Şuşa işğaldan belə azad olunub - Şərh
Bizi izləyin

Qarabağ

Şuşa işğaldan belə azad olunub - Şərh

“Şuşa şəhərinin işğaldan azad olunması hərb tarixinə yazılan əməliyyatlardan biridir. Şuşanın azad olunması uğrunda aparılan hərbi əməliyyatlar bir çox ölkələrdə dərs olaraq keçirilməyə başlayıb”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi: “Əsgərlərimiz yüngül silahlarla ağlagəlməz şücaət göstərərək, sıldırım qayalardan qalxaraq Şuşa şəhərini işğaldan azad edib. Ermənistan ordusu hücum əməliyyatlarının Şuşanın əsas girişindən olacağını hesab edirdi və buna görə də əsas qüvvələrini buraya cəmləşdirmişdilər. Ordumuz süngü və bıçaqlardan istifadə edərək düşməni məhv edib. Azərbaycan Silahlı Qüvvələri Şuşanın əsas yoluna ordu cəmləşdirərək düşməni yanıldıb”.

Q.Hüseynli vurğulayıb ki, hadisələr o qədər gözlənilməz olub ki, erməni qoşunları bir-birlərinə atəş açıblar: “Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri meşəlik ərazilərdən keçib, sıldırım qayalardan qalxaraq Şuşaya daxil olub. Gecə saat üçdən sonra hücum başlayıb və qaranlıqda ermənilər gözləmədikləri yerdən pusquya düşüblər. Orada əməliyyatın böyük hissəsini xüsusi təyinatlı əsgərlərimiz yerinə yetiriblər. Fransanın “Le Monde” qəzetinin yazısında qeyd olunurdu ki, səhər saatlarında Şuşadan Xankəndiyə doğru yaralı və ölmüş erməni əsgərləri gətirilib, onların çoxunun boyun hissəsində süngü, bıçaq izlərinə rast gəlinib. Şuşa əməliyyatı çox ustalıqla hazırlanıb və əsgərlərimiz misli görülməmiş şücaət göstəriblər. Onlar bir neçə saat ərzində erməni ordusu üzərində qələbə qazanaraq onları torpaqlarımızdan qovublar. Bunların hər biri Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini göstərir. Bu əməliyyatda iştirak etmiş əsgərlərimiz qeyd edirlər ki, onlar üçün başlarına nə gələcəyi əhəmiyyətli deyildi. Əsgərlərimiz söyləyirlər ki, onlar üçün əsas olan torpaqlarımızın işğaldan azad olunması idi. Ordumuz səbirsizliklə Şuşanın azadlığı üçün keçiriləcək əməliyyatı gözləyirdi. Şuşada əməliyyata rəhbərlik etmək üçün ermənilərin keçmiş müdafiə naziri Ohanyan və başqa generallar da orada olub, ancaq Azərbaycan Ordusunun möhtəşəm hücumu başlayan kimi onlar oradan qaçaraq güclə canlarını qurtarıblar”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm