərə inanıram. Dünyanın bu guşəsində, xüsusən də Azərbaycanda böyük inkişaf gedir. Biz də istərdik ki, sizin bütün dünyada, Avropada işlədiyiniz kimi, yəni, inkişafı birgə təmin edək, onu dayanıqlı edək və bu inkişaf xalqlarımıza rifah gətirsin.
Ölkənizə səfər etmək üçün dəvətinizə görə minnətdaram. Ölkənizi özüm üçün kəşf etdim. İlk dəfədir ki, buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyildir.
Sizlərə sağ ol deyirəm. Lisey şagirdlərinə bu gələcək təhsil ocağında uğurlar arzulayıram. Biz burada onun yalnız bir hissəsini gördük. Qalan hissəsi də başa çatdırılacaqdır. Burada müddət çox qısadır. Bakıda lisey tikmək Parisdən fərqli olaraq iki dəfə tez başa çatdırılır. Beləliklə, sentyabr ayında burada lisey 350 şagird üçün artıq açıq olacaqdır. Onların fotolarını isə bizə göndərəcəksiniz.
Sağ olun cənab Prezident.
X X X
Prezidentlər xatirə şəkli çəkdirdilər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyinin qarşısında ağac əkdilər.
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI