Digər
Tanınmış azərbaycanlı aktrisa: "13 illik ailə həyatım olub..."
Tənha aktriasının dramı
İndi yaşadığı ev onun Yasamaldakı köhnə mənzilindən daha işıqlı, daha təmirlidir. Amma may ayında belə Zərnigar xanım bu işıqlı evdə üşüyür:
- Yeni tikilidir, qaz verməyiblər. Ona görə çətinlik çəkirik, yay gəlib, divarlarsa qışın soyuğunu hələ canında saxlayır…
Yox, Zərnigar xanım, yox - divarlar da istidir, ev də. Bu evdə üşüməyinizin səbəbi bam-başqadır. Sözünüzlə bizi yola verəcəyinizə heç arxalanmayın - nəmli gözlərinizin söylədiyi həqiqətlər içimizə yağış kimi yağır, axı!..
Həqiqətləri ürəyim pıçıldadıqca ilk dəfə olduğum ev mənə bir anda doğmalaşır. Bu evdə hər yerdən tənhalıq yağır - masadan, masa üstündəki qatlanmış süfrədən, oturulmayan kreslolardan, çiçək kimi pərdələrdən, evin qeyri-adi təmizliyindən.
Bu tənhalıq təmizliyi, bu tənhalıq qoxusu ruhumu sarır - tələbəlik həyatı başlar-başlamaz ildə yalnız bir-iki dəfə yoluxa bildiyim Anamı xatırlayıram.
- Qoy, sənə bir çay gətirim, yoldan gəlmisən.
- Gətirin, Zərnigar xanım, yaman susamışam…
Təkcə mənə çay gətirməyinin, özünə süzməməyinin səbəbini soruşmuram. Cavabını bilirəm, axı - Anam deyərdi… Zərnigar xanım da eyni cavabı verəcəkdi, şübhə eləmirəm. Onda bircə əlac qalacaqdı - onsuz da özümü zorla saxlayırdım…
- … Bir siqaret çəkib, qayıdıram, Zərnigar xanım…
«Bütün həyatı boyu ümumiləşmiş obrazlar, tiplər yaratdı Zərnigar Ağakişiyeva. İndi, səhnədən gedəndən sonra da Tənhaların ömrünü öz həyatında ümumiləşdirib. Bu həyat bir «Tənha qadın dramı»dır.
Oxuyaq bu dramı…»
I Pərdə, I şəkil
(Rustov kəndi, kiçik, kasıb bir ev, bap-balaca uşaq)
Xatirəmin ardınca getdim
- Uşaqlığınızın xatirizdə yaşayan ilk şəkli hansıdır?
- Mən kənddə doğulmuşam.
- Rustov kəndində…
- Hə, Təngəaltı yaxınlığında. Bəlkə də inanmayacaqsız, o kənddə bir an kimi yaddaşıma ilişib qalan tavandan asılan nənnidir. Xatırlayıram ki, yayda ağacdan asılan nənnidə xalam yellədirdi məni, mənsə ulduzlara tamaşa edirdim… Yəqin onun təsiridir ki, indi də ulduzları, Ayı seyr etməkdən doymuram.
- Bu xatirənizin ardınca getmək ürəyinizdən keçməyib ki?
- Əlbəttə, keçib. Getdim də. 5 yaşım olanda ailəmiz Qubaya köçdü, bir müddət evimizdə qohumlarımız yaşadı, sonra kimsəsiz qaldı həyətimiz. Yəni o evi bir daha görməmişdim. Aradan bu qədər illər keçəndən sonra Nuriyyə Əhmədova ilə getdim kəndimizə. Ona dedim ki, nənnimin asıldığı qarmağı xatırlayıram, axı, uzananda gözüm həmişə orda ilişib qalırdı. Heç yerə baxmadan girdim evə, xatirimdəki yerə gedib dayandım və yuxarı baxanda başımın düz üstündə nənnini saxlayan qarmağı gördüm. İnanırsınız?
- İnanıram, Zərnigar xanım…
I Pərdə, II şəkil
(Kənd klubu, 5 yaşlı aktrisa)
Alqışlar taleyimmiş, demə
- Anam danışır ki, 5 yaşım olanda uşaqlarla bərabər kənd klubunda şeir deyirmişəm. Səməd Vurğunun «Dahi rəhbər»ini oxuyurammış. Şeir bitəndən sonra yoldaşlarım gedib, mənsə səhnədə qalmışam, alqışlayanlara qoşulub əl çalmışam, tamaşaçılara baş əymişəm. Səhnə arxasından müəllimimiz nə qədər çağırsa da, çiynimi çəkib, getməmişəm, sonra əlimdən tutub zorla səhnədən aparıblar (gülür).
- O alqışlar da taleyinizi həll eləyib, sizi səhnəyə gətirib…
- Yəqin ki!.. Nuriyyə ilə kəndə gedəndə o kluba da getdim, ilk dəfə çıxdığım səhnəyə qalxdım.
- Nə apardı sizi kənd klubunun səhnəsinə?
- Hisslərim, duyğularım… Tez-tez yadıma düşən xəyalımdakı o ilk çağlar məni çəkirdi. Təsəvvür edirsənmi, klub səhnəsinə qalxanda həmən qoxunu, təravəti eynilə hiss elədim, hətta gündüz olmasına baxmayaraq, zalı da qaranlıq gördüm. Bir an o üzləri, alqışları yaşadım…
I Pərdə, III şəkil
(Quba, əvəlki evdən az fərqlənən mənzil…)
«Çıxış edir Zərnigar Güləliyeva»
- Uşaq vaxtı özüm üçün pərdə tikirdim, sinəmə qədər qaldırıb əllərimlə saxlayırdım və elan edirdim ki, çıxış edir filankəs…
- Zərnigar Ağakişiyeva…
- Bizim əsl soyadımız Güləliyevdir. Güləli atamın babasının adıdır. 5-ci sinifdə oxuyanda atama dedim ki, sən öz babanın adıyla familiya daşıyırsan, mən də gərək öz babamın adını götürüm. Mənim babamın adı Ağakişi idi. Atam heç vaxt xətrimə dəyməzdi, bircə dəfə də üstümə səsini qaldırdığını, mənə kobudluq etdiyini görmədim. Gülümsündü, «necə istəyirsən, elə» - dedi. Mən də doğum şəhadətnaməmi aparıb soyadımı Ağakişiyevaya dəyişdirdim… (gülür) O vaxt bilmirdim ki, familiya soyaddır, baba adıyla müəyyən olunmur.
- Hardan idi sizdə bu həvəs? Kimdə görmüşdünüz ki, pərdə tikir, özünüzü təqdim edir, səhnələr göstərirdiniz? O vaxt televizor da yox idi, axı…
- Yadımda deyil, vallah. Bəlkə rayona gələn teatrı görmüşdüm, ya… Nə bilim, xatırlamıram.
- Ailənizdə incəsənətlə bağlı olan kimsə vardımı?
- Anamın çox gözəl səsi olub. O vaxt Üzeyir Hacıbəyov Qubaya gələndə Fatma Mehrəliyeva ilə bərabər mənim anamı da seçibmiş. Ancaq ailəsi anamı oxumağa buraxmayıb. Xatirimdədir ki, Fatma xanım radioda oxuyanda anamın gözü yaşarırdı, nisgilini çəkirdi ki, məni də seçmişdilər, axı!..
II Pərdə, I şəkil
(Səhnə dəyişmir)
Pul qazanmaq istəyirdim…
- 50-ci ildə Qubaya köçdük, atam öz ixtisasına uyğun inikibator cücə yetişdirilməsi idarəsində işləməyə başladı. Ruslar o vaxt çox idi Qubada, müharibə vaxtı gəlmişdilər, hələ öz yurdlarına qayıtmamışdılar. Lida adlı bir qızla tanış oldum. Ailəmiz bir də xəbər tutdu ki, artıq tər-təmiz rusca danışıram.
- Rus dilində təhsil almağınızın səbəbi də Lida oldu?
- Hə. Sonradan Lidanı itirdim - həyatdı da. 8-ci sinfə qədər rus məktəbində oxudum, sonra göndərişlə Bakı Kooperasiya Texnikumunda təhsil aldım, ordan da Moskvaya, bir illik təkmilləşdirmə kursuna getdim…
- Niyə onilliyi başa vurmadınız?
- İşləmək, pul qazanmaq istəyirdim. Ailəmiz çox kasıb idi, həm də tək idim…
II Pərdə, II şəkil
Atam üçüncü dəfə evləndi
Atası Fəti kişinin ilk ailə taleyi faciə ilə bitir. İkinci dəfə əri müharibədə həlak olan Səadət xanımla evlənir və Zərnigar dünyaya gəlir.
- Uşaqlıqdan ögeyliyin ağrı-acısını yaşamışam, həmişə tək olmuşam. Anamın əvvəlki ərindən bir oğlu vardı, mənə heç vaxt doğma kimi baxmadı, mən də ona isinişmədim, həmişə yad hiss elədim qardaşlığımı da, ana tərəfdən olan qohumlarımı da. Atamın bu ailədə yad adam olduğunu hiss eləyirdim. Mən Bakıya oxumağa gələndən sonra atam lap təkləndi, çıxdı o evdən, 57 yaşında üçüncü dəfə evləndi - Yekaterina adlı rus qadınla. Yalnız onda atamın bir kişi, ər kimi xoşbəxt olduğunu gördüm. Yekaterina ziyalıydı, gülərüz, dünyagörüşlü, çox yaxşı bir insan idi.
- Tək, balaca qızcığaz bu ögeyliyə, yadlığa necə dözürdü?
- Çətinliklə. Görünür, o təklif, yadlıq mənim bütün həyatıma hopdu…
II Pərdə, III şəkil
(Bakı, Kooperasiya texnikomu)
Hamı aktrisa olmağımı istəyirdi…
- Kooperasiya texnikomunu özünüz seçdiniz, yoxsa sizin əvəzinizə qərar verdilər?
- O qədər də yaxşı oxumamışam orta məktəbi. Həvəsim idmana, şeirə, ədəbiyyata, incəsənətə idi. Bağça müəlliməmiz vardı, Ləzifə xanım, - şair Vaqif Musanın bacısı idi, - sonra o, Qubada ikinci katib oldu. Getdim Ləzifə xanımın yanına, iş istədim, o da Azərittifaqa göndərdi. Azərittifaqın mühasibi isə mənə təklif etdi ki, bəlkə, oxumağa gedəsən? Qəbul elədim. Beləcə, gəldim Bakıya…
- 15 yaşlı qız uşağının Bakıya oxumağa gəlməsinə ailəniz etiraz etmədi?
- Anam narazılıq elədi, ancaq mən o ailədən çıxmalıydım, başqa seçimim yox idi. Atam da bir qədər tərəddüddən sonra razılaşdı. Atam heç vaxt mənim istəyimin əleyhinə getmirdi ki! Tək övladıydım, görünür, xətrimə dəymək istəmirmiş… (gözləri yol çəkir) Beləcə, gəldim Kooperasiya texnikomuna, əmtəəşünaslıq ixtisasına. Texnikomda da yenə özfəaliyyətdə, şeir oxumaqda, tamaşa göstərməkdəydim… (gülür) Müəllimlər imtahanda deyirdilər ki, sənə ona görə qiymət yazırıq ki, Teatr İnstitutuna gedəsən…
III Pərdə, I şəkil
(Bakı, Teatr İnstitutu)
Mikayıl Mirzə məni bəyəndi…
Zərnigar xanım şərqşünas olmaq istəyib, ancaq qəbul yerləri tutulubmuş. Mərkəzi Univermaqda dekorçu işləyə-işləyə ali təhsil ardınca illərlə ona deyilən sözü göyərdib.
- Əmttəşünas, dekorçu… Bu ixtisaslar azlıq edirdi? Niyə rayona qayıdıb, ixtisasınıza uyğun işləmirdiniz?
- Rayonda yalnız satıcı işləmək mümkün idi, mən isə ali təhsil almaq, daha yaxşı yerdə çalışmaq istəyirdim.
- Və özünüzü təsdiq etmək üçün gəldiniz Teatr İnstitutuna…
- Bəli. 1968-ci ildə Teatr İnstitutunun musiqili kamediya ixtisasına üzrə axşam şöbəsinə qəbul olundum. Ancaq dram aktyorluğunu istəyirdim, sadəcə, axşam şöbəsində bu ixtisas yox idi.
III Pərdə, II şəkil
- Kurs rəhbərimiz Ağəli müəllim, Mikayıl Mirzə isə assistent idi. Mikayılgil 4-cü kursu bitirirdilər, son kurs tamaşası kimi «Aydın»ını hazırlayırdılar. Mikayıl altdan-altdan mənə fikir verirdi, Ağəli müəllimlə pıçıldaşırdı. Beləcə, «pıçıldaşıb-pıçıldaşıb» mənə Susanna rolunu təklif elədilər. Razılaşdım… Bu tamaşa instituta səs saldı, hörmətimi artırdı. Rektor Rahib Hüseynov məni gündüz şöbəsinə keçirdi, həm də dram aktyorluğuna.
Tamaşanı Azdramaya dəvət elədilər, böyük səhnədə ilk çıxışım idi bu. Əlbəttə ki, tamaşanın uğuru Rasim Balayev, İlham Əhmədov, Mikayıl Mirzənin üstündəydi, mən də bu uğura şərik oldum (gülür).
- 5 yaşınızda səhnədən düşməyə qoymayan alqışlar bu dəfə sizi ömürlük özünə bağladı.
- Əlbəttə. Yalnız o alqışları, Azdramanın səhnəsini görəndən sonra düşündüm ki, mənim taleyim budur. Qərar verdim ki, ömrümü bu sənətə həsr edəcəyəm…
III Pərdə, III şəkil
(Bakı, Azdrama)
- Gündüz şöbəsinə keçəndən sonra Mərkəzi Univermaqdan çıxdım, Tədris teatrına məni işə götürdülər. Həm stüpendiya, həm də Tədrisdən maaş alırdım, öz-özümü dolandırırdım. İnstitutu bitirəndən bir il sonra isə Azdramanın truppasına qəbul olundum.
IV Pərdə I şəkil
Taledən qaçmaq olmur
- Azdrama sizə nə verdi?
- Gələndə özümə vaxt qoymuşdum: əgər 3 ilə özümü təsdiqləyə bilməsəydim, işdən çıxacaqdım. Çünki səhnə elə-belə yer deyil, orda günü keçirmək olmaz. Ya öz sözünü deməlisən, sevilməlisən, tamaşaçı rəğbətini qazanmalısan, ya da çıxıb getməlisən ayrı sənətə… - Siz isə 3 ilə qədər artıq bütün Azərbaycanda tanındınız?
- Heç 3 il də olmadı. Cəmi bir ildən sonra artıq hamı mənimlə maraqlanırdı - izləyirdilər, xidməti girişə gələn tamaşaçılar arasında məni də gözləyənlər vardı…
IV Pərdə, II şəkil
- Zərnigar xanım, bu gün sizin şəxsi yox, ancaq sənət həyatınızdan danışmaq lazım gəlir. Şəxsi həyatınızı sənətə qurban verdiyinizə görə peşman deyilsiniz ki?
- Mənim taleyimi tamaşaçı həll elədi. Bəlkə də ilk vaxtlar qəbul etməsəydilər, ayrı sənətə getsəydim, indi tamam başqa həyat yaşayırdım. Bir də…
- Taleyi yazan Allahdı…
- Bəli, biz taleyimizdən qaça bilmərik…
IV pərdə, III şəkil
- İlk sevginiz yadınızdadımı?
- Eh… (gülür) 19-20 yaşım vardı onda.
- O bəxtəvər kim idi elə?
- Bilmirəm, özünü bəxtəvər sayırdı, ya yox… (gülür) Cavabsız bir sevgi yaşamışdım…
- Sizin sevginizə qarşılıq verməyən adamın ağlına və hisslərinə şübhə edirəm…
- Onu sevdiyimi bilmirdi, axı?
V pərdə, I şəkil
(Hüseyn Cavid prospekti, tənha mənzil)
Teatr hər şeyi aldı məndən
- Zərnigar xanım, and içsəniz də inanmaram ki, sizin kimi gözələ, istedadlı və duyğulu bir insana ürəyini açan olmayıb…
- Niyə - məni də sevənlər vardı, mənim sevdiklərim də olub. Amma teatr hər şeyi aldı məndən…
- Teatr aldı, yoxsa hər şeyi özünüz teatra qurban verdiniz?
- Yox, mən qurban vermədim… Aktrisalara başqa cür münasibət bəsləyir, axı, bizim xalqımız, onlara bir ayrı gözlə baxır… Bu sənət ailəyə çox mane olur.
- Ailəyə görə sənətdən imtina edərdinizmi?
- Əlbəttə… Bir bəyəndiyim, qarşılıqlı olaraq sevdiyim kişi qarşıma çıxıb demədi axı, burax sənətini, gəl, evimin xanımı ol!..
V pərdə, II şəkil
- Hər zaman fikirləşirdim ki, gün gələcək, gücdən düşəcəm, səhnədən çəkiləcəm... Bax, bu günümü, indiki halımı bütün ömrüm boyu düşünmüşəm…
- Özünüzü evdar xanım kimi təsəvvür edirdiniz?
- Bilirsən, mən ailəyə çox bağlı adamam. Yaxşı bilirəm ki, ailə başçısı evə istirahətə gəlir, qulluq görmək istəyir. Həmişə gənclərə məsləhətim bu olub ki, ailə başçısının bu istəyini nəzərə alsınlar. Mən çox yaxşı evdar xanım olardım…
V Pərdə, III şəkil
- Həyatınızı dəyişmək üçün özünüz bir cəhd etmədinizmi?
- Seçim haqqı kişilərindir, qadınların deyil. Nə cəhd edə bilərdim ki!.. Amma mənim 13 illik ailə həyatım olub…
- Bilmirdim. Bu həyat haqqında heç zaman danışmaq istəməmisiniz, deyəsən…
- Xatırlamaq istəməmişəm.
- 13 il az zaman deyil. Bu illərdən sonra niyə alınmadı?
- Ailəyə bağlı adam deyildi…
- O, çıxıb getdi?
- Qətiyyən! Əksinə, bu qərarı eşidəndə pis olmuşdu. O, məndən sədaqət, vəfa, diqqət gördü. Pis adam deyildi, mədəni, yerini bilən idi…
- Mədəni, yerini bilən, savadlı… Bəs, nə çatmırdı?
- Gördüm ki, bu, həyat deyil - adı var, özü yox. Nə mənası vardı fədakarlıqla o yalançı ailəni saxlamağın? Ona görə nöqtə qoyuldu… İndi o, yoxdu həyatda, rəhmətə gedib…
VI pərdə, I şəkil
Həyat yorub məni
- Sizə baxanda düşünürəm ki, teatrdan heç də yaşınıza, səhhətinizə görə getməmisiniz.
- Bilirsən, həyat yorub məni. İllərlə ikili həyat yaşamışam: bir tərəfdə teatrın stresli rolları, psixoloji gərginlikləri, münasibətlər - teatrda münasibətləri qorumaq da asan deyil, digər tərəfdə məişət qayğıları, çətinlikləri…
- Bəzən bu gərginliyə dözməyib teatrdan da getmisiniz…
- Rol vermirdilər də… Uzun müddət heç bir rol oynamadım. Düşündüm ki, belə qalmaqdansa, çıxıb getmək yaxşıdır.
- Niyə sizə rol vermirdilər və kim vermirdi?
- Ad çəkmək istəmirəm… Sadəcə, rol verməməklə səni bir növ «heç kimə» çevirdilər. Çıxdım teatrdan, həm öz proqramlarımı, verilişlərimi hazırladım, həm də filmlərə çəkildim. Yeddi il yarım beləcə çalışdım. Ancaq çox əziyyətli idi, çatdıra bilmirdim, vidalaşmaq istəyirdim bu gərginliklə… Elə o ərəfədə Mədəniyyət Nazirliyinin müdaxiləsi ilə Azdramaya geri çağırdılar məni. Çox sevindim və bu dəvəti sevə-sevə qəbul elədim.
VI Pərdə, II Şəkil
- Zərnigar xanım, səhnədə gözünüz qaldımı? Nələri oynaya bilmədiniz?
- Ola bilsin, fakturam imkan vermədiyinə görə rejissor hansısa rolu mənə məsləhət bilməyib, ancaq mən istəmişəm o rolu; ola bilsin, yaşım imkan verməyib… Ancaq bu gün elə bir rolda gözüm yoxdur, səmimi deyirəm.
- Bəs, elə bir rol varmı ki, sizin boyunuza biçildiyini düşünəsiniz?
- (gözü yol çəkir, bayaqkı sualın ovqatındadı) …Bir müdrik, ağıllı, geniş düşüncəli qadın obrazı vardı… Mən onu başqa cür oynayardım…
- Hansı tamaşada?
- Demərəm… O rolu oynayanlar olub, var və yəqin ki, olacaq. İstəmirəm o adamların adı hallansın, inciklik yaransın… Elə fikirləşməyin ki, ürəyimdə nisgil kimi qalıb! Kamyunun «Qatil»ində Ana kimi - o qədər dərin, güclü, yüklü obrazdır ki… - rolu mən oynamışam. Və yaxud digər rollarım. Yəni psixoloji və dərin rollarım dediyim obrazı yaratmadığıma görə nisgil çəkməyimə imkan vermirlər…
- Təsəlli üçün deyək ki, oynadığınız obrazlar oynamaq istədiklərinizin əvəzini çıxır…
VII pərdə, I şəkil
Mən həmişə real həyatdan qorxmuşam
- Daha çox psixoloji obrazlar canlandırmısınız. Zərnigar xanım, belə rolların yükü çoxmu ağırdır?
- Çox ağırdır. Amma bir müddətdən sonra ağırlıq çəkilib gedir.
- O cür ağır rollar oynamısınız, gərginliklər yaşamısınız. Və birdən-birə bütün ağırlıq çiyinlərinizdən qalxıb, artıq tam azadsınız. Necə öyrəşirsiniz bu rahatlığa?
- Öyrəşə bilmirəm ki!
- Bəs, niyə getdiniz teatrdan?
- Hiss eləyirdim ki, mənim getməyimi istəyirlər.
- Niyə?
- Bəlkə, bezmişdilər, bəlkə… Bilirsən, axı, cavanlar da var. Biz onlara çox balaca, gənc kimi baxırıq, ancaq onlar yaşını deyəndə, heyrətlənirəm. Artıq 50 yaşa gəlib çatıblar. Mən nə vaxta qədər qalmalıydım? Yox, istəmirəm, daha bəsdir.
VII Pərdə, II şəkil
- Teatr səhnəsində rol oynamaq çətindir, yoxsa, real həyatda?
- Həyatın özünü yaşamaq çox çətindir, mən həmişə həyatın özündən qorxmuşam. Yalnız sevdiyin sənət, amal, ümid sənə bu çətinlikləri adlamaqda yardımçı olur.
- Bu gün siz nəyə ümid edirsiniz?
- … (uzun bir fasilə) Mənimçün çətindir bu suala cavab vermək…
VII Pərdə, III şəkil
Mən tənhalığı indi yaşayıram
- Zərnigar xanım, siz həmişə tək yaşamısınız - Bakıya gəldiyiniz ilk vaxtlardan…
- Yox, ilk vaxtlar ailəli evləri kirayə tuturdum. Sonralar tək yaşadım. Ancaq tək yaşasam da, özümü tənha hiss etmirdim. Teatr həyatı, qaynar mühit özümü tək hiss etməyimə imkan vermirdi.
- Amma indi yaşayırsınız.
- Hə, indi tənhalıqla üzləşmişəm. Ancaq mən tək yaşaya bilmərəm… İstəmirəm… Qohumlarım var, onlara xəbər etmişəm…
- Sizinlə birgə qalırlar?
- Yox.
- Tez-tezmi gəlirlər yanınıza?
- Yox. Bir az şəhərdən kənardadır evləri, ona görə tez-tez gələ bilmirlər. Mənim qonağım çox az olur…
VII Pərdə, IV şəkil
- Heç qorxduğunuz vaxtlar olubmu?
- Hə.
- Nədən qorxursunuz?
- Tək qalmaqdan, tənhalıqdan… Həyətimizdə adamlar yaşayırdı, indi onları köçürüblər, yerində bina tikəcəklər. Onların səs-küyü kəsilib deyə, lap tənha hiss edirəm özümü…
Son söz
7 pərdəli, 21 şəkilli drama sığan deyil Zərnigar xanımın tənhalıq həyatı - baxmayaraq ki, bu 7 və üç 7-nin (21) sıralanması həm də sonsuzluğu ifadə edir.
Yeri gəlmişkən, Zərnigar xanımın doğum tarixi də 7-yə düşür, axı!..
…Qapı ağzında durub, sağollaşmağa hazırlaşıram. Üzünə baxıram və birdən-birə pəncərəni açıb, Bakıya səslənmək istəyirəm: «Sənsən - bütün həyatımızı oğurlayan, ömrümüzü şəhər mühitində diri-diri udan, hər şeyimizi əlimizdən alıb, sonda da bizi 4 divar arasına qovan Sənsən, Bakı! Eşidirsənmi?..»
Anar
-
Sosial14:45
Prezidentin 5 il sonra yenidən eyni vəzifəyə təyin etdiyi Elbrus İsayev kimdir? - DOSYE
-
Sosial14:18
Bu ərazilərimizə leysan yağır - FAKTİKİ HAVA
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ