Qırmızı.az
“Elçilərimə “yox” dedi...” – gün işığına həsrət toxucunun HƏYAT HEKAYƏSİ – FOTO/VİDEO
Hər gün səhər kirayə qaldığı darısqal, qaranlıq və rütubətli otağı tərk edərək divarlardan tuta-tuta avtobus dayanacağına addımlayır. Sərnişinlərin köməyilə avtobusa minib metro stansiyalarından birinə üz tutur. Metro stansiyasına daxil olur, vaqonda yerini tutduqdan sonra əlindəki torbadan ipləri çıxararaq papaq, corab, şərf toxumağa başlayır. Görmə məhdudiyyətli birinci qrup əlil Elçin Abbasovun gündəlik "iş qrafiki" adətən bu cür başlayır.
Hələ erkən yaşlarından dünya işığından məhrum olmuş Elçin son günlər sosial şəbəkələrin əsas qəhrəmanlarından birinə çevrilib. Hər kəs görmə məhdudiyyətli bu insanın həyat eşqini, qurmaq, yaratmaq əzmini, ən əsası isə halal zəhməti, alın təri ilə çörəkpulu qazanmasını alqışlayır.
Elçin özü isə ağır həyat yolundan, üzləşdiyi çətinliklərdən Publika.az-a danışıb.
"Yıxıldım, gözüm stula dəydi..."
Onunla elə kirayədə qaldığı kiçik "otaq"da – həyət evlərindən birinin zirzəmisində görüşdük. Kiçik pəncərəsi olan alaqaranlıq otaqdakı toxunma corablar, papaqlar, sərflər Elçinin özünəməxsus yaradıcılıq üsulunun gecə-gündüz davam etdiyini göstərir. 1982-ci ildə Lerikin Ərdəbilə kəndində dünyaya gəlmiş müsahibim 9 uşaqlı ailənin yeganə əlil üzvüdür: "Dörd qardaşım, dörd bacım var. Atam kimya-biologiya müəllimi idi, anam evdar qadındır.
Rəngləri altı yaşıma qədər birtəhər seçə bilir, ətrafdakıları zəif də olsa, görürdüm. İndi gün işığı da mənə qaranlıqdır. Dünya işığını əvvəlki kimi görsəydim, özümü xoşbəxt sayardım...
Görmə qabiliyyətimdə problem anadangəlmə deyil, sonradan yarandı. Uşaq yaşlarımda aldığım zərbədən göz damarlarımda təzyiq yaranmışdı. Valideynlərim məni Bakıya Göz Klinikasına gətirdilər. Həkim ata-anama məni Ukraynaya Odessa şəhərinə aparmağı tövsiyə etdi. Lakin ailəmizin buna maddi imkanı olmadığından, valideynlərim gözlərimdən birini əməliyyat etdirməklə kifayətləndilər.
Əməliyyatdan sonra rayona qayıtdıq. Bir gün evdə oynayarkən yıxıldım və əməliyyat edilmiş gözüm stulun kənarına dəydi. Zədə nəticəsində bəbəyim batdı, daha da zəiflədi. Onun təsiri sonra o biri gözümə də keçdi..."
Elçin aldığı zədədən hər iki gözünün nurunu tədricən itirib. Buna görə təhsil ala bilməyib: "Fiziki cəhətdən əngəlli olduğumdan valideynlərim məni camaat arasına çıxarmaqdan utanırdılar. İctimai yerlərə gedəndə ata-anamın sıxıntı çəkdiklərini hiss edirdim.
Özüm də mənəvi sıxıntı keçirirdim. Kimsə küçədən keçəndə qaçıb həyətə girirdim ki, məni görməsin və valideynlərim narahat olmasınlar. Əynində paltar olmayan kimsə ətrafdakı adamdan necə qaçırdısa, mən də kəndimizdəki insanlardan elə qaçırdım..."
"Qonşu kənddən qız istəyirdim..."
16 yaşına kimi hamıdan kənar gəzən Elçin hesab edir ki, əsas məsələ odur, insanın əqlində, şüurunda problem olmasın: "Qardaşlarım, bacılarım ailəlidir. Müxtəlif sahələrdə çalışırlar. Onların mənə çox köməyi dəyib. Amma istəmirəm kiməsə yük olum. Maddi köməyə ehtiyacım yoxdur. Buna görə heç kimi narahat eləmirəm.
Toxuculuq işini 11 yaşımda evdə əlcək, papaq toxuyan bacılarımdan öyrəndim. Bu sənəti tam öyrəndikdə sevincimin həddi-hüdudu yox idi. Elə sevinirdim ki, ip az olduğundan toxuduğum əlcəkləri, papaqları söküb yenidən toxuyurdum..."
O, 2014-cü ildə Leriki birdəfəlik tərk edərək Bakıya üz tutur: "Rayonu tərk etməyimin səbəbi vardı. 11 il idi ki, qonşu kənddə yaşayan qızı sevirdim. Amma yaşı bir qədər az idi deyə, sevgimi gizlədirdim. Fiziki cəhətdən sağlam, gözəl, əxlaqlı xanım idi. Gələcəkdə xoşbəxt olmaq üçün onunla ailə qurmaq istəyirdim. İki il əvvəl sevgimi bildirdim və elçi göndərdim. Lakin qardaşı elçilərimə "yox" dedi. Qız özü isə deyirdi ki, "mən bu məsələdə kiminsə fiziki cəhətdən qüsurlu olmasına məhəl qoymuram. Elçin bəzi sağlam insanlardan daha dəyərlidir. Amma qardaşım "yox" deyirsə, onun sözündən necə çıxım?"
Həmişə öz gələcəyimi onunla arzulamışam. Düşünürdüm ki, xoşbəxtliyim onunladır. Onu itirmək mənə çox toxundu. Əgər mənə konkret "yox" desəydi, hər şeyi qəlbimdən silərdim..."
İki il əvvəl paytaxta gələn Elçin bir müddət Sabunçuda yaşayan qohumlarının evində qalıb: "Hər gün bulvara gedir, küskün-küskün gəzirdim. Ora gəzməli yer olsa da, sıxılır, darıxırdım. Fikirləşirdim ki, özümə çıxış yolu tapmalıyam. Bulvardakı fotoqraf mənə Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə getməyi təklif etdi.
Sənədləri toplayıb dekabrın 8-də mərkəzə getdim və orada peşə kursu keçməyə başladım. Ötən il Reabilitasiya Mərkəzindən xüsusi sertifikat aldım. Qohumlarımın evində uzun müddət qalmaq istəmirdim. Qərara gəldim ki, ayrıca yaşayım. Kirayə ev axtardım. Noyabrın 1-də bu evə köçdüm. Ayda 50 manat kirayəpulu verirəm. Burda iki otaq yoldaşım var. Sağ olsunlar, mənə qab-qacağımı yumağa kömək edirlər. Paltarlarımı isə qohumlar yuyur..."
"Bəzi adamların atmacaları məni ruhdan salır"
Bəzi işlərini özü görə bilməsə də, gözdən əlillər üçün məktəbə gedən, yazıb-oxumağı öyrənən Elçin özünü idarə edə bilir: "Gəzərkən ətrafımdakı insanları, əşyaları hiss edirəm. Küçə divarlarının, qapıların yanından keçəndə onları hiss edirəm. Amma küləkli havalarda, maşınların səs-küylü yerlərində ətrafımdakı əşyaları hiss edə bilmirəm.
Avtobusa özüm minirəm, amma yenə də küçələrdə yaxşı insanları Allah yetirir. Yaşadığım yerdə bir taksi sürücüsü var, hər gün məni piyada dayanacağa aparır..."
Elçin deyir ki, gəzərkən əlindən tutub kömək edənlərə güvənir. Amma xətrinə dəyənlər çox olur: "Küçədə, metroda bəzi adamların atmacaları məni ruhdan salır. Metroda bir gənc əlimdən tutub stansiyaya daxil olmağa kömək etdi. Amma pilləkəndə büdrəyib yıxıldım. Arxadakı gəncin gülüşü mənə çox toxundu...
Çoxları elə bilir, qulaqlarım da eşitmir. Qulağım eşidə-eşidə mənə kor deyirlər. Bu söz adama pis toxunur. Bu günlərdə metroda papaq toxuduğumu görən bir qız yanındakına "Ona bax, kordur, amma gör nə yaxşı toxuyur" dedi. Əsəbiləşib dedim ki, "xanım, sözlərinizə diqqət edin. Gözlərim görməsə də, qəlbim ki kor deyil. Əsas odur, heç kimə əl açmır, çörəkpulumu özüm qazanıram"".
Bəziləri də onun görmə məhdudiyyətli olmasından istifadə edirlər: "Qışdan bu günə kimi 3 dəfə papaqlarımı oğurlayıblar. Axı mən onlara günümü sərf edirəm. Qıyıb özümə dönər almıram, saatlarla oturub papaq, corab toxuyuram. Sonda isə oğrulara qismət olur...
Bir dəfə bir cavan oğlan toxuduğum corablara, papaqlara baxdı. Dedi, sonra götürərəm. Sağollaşıb gedəndən sonra papaqları saydım, gördüm, ikisi yoxdur. Belə hallar olanda Allaha şikayət edirəm ki, əgər gözlərim görsəydi, məndən istifadə edə bilərdilər? Elə olub ki, əsəbimdən ağlamışam..."
Bütün bunlarla yanaşı, qarşılaşdığı mərhəmətli insanlar da çoxdur: "Bir xanım papaqların qiymətini soruşdu. Qiyməti öyrəndikdən sonra pulu verib getdi. Toxuduqlarımı yerbəyer etdikdə saydım, 5 manatı versə də, götürməmişdi".
Toxumaq üçün qiyməti 3-4 manat olan iplərdən istifadə edən Elçin iplərin rənglərini yanındakılardan soruşub öyrənir: "Amma bununla yanaşı, elə iplər var, əlimlə toxunanda hansı ip olduğunu hiss edirəm. (Əli ilə göstərərək) Bunu payızda almışdım. O vaxtdan qalıb..."
"Pulları əlimlə toxunmaqla tanıyıram"
Elçinin toxuduğu papaqların qiyməti 5-6 manatdır: "İndiyə kimi küçədə, metroda bircə dəfə müştəri çağırmamışam ki, toxunma papaq, şərf, corab satıram. Bunu özümə sığışdırmıram ki, kiməsə ağız açım, təklifim nəticəsiz qalsın. Sakitcə oturub müştəri gözləyirəm. Onsuz da görürlər ki, nə satıram.
Elə gün olur, 5-6 papaq, corab satıram. Elə də olub ki, tanıdığım adam məndən 55 manatlıq mal götürüb, amma 70 manat pul verib.
Bunlardan əlavə, mağazalardan muncuq alıb gül və yarpaqlar da düzəldə bilirəm..."
Birinci qrup əlilliyə görə 140 manat təqaüd alan Elçin təqaüd kartını ancaq metro işçilərinə, polislərə etibar edir: "Təqaüd pulumu bankomatdan çıxarmaq üçün kartımı metro işçilərinə, polisə verirəm. Bilirəm ki, məni heç vaxt aldatmaz, pulumu oğurlamazlar".
Yeri gəlmişkən, Elçin pulu əlləri ilə toxunmaqla tanıyır: "1 manatlıq əskinaslarla 5 manatlıqlar, 5 manatlıqlarla da 10 manatlıqlar bir-birindən ölçülərinə görə fərqlənir. Alış-veriş edərkən pulları əlimlə toxunmaqla tanıyıram..."
Ona göstərilən mərhəmətdən məmnun qaldığı kimi, özü də ehtiyacı olanlara, o cümlədən küçədəki dilənçilərə pul verir: "Hər gün "Koroğlu" metrostansiyasının sağ girişinin yaxınlığında bir əlil dayanır. Metrostansiyaya daxil olanda ona 20 qəpik verirəm. Bununla ruzim azalmaz ki... Bir dəfə ona pul uzadanda kimsə dedi ki, "vermə, o, fırıldaqçıdır". Cavab verdim ki, bəziləri elə məni də yalançı adlandırır. Amma dünya işığına həsrətəm".
Anar Tağıyev
Fotolar Elçin Muradındır
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO