Qarabağda azad iqtisadi zona yaratmalıyıq – Professor
Bizi izləyin

Qarabağ

Qarabağda azad iqtisadi zona yaratmalıyıq – Professor

“İşğaldan azad edilən ərazilərin, ümumilikdə Qarabağın turizm və iqtisadi potensialı olduqca yüksəkdir. Azərbaycanın digər rayonlarına nisbətən turizm potensialı daha yüksək qiymətləndirilir. Ekoturizmin və kənd turizminin inkişafı üçün orada münbit şərait mövcuddur”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı alim, professor Əli Əlirzayev deyib. Alimin fikrincə, Qarabağda tarixi, ekskursiya və idman turizminin inkişafı üçün hər cür şərait var: “Hətta deyərdim ki, bütün turizm növləri üzrə potensial mövcuddur. Sovetlər dönəmində də belə idi. Təbii sərvətləri, mineral suları, eləcə də orada turizm infrastrukturunun bərpası bu imkanları daha da artıracaq”.

Professorun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ilk növbədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmalıdır: “Çünki zəngin su ehtiyatları da var. Eyni zamanda, torpağı da münbitdir. Bundan başqa əlverişli havası var. Cəbrayıl, Füzuli zonalarında pambıqçılıq və əkinçiliyin növləri sovetlər dönəmində çox yaxşı inkişaf etmişdi. Bu iki rayon Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək qabiliyyətindədir. Ağdamda şərab zavodu var idi. Bütün SSRİ-də məşhur idi. “Ağdam” brendi yaradılmışdı. Həmin brendin əvvəlki şöhrətini yenidən bərpa etmək mümkündür. Vaxt var idi ki, ruslar Ağdamın şərablarını barmaqla axtarırdılar. Eləcə də turist axınını təşviq etmək məqsədilə onlar üçün hotellər tikilməlidir”.

Əli Əlirzayev hesab edir ki, işğaldan azad olunan ərazilərdə yay və qış turizminin inkişafı üçün münbit şərait mövcuddur: “Ekoloji turizmə xüsusi diqqət yetirilməlidir. Dağlar, meşələr, çaylar var həmin ərazilərdə, bu da sağlamlıq turizminin inkişafı üçün münbit şərait deməkdir. Üzümçülüyü də inkişaf etdirmək mümkündür. Üzümçülüyü inkişaf etdirəndə onun emal sənayesinin inkişafını da unutmaq olmaz. Eyni zamanda Ağdam taxılçılıq və pambıqçılıq rayonu idi. Bunları inkişaf etdirmək lazımdır. Pambıq emalı zavodlarının tikintisi həm də yeni iş yerləri imkanı deməkdir. İşlə təmin olunduqdan sonra Azərbaycan vətəndaşları iş üçün Rusiyaya, başqa ölkələrə yox, Ağdama, Füzuliyə üz tutacaqlar”.

İqtisadçı alim deyib ki, bunun üçün böyük kapital lazımdır: “Birinci növbədə bu vəsaiti təmin etmək vacibdir. Xarici investorları cəlb etməliyik. Bütün bunların hamısını dövlət büdcəsi hesabına reallaşdırmaq mümkün deyil. Xaricdəki tanınmış azərbaycanlı milyonçuları, iş adamlarını Qarabağa investisiya yatırmağa təşviq etməliyik. Hətta azad iqtisadi zonalar yaratmaq, onları gömrük və vergidən azad etmək olar. Bütün bunları həyata keçirmək üçün uyğun iqtisadi sistem formalaşdırılmalıdır. Hesab edirəm ki, zamanla bütün bunlar öz həllini tapacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm