Bu halda Azərbaycan-Fransa münasibətlərini qorumaq mümkün olacaq
Bizi izləyin

Qarabağ

Bu halda Azərbaycan-Fransa münasibətlərini qorumaq mümkün olacaq

“Münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən ölkədə belə bir qətnamənin qəbul olunması yolverilməzdir. Bu, bütövlükdə Avropanın özünün təhlükəsizlik məsələlərinin həlli üçün mənfi presedentin əsasını qoya bilər. Çünki Avropanın bir çox ölkələrində separatçı rejimlərin meylləri yaradılması zaman-zaman baş qaldırıb”.

Publika.az xəbər verir ki, bunu Fransa Senatının qondarma rejimi tanıması ilə bağlı danışan deputat Elşad Mirbəşiroğlu deyib.

Fransa Senatının bu qətnaməni qəbul etməsinin Azərbaycanla münasibətlərə zərbə vuracağını qeyd edən deputatın sözlərinə görə, bu, bütövlükdə oxşar münaqişə vəziyyətləri üçün təhlükəlidir: “Çünki bir qayda olaraq münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləyərək, onun həlli yollarının tapılması həm lokal coğrafiyalar, həm də qlobal çərçivədə qarşdurmaların aradan qaldırılmasının optimal yoludur və məhz oyektiv mövqe sərgiləmək zəruridir. Bu baxımdan sənədin tövsiyə xarakteri daşıyaraq heç bir hüquqi əhəmiyyət kəsb etməsinə baxmayaraq, onun siyasi tərəfləri düşündürücüdür”.

E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Fransa prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib: “Xarici İşlər Nazirliyinin rəsmisi də qətnamənin Fransanın rəsmi mövqeyi olmadığını, onun tövsiyə xarakteri daşıdığını bildirdi. Lakin bir ölkədə ümumi siyasi mövqe olmalıdır. Belə görünür ki, Fransada hakimiyyət qolları arasında düzgün koordinasiya mövcud deyil, ya məqsədli şəkildə hansısa maraqların təmin olunması, ya da balansın yaradılması naminə belə addımlar atılır. Görünür, Fransa birmənalı obyektiv mövqe qəbul etməkdən çəkinir. Çünki prezident və Xarici İşlər Nazirliyinin təmsilçisi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Sanki balans yaratmaq naminə Senat da qondarma “Dağlıq Qarabağ respublikası”nın zəruriliyi ilə bağlı qətnaməni hökumətə təqdim edir”.

Deputat qeyd edib ki, burada seçkilər amilini də nəzərə almaq lazımdır: “Fransada dünyanın ən böyük üçüncü erməni lobbisi mövcud olmaqdadır və onların seçki prosesinə birbaşa təsir imkanları mövcuddur. İl yarımdan sonra Fransada prezident seçkiləri keçiriləcək. Çox güman ki, Senat da gələcəkdə ermənilərin dəstəyini qazanmaq naminə belə bir addım atır. Ancaq Fransa öz mövqeyini nümayiş etdirən zaman hər şeydən öncə Azərbaycan-Fransa münasibətlərinin xarakterinə diqqət yetirməli idi, Azərbaycanın Fransanın mədəni-tarixi irsinin qorunması istiqamətində atmış olduğu addımları xatırlamalı idi. Eyni zamanda Fransa BMT Təhülkəsizlik Şurasının üzv olkəsi kimi Azərbaycanın bütövlükdə qlobal təhlükəsizliyə verdiyi və bundan sonra verəcəyi töhfələri də unutmamalı idi. Sənəd tövsiyə xarakteri daşısa da, Fransa hökuməti bununla bağlı daha açıq qəti mövqeyini nümayiş etdirməlidir və bu halda Azərbaycan-Fransa münasibətlərini qorumaq mümkün olacaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm