Amerikalı alim Azərbaycandan danışdı: “Bunu heç zaman unutmayacam”
Bizi izləyin

Qırmızı.az

Amerikalı alim Azərbaycandan danışdı: “Bunu heç zaman unutmayacam”

Azərbaycanda təhsilin inkişafına ayrı-ayrı ölkələrlə müxtəlif layihələr çərçivəsində respublikamıza gəlmiş əcnəbi müəllimlər də öz töhfələrini verirlər. Belə şəxslərdən biri də Azərbaycana ABŞ-dan gəlmiş ingilis dili müəllimi, alim Nensi Hableydir.

ABŞ-lı mütəxəssis Publika.az-ın "Biz onların gözündə" rubrikasının qonağı olub.

Qafqaz Universitetində həyata keçirilən layihə çərçivəsində öz biliyini, təcrübəsini tələbələrlə bölüşən amerikalı dilçi qısa müsahibəsində ölkəmizlə, azərbaycanlı tələbələrlə bağlı təəssüratlarını paylaşdı.

ABŞ-ın Massaçusets ştatının Şərqi Boston kəndində yaşayan müsahibimiz ilk öncə özü haqda məlumat verdi: "Azərbaycanda olduğu kimi Amerikada da bir neçə yüz nəfərin yaşadığı kəndlər kifayət qədərdir. Mənim yaşadığım Şərqi Baston da belə kəndlərdəndir. Baston Massaçusets ştatı özünəməxsus ənənələri olan yaşayış məskənlərindəndir. Ailəliyəm. Bir qızım var, o da Şərqi Bostonda yaşayır, uşaq bağçasında çalışır".

İki ali təhsil almış Nensi Hableyin birinci təhsili antropologiya ixtisası üzrə olub: "Yeri gəlmişkən, həyat yoldaşım da antropologiya üzrə təhsil alıb. Hazırda miqrasiya məsələləri ilə bağlı araşdırmalar aparır".

O, bildirdi ki, ABŞ səfirliyinin həyata keçirdiyi proqramlarda iştirak edir. Azərbaycana gəlişi də həmin proqramlardan birinin tərkib hissəsidir: "Bu layihələr çərçivəsində bir sıra ölkələrdə, o cümlədən Vyetnamda, Tayvanda, Tailandda, Rusiyada, Özbəkistanda, Omanda, Cənubi Amerikanın ayrı-ayrı dövlətlərində, Braziliyada, Peruda, Ekvadorda və digər ölkələrdə olmuşam".

Alim dedi Azərbaycanı digər ölkələrdən bir sıra maraqlı cəhətlər ayırır: "Azərbaycana da bu proqramlar çərçivəsində, ABŞ-ın bu ölkədəki səfirliyinin vasitəsilə gəldim. Azərbaycana gəlişimin əsas məqsədi Qafqaz Universitetindəki ingilis dili müəllimlərinə bu dili tədris etmək, eyni zamanda qiymətləndirmə və dəyərləndirmə metodlarını öyrətməkdir".

Bu, onun respublikamıza ilk gəlişidir: "İlk öncə qeyd edim ki, sizin ölkənizin mədəniyyəti adlarını çəkdiyim dövlətlərdən olan Özbəkistanın mədəniyyətinə yaxın və oxşardır.

Azərbaycana ilk ayaq basanda diqqətimi bir sıra cəhətlər, xüsusən bu ölkənin gözəlliyi cəlb etdi. Ölkənizin şəhərlərinin, xüsusən paytaxt Bakının işıqlı olması məni çox məftun etdi. Bunu heç zaman unutmayacam".

Artıq bir neçə həftədir Azərbaycanda olduğunu deyən müsahibim vətəndaşlarımızın maraqlı xüsusiyyətləri ilə diqqət çəkdiyini deyir: "Burada insanlar fəaldırlar. Hər şeylə maraqlanan, aktiv təsir bağışlayırlar. Qafqaz Universitetinin tələbələri ingilis dilini öyrənir, bu dilə yüksək qiymət verirlər. Mən əsasən təhsillə maraqlanıram. İnsanlarınızın elmə, tədrisə marağının böyük olduğunu görürəm.

Azərbaycan tələbələrinin, gənclərinin aktivliyi çox aydın görürəm. Onların xüsusən ingilis, rus və digər dilləri bilmələri təqdirəlayiqdir".

Ölkəmizin onun diqqətini cəlb edən xüsusiyyətləri bununla yekunlaşmır: "Azərbaycan xalçası ilə məşhurdur. Mən də, həyat yoldaşım da xalçaları çox sevirik. Buna görə qərara almışıq ki, Xalçaçılıq Muzeyinə gedək. Eyni zamanda İçəri Şəhəri gəzmək arzusundayam. Oradakı qədim əşyalara baxmaq istəyirəm".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm