Sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb - HESABAT
Bizi izləyin

Qırmızı.az

Sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb - HESABAT

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) cari ilin birinci yarımilində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Publika.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayının isə 3 min nəfər azaldığını bildirib: “Bu dövrdə tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. İlkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları son 6 ayda 11,8% azalıb. Hesabat dövründə müsbət göstəricilərdən biri kimi, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı da 2639 nəfər azalıb.

Son 6 ayda əlilliyi olan şəxslər ümumilikdə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası, 216 ədəd eşitmə aparatı ilə təmin edilib. ƏƏSMN-nin Əlillərin Bərpa Mərkəzlərində 3000 nəfər əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərilib. Hazırda bu mərkəzlərin bir çoxunda əsaslı təmir işləri aparılır və təmir işlərindən sonra onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq şərait yaradılacaq”.

S.Abdullayev diqqətə çatdırıb ki, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün bütün işlər artıq başa çatdırılıb: “Cari il iyulun 1-dən müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti dövlət qurumlarına elektron qaydada ötürülməsi təmin edilir ki, bu da müvafiq sahədə kağız daşıyıcılarından imtinaya, məlumatların ötürülməsində operativliyin təmin edilməsinə və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə imkan yaradır”.

Əlilliyin müəyyən olunması sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edən şöbə müdiri hesabat dövründə 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsinin işlənib hazırlandığını qeyd edib: “Hazırda layihə əlaqədar qürumlarla razılaşdırılma mərhələsindədir. Layihədə əksini tapan yeni meyarlar 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsinə tibb elminin mövcud səviyyəsinə uyğun olaraq baxılmasına, eləcə də uşaqların sağlamlıq imkanları məhdudluğunun daha uzun müddətə müəyyən edilməsinə imkan verəcək”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm