Millət vəkilləri “Texnikabank” fırıldağından danışdılar
Bizi izləyin

Qırmızı.az

Millət vəkilləri “Texnikabank” fırıldağından danışdılar

“38 milyon manat vətəndaşlara qaytarılmalıdır” 2008-ci ildən “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza alan Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur.

Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına qaytarıb.

Qeyd edək ki, məhkəmənin müvafiq qərarı ilə Zal Yusifovun müsadirə olunmuş əmlakları hərraca çıxarılmışdı. Artıq bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icrası şöbəsinə bununla bağlı rəsmi məktubla müraciət olunmuşdu. Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanmışdı.

Maraqlıdır, necə olur ki, birdən-birə Ali Məhkəmənin hakimləri cinayətkara “yaşıl işıq” yandırır? Bu da çox maraqlıdır, 80 yaşlı ahıl pensiyaçı dəyəri milyonlarla manat olan əmlakı necə əldə edib? Adi pensiyaçıda bu qədər maliyyə vəsaiti haradandır? Əgər bütün bunlar ahıl pensiyaçının öz halal sərvətidirsə, o zaman onun oğlu Zal Yusifovun fırıldaq yolu ilə vətəndaşlardan mənimsədiyi 38 milyon manat haradadır? Bu müəmmalı məsələ ölkədə hər kəsin diqqət mərkəzindədir. Milli Məclisin üzvləri də məsələyə biganə qalmayıb. Onlar Ali Məhkəmənin son qərarına öz münasibətlərini açıqlayıblar?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Texnikabnak” olayı ilə bağlı Teleqraf.com-a bunları deyib:

“Cənab Prezident bir daha sübut etdi ki, dövlət daim yüksək ədalətin və əhalinin hüquqlarının qorunub saxlanmasında israrlıdır və bu məsələdə heç bir halda kiməsə güzəştə getməyəcək. Tutduğu vəzifəsindən və cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir cinayət törədən şəxs qanun qarşısında cavab verəcək. "Texnikabank” məsələsində iki amil əsas götürülməlidir. Birincisi, hüququn üstünlüyü, digəri isə ədalətin bərpa olunması. Bu gün məhkəməyə hər hansı irad bildirmək və ya yol göstərmək düzgün olmaz. Çünki Azərbaycanda məhkəmə hakimiyyəti tam müstəqildir və hər hansı məsələni məhkəmə özü araşdıraraq yekun nəticəyə gələcək. Mən məhkəmədə məsələnin hüquqa və qanuna uyğun araşdırılmasının tərəfdarıyam. Digər tərəfdənsə aldadılmış insanlara dəyən ziyan ödənməlidir və məhkəmənin sayəsində ədalət bərpa olunmalıdır. Bütün bunlar da qanun əsasında reallaşdırılmalıdır. Hesab edirəm ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbərinin işi ilə bağlı da məhkəmə insanlara dəyən zərərin kim tərəfindən, hansı həcmdə və zamanda ödənilməsi barəsində müvafiq qərar qəbul edəcək”.

Millət vəkili Zahid Oruc isə bildirib ki, əmlakın, mülkiyyətin və digər irsin necə qiymətləndirilməsi vacib məsələdir: “Bizim üçün önəmli məsələ məhkəməyə vətəndaşın güvəncidir. Təəssüf ki, son zamanlar böyük cinayətlərin baş verməsin səbəblərindən biri də məhkəmənin öz fəaliyyətini düzgün yerinə yetirməməsidir. Əgər cəzalandırılan şəxslər həmin qurum vasitəsi ilə öz hüquqlarını bərpa edə bilsəydilər, o zaman cinayətlər belə geniş miqyasda tüğyan eləməzdi. Haqqında söhbət gedən məhkəmə qərarının tam təfərrüatından məlumatlı olmasam da, onu deyə bilərəm ki, hər hansı qanuna söykənməyən qərarlar sonradan Azərbaycanın əleyhinə əməliyyatlara səbəb olur. Çünki vətəndaşlar pozulmuş hüquqlarını sonrakı dövrlərdə beynəlxalq məhkəmə vasitəsi ilə bərpa edirlər. Orada iddiaçının qaldırdığı məsələ təsdiq olunanda Azərbaycanın üzərinə müxtəlif cərimələr və cəzalar gətirir”.

Zahid Oruc bildirib ki, “Texnikabank” işində zərərçəkimşlərə dəymiş ziyanın ödənilməsi üçün çıxış yolu məhkəmələr tərəfindən müəyyənləşdirilməlidir: “Məhkəmə sistemini, ona qədər olan mərhələdə prokurorluq orqanlarını bu qədər sadə bir məsələ ilə aldatmaq mümkün olmamalıdır. Yəqin ki, bu məsələnin arxasında başqa adamlar var, onları hərəkətə gətirən qüvvələr mövcuddur. Yoxsa ilk baxışdan külli miqdarda vəsaitin arxasında 80 yaşlı bir insanın dayanması və bunu başqa xəyallarla həyata keçirməsi inandırıcı görünmür. Zal Yusifovun və onun atasının arxasında gizlənən həmin dairələrin özü tapılmalıdır”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa qalmaqalla bağlı məsələyə münasibət bildirərkən deyib: “Məhkəmə “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifova məxsus olduğu iddia edilən villaların kimə və nə zaman tikildiyini çox rahatlıqla müəyyən edə bilər. Həmin villaların hansı illərdə inşa edildiyini sübut etmək məhkəmə üçün elə də çətin deyil. Burada müxtəlif prosedur qaydaları var ki, məhkəmə də bunu hüquqi yollarla edə bilər.

Ona görə hesab edirəm ki, məhkəmə Zal Yusifovun atasının ona məxsus olduğunu dediyi villalarla bağlı dürüst qərar çıxara bilər. Daha sonra isə məhkəmənin qərarı ilə həmin əmlakların hesabına ziyan çəkmiş insanların vəsaitləri ödənilə bilər”.

Fazil Mustafanın sözlərinə görə, “Texnikabank”ın 81 nəfər müştərisinin ümumilikdə banka qoyduqları 38 milyon manat vəsaitin mənimsənilməsi cinayət əməlidir: “Burada onlarla insanın vəsaiti mənimsənilib. Ona görə də təkcə bir adamın cinayət məsuliyyətinə cəlb olunması ilə bu iş bitmir. Bu sübut olunan təqdirdə məhkəmənin qərarı ilə keçmiş bank rəhbəri cinayət məsuliyyətinə cəlb olunmaqla yanaşı, həm də ona aid əmlakın hesabına zərərçəkmiş insanların vəsaitləri ödənməlidir. Bu yaxınlarda cənab Prezident də bu kimi məsələlərlə bağlı böyük addım atdı və insanlar tərəfindən bu addımlar yüksək qiymətləndirilir. İndi görək məhkəmə hakimiyyəti də 81 nəfər insanın vəsaitlərinin mənimsənilməsi ilə bağlı nə dərəcədə obyektiv qərar verəcək ki, Prezidentin atdığı uğurlu addımlar real həyatda öz təminatını görsün”.

Vasif Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm