Qənirə Paşayeva: “Biz bu iddiaların qarşısını almaq üçün çalışmalıyıq”
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva: “Biz bu iddiaların qarşısını almaq üçün çalışmalıyıq”

Adanada Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın həmmüəllifi olduğu Xocalı, Qaradağlı və Bağanıs Ayrım Soyqırımı kitablarının təqdimatı və imzalanması keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə Adana Böyükşəhər bələdiyyəsi sədri Zehni Aldırmaz, Ceyhan bələdiyyə sədri Hüseyin Sözlü, bir sıra tanınmış ictimai-siyasi xadimlər, Adana sakinləri, gənclər iştirak ediblər. Təqdimat və imzalanma mərasimi zamanı millət vəkili Qənirə Paşayeva deyib ki, Türkiyə türkcəsində olan və sabiq millət vəkili Havva Məmmədova ilə birgə hazırladıqları “Hocalı soykırımı: tanıkların dilinden” kitabı Türkiyədə və dünyanın bir çox bölgələrində yaşayan türk gəncliyinə Xocalı Soyqırımı ilə bağlı daha geniş bilgilər vermək məqsədi daşıyır. Həmçinin onların bu soyqırıma doğru gələn tarixi, yaşanan faciələri, soyqırım günü yaşananları daha geniş öyrənməsinə nail olmaqdır.

Millət vəkili bildirib ki, kitabda erməni terrorunu əks etdirən fotolar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, həmçinin həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları da oxucuya çatdırılıb. Q.Paşayeva həmmüəllifi olduğu “Qaradağlı soyqırımı şahidlərin dilindən” kitabı barədə də məlumat verib.

O bildirib ki, Ermənistan təkcə işğal etdiyi Xocalıda deyil, eyni zamanda Qaradağlıda da dəhşətli bir soyqırım həyata keçirib və türk gəncliyi bu barədə geniş bilgilərə malik olmalıdır ki, bu həqiqətləri dünyaya daha geniş yaya bilsin. Kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahıları verilib. Tədbirdə eyni zamanda Q.Paşayevanın və “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlının həmmüəllifi olduğu, Türkiyə türkcəsində çap edilmiş

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı da təqdim olunub. Kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etdiyi, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirildiyi, diri-diri ocaqda yandırıldığı qeyd olunub. Eyni zamanda Bağanıs Ayrım və onun qonşu kəndlərinin XX əsrin əvvəllərində də ermənilər tərəfindən dağıdılması və dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən qətliamlar da kitabda faktlar və sənədlərlə öz əksini tapır. Millət vəkili deyib ki, “Qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə, Qarabağ probleminin həlli, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları gerçəklərinin dünyaya daha geniş yayılması harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır:

“Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gərçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”. Millət vəkili bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları gerçəklərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Tərbirdə iştirak edən Adana Böyükşəhər bələdiyyəsi sədri Zehni Aldırmaz, Ceyhan bələdiyyə sədri Hüseyin Sözlü, Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut, bir sıra tanınmış ictimai-siyasi xadimlər, alimlər və ziyalılar bu ktabların gənclərin ortaq tariximizi daha yaxından öyrənməsi üçün çox önəmli olduğunu vurğulayarıblar. Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut millət vəkili Qənirə Paşayeva təşəkkürnamə plaketi təqdim edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Kültür Mərkəzinə müəllifi olduğu kitablarla bərabər, Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri ilə də bağlı çoxlu sayda kitab hədiyyə edərək gəncləri onları oxumağa səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm