Deputatlardan yol polisi barədə sərt sözlər
Bizi izləyin

Qırmızı.az

Deputatlardan yol polisi barədə sərt sözlər

“Bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin təşkil etdiyi tədbirə gedirdim, Dövlət Yol Polis İdarəsinin əməkdaşları maşınımı saxladılar. Cərimə yazdılar. Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli söyləyib.

O deyib ki, deputatlara qarşı bu cür münasibət yolverilməzdir: “Deputat inzibati xətaya yol veribsə, Milli Məclisə müraciət olunmalıdır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq tədbir görülməlidir”.

Tahir Kərimli eyni zamanda dövlət dilinə münasibətlə bağlı da çıxış edib.

O, Bakı şəhərində Azərbaycan dilinə sayğısızlığın olmasından şikayətlənib: “Şəhərdə az qala uşaqlar da rus dilində danışır. Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasında çıxışı zamanı Azərbaycan dilinə əcnəbi sözlərin daxil olmasının qarşısının alınmasını deyib. Xüsusən milli elitaya daxil olan bir sıra şəxslər Azərbaycan dilində danışmırlar. Bu kimi hallara xüsusi nəzarət edilməsi vacibdir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, öz doğma dilində danışmayan elita milli sayılmır: “Azərbaycan dili dövlət dilidir. Ancaq Azərbaycanda həm də rusdilli məktəblər var. Lakin mən elə bir dövlət təşkilatı tanımıram ki, orada Azərbaycan dilində danışmasınlar.

Dövlət dili ilə bağlı qanunlar qəbul etmişik və çalışmalıyıq ki, bu qanunları da pozmayaraq”.

Deputat Fəzail Ağamalı da Tahir Kərimlinin yol polisləri ilə bağlı dediklərini dəstəkləyib: “Birinci dəfə deyil ki, millət vəkillərinə qarşı bu cür hal baş verib”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hər kəs qanunvericiliyə əməl etməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm