Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqlarından ibarət cəmiyyətin başına gətirildi.
Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni
yaradılan Qafqaz xalqlarından ibarət cəmiyyətin başına
gətirildi.
Yeni yaradılan Ukrayna Qafqaz Xalqları Konqresindən (UQXK)
verilən məlumata görə, bu, Azərbaycanın bu yaxınlara qədər
Dubaydakı vitse - konsulu olan Paşa Məmmədovdur (İlisuyiski).
UQXK özündə azərbaycanlıları, gürcüləri, çeçenləri, osetinləri,
abxazları, ləzgiləri, inquşları və digər Qafqaz mənşəli xalqları
təmsil edən cəmiyyətləri birləşdirir.
Erməni cəmiyyətləri UQXK elan olunan zaman rəhbərliyə milliyətcə
azərbaycanlının seçildiyi üçün bura dərhal qoşulmaqdan imtina edib
və bu barədə qərar vermək üçün fikirləşəcəklərini bildirib. Yeni
yaradılan Konqres ölkədə yaşayan Qafqaz xalqlarının Ukraynanın
ictimai - siyasi həyatında, parlament seçkilərində yaxından
iştirakının təmin edilməsini qarşıya məqsəd qoyub.
UQXK - nin rəhbərliyinə seçilən Paşa Xəyyam oğlu Məmmədov
(İlisuyiski) 9 fevral 1977 - ci ildə Moskvada ziyalı azərbaycanlı
ailəsində anadan olub.
Bakıda "Azərbaycan" Universitetinin Beynəlxalq əlaqələr
fakültəsini, ABŞ - ın Kaliforniya ştatında Dilçilik Kollecini, AR
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili
alan P. Məmmədov 2003- 2009 - ci ildə Azərbaycan Xarici İşlər
Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə, o
cümlədən nazirliyin Həmkarlar İttifaqının sədr müavini vəzifəsində
işləyib.
P. Məmmədov 2009 - cu ilin fevralında Azərbaycanın Dubayda vitse -
konsulu təyin edilib və 2010 - cu ilin sentyabr ayına kimi bu
vəzifədə çalışıb. Öz ərizəsi ilə tutduğu vəzifədən azad olub.
Hazırda Kiyevdə yaşayır, Yaxın Şərq korporasiyalarının şərqi Avropa
üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir.
P. Məmmədov diplomatik fəaliyyətinə görə dövlət tərəfindən bir sıra
təltiflərə layiq görülüb, eyni zamanda Azərbaycan Prezidentinin
2003 və 2008 - ci illərdə inaqurasiya mərasiminin yüksək səviyyədə
təşkilinə görə xüsusi təşəkkürnaməyə layiq görülüb.
Atası Xəyyam Məmmədov Azərbaycanın ağciyər xəstəlikləri üzrə tibb
alimidir, eyni zamanda 1993 - 2002 - ci illərdə Qax rayon İcra
hakimiyyətinin başçısı olub. /Trend/
|
|