Qarabağ
Laçının işğalı və bir itki belə vermədən azad olunması – 29 il öncə və bu gün
29 il sonra ilk dəfə “İnşallah, Qarabağda görüşərik” arzumuzu reallaşdırdığımız kimi, rayonlarımızın işğal ildönümünü də artıq qarşılamırıq. Və bir gün sonra – 18 mayda daha “bu gün Laçının işğalından 29 il ötür” deməyəcək, o torpaqlara qayıtmaq həsrəti ilə yazmayacağıq. Çünki həsrət bitdi, işğala son qoyuldu.
30 illik həsrəti vüsala çevirən, torpaqlarımızda işğala son qoyan Azərbaycan ordusu və bu ordunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevdir. İlham Əliyev 264 nəfər şəhid verdiyimiz Laçını bir güllə atmadan, bir şəhid vermədən azad etdi.
Ağrılı, acılı tarix idi. 1992-ci ilin 18 mayında Laçın Ermənistan tərəfindən işğal edildi. Həmin vaxt Xocalı soyqırımı törədilmiş, torpaqlar bir-bir əlimizdən çıxırdı. Bakıda isə dava Laçın davası, Qarabağ davası deyildi...
AXC-Müsavat cütlüyü prezident Ayaz Mütəllibovu istefaya verməyə çağırır, əks təqdirdə qan töküləcəyini bəyan edirdi. 8 may tarixində Şuşanı işğal edən erməni silahlı dəstələri isə Laçını ələ keçirməklə Ermənistana quru əlaqəsini yaratmağı planlaşdırırdılar. Şuşanın itirilməsi Azərbaycanda ruh düşkünlüyü yaratmışdı. Müdafiə naziri olan Rəhim Qazıyev Şuşanı yenidən azad etmək, beləliklə, reputasiyasını bərpa etmək planları qururdu.
Sonradan yayılan məlumatlarda bildirilir: Şuşanın azad olunması əməliyyatı üçün 5 tank, 7 BMP və 5 ədəd “Qrad” gətirilir. Əməliyyata rəhbərlik edən Elbrus Orucov qüvvələri müxtəlif istiqamətlərə yerləşdirir, o cümlədən, Laçın alayının rəhbərliyinə Sarlbaba hündürlüyü yaxınlığında mövqe tutmağı tapşırır. Lakin AXC-yə yaxınlığı ilə bilinən alayın rəhbərliyi bu əmri yerinə yetirməkdən boyun qaçırır. Daha sonra əməliyyat təxirə düşür, E.Orucov Müdafiə Nazirliyindən hücuma keçməklə bağlı əmr verilmədiyini deyir.
12 may tarixindən etibarən orduda itaətsizlik başlayır. Misal üçün, AXC-Müsavat cütlüyünə yaxınlığı ilə seçilən Laçın alayının rəhbərliyinin Baş Qərargahın əməliyyat şöbəsinin rəisi, polkovnik Rüfət Əmirovu rayondan çıxarır, ardınca Elbrus Orucov da rayondan uzaqlaşdırılır. Həmin vaxt ordunun rəhbərliyi Yevlaxdakı qərargahda toplanmışdı. Artıq Laçında vəziyyət nəzarətdən çıxırdı və ordunun bir hissəsi cəbhədən Bakıya gəlirdi. Dava hakimiyyət davası idi...
1992-ci ilin 12 mayı: parlamentdə Şuşanın işğalı ilə bağlı keçirilən iclasda baş nazirin birinci müavini Vahid Əhmədovun çıxışı: “Üç gündür, hərbi qərargahın işində iştirak edirəm. Şuşadakı bütün əməliyyatlar Şahin Musayev tərəfindən idarə olunur. Şuşada hər şeylə təchiz olunmuş 2000 nəfərlik bir qarnizon var idi. Şuşanın necə alındığı aydın deyil. Bəzi siyasi oyunlar gedir. Laçında, Ağdamda, Qubadlıda hərbi hissələr cəbhədən çəkilir və Bakıya göndərilir. Bunun hansı məqsədlə və kim tərəfindən edildiyi bəlli deyil. Rəhim Qazıyev dəfələrlə Moskvaya getdi və Qraçovla danışıqlar apardı. Ancaq bu günə qədər heç bir nəticəsi yoxdur. Rus qoşunlarından beş piyada döyüş maşını və beş zirehli transportyor ala bildik. Qoşunlara vahid komandanlıq və nəzarət yoxdur. İşlər belə getsə, ermənilər Füzulini, Bərdəni və Gəncəni ələ keçirəcəklər. Azərbaycan çox çətin vəziyyətdədir... Respublikada intizamlı və mütəşəkkil bir ordu yoxdur, heç kim əmrləri yerinə yetirmir. Bu vəziyyətdə hansı müharibədən danışmaq olar? Rusiyanın məqsədi bizi 15 maydan əvvəl diz çökdürmək idi və onlar artıq bizi diz çökdürdülər. Gizlədəcək bir şey yoxdur. Laçında vəziyyət çətindir, hamı oradan qaçır. Tərtər və digər bölgələrdə də vəziyyət çox çətindir. Siyasətimiz bizi buna gətirib çıxardı”.
Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov: “Cəbhədən Bakıya bir çox silahlı dəstələr gəlməyə başlayıb. Onların Bakıya girməsinin qarşısını almaq üçün postlar qurulub. Bu dəstələrin tərksilah edilməsi üçün təlimat verilib”.
Şuşanı azad etməyi planlaşdıran vaxt Laçında artıq qarışıqlıq başlamışdı. Mayın 14-dəm 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkilməyə başladılar. Geri çəkilərkən yayılan xəbərlər digər bölmələr arasında da qarışıqlıq yaratdı və orduda əsl çaxnaşma başlandı. Məlumatlara görə, mayın 15-dən başlayaraq, ordunun böyük bir hissəsi heç bir göstəriş olmadan cəbhə bölgəsindən geri çəkildi.
Mayın 15-də Ayaz Mütəllibov yenidən istefa verdi və hakimiyyət AXC-Müsavat qüvvələrinə keçdi. Həmin gün 777-ci xüsusi təyinatlı batalyon Laçında dayanmadan dərhal Qubadlıya, 771-ci hücum dəstəsi isə icazəsiz olaraq Qubadlıya, oradan da Yevlaxa getdi. 773-cü hücum dəstəsi də 16 may 1992-ci ilin səhəri Laçını tərk etdi.
Mayın 16-da Laçın demək olar ki, boşalmışdı və cəbhə bölgəsindən çıxan hərbçilər Bakıya qayıdırdılar. 18 mayda ermənilər asanlıqla Laçını işğal etdi.
Qarabağ separatçılarının lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Laçının işğalı haqda bunları yazır: “Şuşanı aldıqdan sonra rəqib ruhdan düşdü. Biz isə qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Rəqibin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən güc toplamasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Laçının işğalını belə xatırlayır: “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər”.
Ermənistan ordusu cəmi 25 itki ilə Laçını işğal etdi. Bakıda isə hakimiyyət davası hələ bitməmişdi və qarşıda ermənilər digər əraziləri də işğal edəcəkdi. “Qara bağ” kitabının müəllifi, jurnalist Tomas de Vaal Laçının işğal edilməsinin günahının AXC-də olduğunu yazır: “Bakıdakı siyasi dəyişikliklərdən sonra Azərbaycan silahlı qüvvələri Qarabağı tərk etməyə başladılar. Xalq cəbhəsinin “Goranboy batalyonu” və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütəllibovun devrilməsində iştirak etmək üçün Bakıya tələsdilər. Ən əsası, Dağlıq Qarabağ və Ermənistan arasındakı dar dəhlizdə yerləşmiş Laçın heç kimi maraqlandırmırdı”.
Laçın AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi və xəyanatəı nəticəsində işğal olundu və 28 il işğalda qaldı.
2020-ci il 27 sentyabr Laçının və işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının başlanması oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı və düşmənin 4 il işğal etdiyi torpaqlarımızı cəmi 44 günə azad etdi. İlham Əliyev həm də 28 il öncə Azərbaycanın yaşadığı taleyi Ermənistana yaşatdı. 28 il öncə xəyanət nəticəsində Ermənistana təhvil verilən Laçın 28 il sonra Prezident İlham Əliyevin siyasəti ilə bir güllə atılmadan azad olundu.
Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbəsidir. Və tarix Laçını düşmənə təslim edənlərlə, onu bir şəhid belə vermədən azad edənin qiymətini verəcək. Laçın artıq azaddır və ilk dəfə 18 mayda “laçının işğal tarixini” yox, azadlıq tarixini qeyd edəcəyik...
Asif Nərimanlı
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş