Savaşın 15-ci günü: düşmən Gəncəni ATƏŞƏ TUTDU, ermənilərə BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Qarabağ

Savaşın 15-ci günü: düşmən Gəncəni ATƏŞƏ TUTDU, ermənilərə BÖYÜK ZƏRBƏ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

11 oktyabr 2020-ci il. Müharibənin 15-ci günü...

Saat - 03:09 - Düşmən Gəncəni atəşə tutdu

Ötən ilin bu günü Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Gəncəni atəşə tutdu.

Saat - 08:15 - Mingəçevirə atılan raket havada məhv edildi

Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan İstlik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atdı. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi.

Saat - 09:02 - Gecə ərzində düşmənə ağır zərbə endirildi

2020-ci il oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit oldu. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərsi. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alındı. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edildi və sıradan çıxarıldı.

Saat - 09:18 - Ermənistanın yüksək rütbəli hərbçisi məhv edildi

Ötən ilin bu günü düşmənin 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal aldı. Müdafiə nazirliyindən bildirildi ki, hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir. Canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var idi.

Saat - 09:35 - Ermənistanın Mingəçevir istiqamətinə göndərdiyi PUA məhv edildi

2020-ci il oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edildi.

Saat - 10:07 - Gəncəyə raket atılması nəticəsində 7 nəfər həlak oldu

Ermənistanın 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 7 nəfərə çatdı. Erməni terroru nəticəsində daha 33 nəfər xəstəxanaya yerləşdirildi.

Saat - 10:41 - Gəncədə binanın dağıntıları altından daha bir sakinin cəsədi çıxarıldı

Saat - 12:18 - Dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarıldı

Ötən ilin bu günü Gəncədə dağıntılar olan əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən qeyd olunan saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarıldı.

Saat - 12:34 - Ermənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artdı

Ötən ilin bu günü qeyd olunan saata qədər Gəncədə raket atəşi nəticəsində həlak olanların sayı 9 nəfərə çatdı. Belə ki, dağıntılar altından daha 2 nəfərin – gənc oğlanın və qadının meyitləri çıxarıldı. Bununla da atəş nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralandı, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydi.

Saat - 13:39 - Ombudsman Gəncə terroru ilə bağlı BƏYANAT YAYDI

Ötən ilin bu günü Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bögəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair növbəti etiraz bəyanat yaydı.

Saat - 13:55 - Prezident İlham Əliyevin Rusiyanın RBK televiziya kanalında müsahibəsi yayımlandı

2020-ci il oktyabrın 11-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlandı.

Saat - 14:40 - Hikmət Hacıyev beynəlxalq ictimaiyyətə müraciət etdi

“Toplanmış materiallar həm prokurorluq, həm də XİN xəttilə aidiyyatı beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq ki, biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”. Ötən ilin bu günü bunu Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın ikinci böyük şəhərinə gedən Prezidentin köməkçisi Hikmət Hacıyev söylədi.

Saat - 14:44 - Baş prokuror, Prezidentin köməkçisi və dövlət rəsmiləri Gəncəyə getdi

Ötən ilin bu günü Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər etdilər.

Saat - 15:24 - Çavuşoğlu Lavrovla Qarabağı müzakirə etdi

Ötən ilin bu günü Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Daqlıq Qarabağdakı vəziyyətlə bağlı müzakirə baş tutdu.

Saat - 16:18 - Prezident 4 tvit paylaşdı

Ötən ilin bu günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tvitter səhifəsində paylaşımlar etdi.

Saat - 16:24 - Düşmən döyüş meydanından qaçdı

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verdi. Ötən ilin bu günü Müdafiə Nazirliyindən daxil olan məlumata görə, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edildi.

Saat - 17:34 - Ermənistanın daha bir zenit raket sistemi məhv edildi

Saat - 17:41 - Mehriban Əliyevadan Gəncə ilə bağlı paylaşım etdi

Ötən ilin bu günü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində paylaşım etdi.

Saat - 17:57 - Düşmən kəndlərimizi atəşə tutdu

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutdu.

Saat - 19:01 - Ceyhun Bayramov Çavuşoğluyla atəşkəsdən DANIŞDI

Ötən ilin bu günü Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı oldu.

Saat - 19:09 - Bayramov fransalı həmsədrlə Gəncəyə raket hücumunu MÜZAKİRƏ ETDİ

Saat - 19:20 - Düşmənin “Kub” zenit-raket kompleksi MƏHV EDİLDİ

Saat - 19:22 - Cəbhədəki son vəziyyət AÇIQLANDI

Ötən ilin bu günü Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və general-mayor Hüseyn Mahmudov akkreditə olunan hərbi attaşelər üçün brifinq keçirib. Brifinqdə Ermənistan ordusunun Azərbaycanın şəhərlərinə və kəndlərinə qarşı törətdiyi təxribatlar barədə məlumat verildi.

Saat - 19:42 - Düşmən Ağcabədini atəşə tutdu

Saat - 22:53 - Ceyhun Bayramov xarici diplomatlara erməni təxribatından danışdı

Ötən ilin bu günü Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri qarşısında brifinqlə çıxış etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm