Bizim İran siyasətimiz
Bizi izləyin

Qırmızı.az

Bizim İran siyasətimiz

Prezident İlham Əliyevin başçılığı ilə nümayəndə heyətimiz dünən İranda bir sıra sənədlər imzaladı.

Şübhəsiz ki, Prezidentin bu səfərini əvvəlki səfərlərdən fərqləndirən əsas cəhət sanksiyalardan azad olunmuş, yenidən doğulmuş İranla danışıqların aparılmasıdır. Çünki embarqoların, qadağaların aradan qalxmasından sonra İran prezidenti Avropa turnesinə çıxdı, eləcə də Qərbin, Çinin mühüm şəxsləri, iş adamları bu ölkəyə səfər etdi. Məqsəd yenidən dünyaya açılan İran bazarında pay sahibi olmaqdır.

Şübhəsiz ki, qonşu dövlət kimi İranın yeni iqtisadi vizyonu bizim üçün çox mühümdür. İranın yeni neft-qaz strategiyasında yer almaq, tranzit məsələsində anlaşmalar əldə etmək baxımından bu ölkəyə yeni təkliflərin verilməsi, müqavilələrin bağlanması önəmlidir.

Azərbaycan hökumətinin 1993-cü ildən etibarən İran siyasətində seçdiyi bir yol var. İranla tərəfdaş dövlət olmaq, bu ölkəni dünyadakı maraqlarını zədələyəcək həmlələrdə bulunmamaq, münasibətləri gərgin vəziyyətdə saxlamamaq.

Xəzərin bölünməsi, dini ekstremizm, sərhəd pozuntuları kimi hallar zamanla gərginliyə səbəb olsa da, yekunda hər iki tərəf münasibətlərin müsbət məcrada irəliləməsinə çalışıb. Ən önəmlisi isə İrana qarşı sanksiyaların yüksək səviyyədə olduğu, hətta hərbi münaqişələrin başlanacağı ehtimalı olan ərəfələrdə, Prezidentin də dünən Tehranda qeyd etdiyi kimi, Azərbaycan həmişə bu siyasətin əleyhinə olub, öz ərazisindən bu ölkəyə qarşı hücuma əsla yol verməyib. Çünki Azərbaycan bölgədə sülhün tərəfdarı olduğu, Qarabağ probleminin qonşu ölkələrin də aktiv iştirakı ilə həll edilməsini istədiyi, eləcə də Güney Azərbaycanda yaşayan milyonlarla türkün zərər çəkməməsi üçün bu savaşın əleyhinə olub və ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Buna görə də adekvat münasibəti İrandan hər zaman ummuşuq, bu ölkənin Ermənistan siyasətində dəyişiklik etməsini tələb etmişik.

Bizim İran siyasətimizdə ən önəmli məsələ Güney Azərbaycandır. Multikultural dəyərlərə sahib olan, ölkədə yaşayan bütün xalqlara, dinlərə bərabər mövqe sərgiləyən Azərbaycan qonşu ölkədə də 25 milyondan çox azərbaycanlıya eyni münasibətin göstərilməsinin tərəfdarıdır. Çünki hər iki Azərbaycanda yaşayan türklərin bir-biriləri ilə ortaq kültürəl dəyərləri bölüşməsi, fərqliləkləri qəbul edib öyrənməsi baxımından bunlar vacibdir. Təəssüf ki, hələ də müsəlman ölkədə belə bir hüquq lazımi səviyyədə deyil.

Düşünmək olar ki, yeniləşmiş İranda iqtisadi məsələlərin həllindən sonra insan hüquq və azadlıqları, multikultural dəyərlər ön plana çıxacaq. Orada yaşayan azərbaycanlılar və digər türk xalqları öz milli-mədəni haqlarına qovuşacaqlar.

- See more at: http://teleqraf.com/news/88685#sthash.ChSL4nsc.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm