Digər
Bu şəhərin insanları...
- Axşamın xeyir! – günün günorta çağında dedi adam və qol saatına baxıb gülümsündü. Üç dəqiqə sonra yenə qaranlıq çökdü.
Onlar üçün həmişə axşamdır, onlar üçün günəş tunelin sonunda doğar...
İlk dəfə qatarla gəlmişdim bu şəhərə – günəş doğarkən. Kiçik
qəsəbənin böyük arzular quran oğlu arxasında bir cüt göz buraxıb
böyük şəhərlərə doğru böyük adam olmaq üçün qaçmışdı. Şəhər onu
səhərin ilk çağında çörək dalınca çıxan yaşlı pozğun qadını,
dilənən qarısı, bir də soyuq küləyi ilə qarşılamışdı. Bu şəhərin
insanları da buz kimi idi – özü kimi, illər bunu öyrədəcəkdi
ona...
- Günortan xeyir! – divarın dibində
büzüşmüş adam sübh çağı perakşi satan ümid dolu qadını
salamlayır.
Gecələrin soyuğunda küçələrdə yatanlar üçün günortadır həmişə. Ta
axşamdan canını isitmək üçün günəşin doğmasını, üfüqə qalxmasını
gözləyər onlar...
Günəş doğarkən qatarla gəlmişdi bu şəhərə... Vağzal binasının
böyüklüyü vahimə yaradırdı. Amma vitrinlərdəki işıqlar cəlbedici,
vitrin boyu düzülən donmuş manekenlər sabahlara qədər işləyən gecə
növbətçiləri kimi oyaq idi...
- Sabahın xeyir! – axşam saat doqquzda
dedi adam, növbəni təhvil alarkən. Onlar üçün səhər gecələr
açılar...
... Axşam saat doqquz idi metro qatarı stansiyaya sürətlə yan
alarkən. Bu şəhərin insanlarına tanışlıq, sevgi, dincəlmək, bir də
yatmaq üçündür metro...
...55 yaşlarında bir qadın lap küncdəki oturacaqda qısılıb qalıb.
Qaralmış gözlərinin altını makiyajla örtməyə çalışsa da, uğursuz
alınıb deyəsən. Çiyinlərində batmış başının ağardığını rəng qoyduğu
saçlarının dibindən görmək olur. Dərisi getmiş ayaqqabısı çoxdandır
yağ üzü görmür. Ucuz mallar satılan yerdən aldığı tüklü paltosuna
bərk-bərk bürünüb, sanki gizlənmək istəyir hər kəsdən. Girdə üzündə
yorğunluq o qədərdir ki, sanki sabah olmayacaq, sanki bu gecə hər
şeyin sonudur. Onun üçün həmişə axşamdır. Axşam olsa işdən çıxar,
yorğun ayaqlarını güclə metroya salar, özünə yer tapmaq üçün
yan-yörəsinə baxar, hətta gəncləri baxışları ilə deşər oturmaq
üçün.
Bəlkə də, bütün günü düşündüyü budur, bəlkə də, metroda yer tapmaqdır həyat bu şəhərdə...
... Qatarın təkanı insanları yırğalayır. Qarşı oturacaqda
mürgüləyən yaşlı adam yuxusundan olur. Xumarlanmış gözləri ilə
ətrafı süzür və yenidən yuxuya gedir. Qırışlı üzünə sakitlik çöküb,
yırtılmış ayaqqabılarını gizlətmək istəmir. Yanındakı oturacaq
boşdur, pis qoxu gələn adamın yanında oturmaqdansa, yol boyu ayaq
üstə getməyi seçənlərin sayı nə qədər desən. Onun üçün həmişə
günortadır. Yata bildiyi isti qatarda belə günəş doğub onun üçün.
Bu pis qoxulu adam sonuncu stansiyaya qədər gedəcək, sonra yorğun
ayaqlarını sürüyüb yeni qatara minəcək və yenə sonuncu stansiyaya
qədər gedəcək. Daim gedəcək. Sona qədər. Ona görə yuxusundan olduğu
hər yer sondur. Yuxudan sonra yeni başlanğıcları gətirər mədəsinin
qayğısı.
Bu qoxulu adam üçün yatmaq və yeməkdir həyat bu şəhərdə.
... Bir cüt göz zillənib qoxulu adama. Gənc qızın gözəl gözlərində
mərhəmətdən çox “Gör necə insanlar var” deyən yazıqlıq var. “Gör
necə gözəldir” deyə bir cüt göz də gənc qıza zillənib arxadan. Bir
cüt göz də qıza baxan gözlərin sahibinə zillənib yerini dar etdiyi
üçün...
Qız üçün gördüyü mənzərə, ona baxan üçün gözəl qız, o biri üçünsə
qatarda rahat yer tapmaqdır həyat bu şəhərdə.
... Bir də ucuz, amma təmiz kostyumlu, qalstuk taxmış adam var.
Yəqin, hər səhər həyat yoldaşı illərdir taxdığı bu qalstuku
düzəldib yola salır onu qapıdan. İri çantasını qoltuğunda bərk-bərk
tutaraq, gözlərini önündəki qəzetə zilləyib.
Həmişə sabahların açılmasını gözləyir ki, işə tələssin. Ayın sonuna
da tələsir hər gün, alacağı aylıq maaşa doğru günlərdən daha tez
qaçır. Qalstuklu adam üçün aylıq maaşı gözləməkdir həyat bu
şəhərdə.
... Qatar “Nəsimi” stansiyasına yan alır və yan oturacaqda ağ
bənizli adam ölü kimi donuq baxışlarla önünə baxır. Sanki Hələbdə
güllələr altında yatan Nəsiminin qəbrində oturub. Onun üçün ölü
kimi yaşamaqdır həyat bu şəhərdə.
“Böyük şəhərlər insanları kiçildər” deyib dahilərdən biri. Doqquz
il öncə böyük adam olmaq ümidi ilə gəldiyi bu şəhərdə kiçilmişdi o
da. Ona görə böyük şəhərin kiçik insanları ilə savaşmaqdır həyat.
Bu şəhərdə...
Bu şəhərin kişisi də, qadını da çox yorulub, ölümə tələsir hər kəs.
Kimisi üçün sabahdır həmişə bu şəhərdə, kimisi üçün günorta... Onun
üçünsə, sabahlar da, gündüzlər də, axşamlar da həmişə gecədir bu
şəhərdə.
- Axşamın xeyir! – hər gün günortanın
oğlan çağında metroda rastlaşdığım qatar sürücüsü əlində taxtadan
işarə tutmuş qadına deyir.
Onlar üçün həmişə axşamdır, günəş tunelin sonunda doğar...
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR