Qara düyü, yoxsa qara rəngə boyanmış düyü? İnsanlar belə aldadılır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qara düyü, yoxsa qara rəngə boyanmış düyü? İnsanlar belə aldadılır – FOTOLAR

Bakı şəhəri Ş.Abdullayev, ev 9 ünvanında yaşayan Səltənət Zülfüqarova üzləşdiyi maraqlı olaydan şikayətçidir.

Biz də "Bizim araşdırma" layihəsi çərçivəsində bu problemi gün işığına çıxarmağa çalışdıq.

Publika.az-a danışan Səltənət Zülfüqarova Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən marketlərdən birindən aldığı 7 manat 79 qəpiklik Astara pəhriz düyüsündən (900 qramlıq pəhriz düyüsü) istifadə zamanı düyünün suya qara rəng verməsinin şahidi olub: "Düyünü içində su olan qazana atanda suyun rəngi dəyişdi. Buna görə də onu bişirmədim. Çünki suyun qara rəngə boyanmasından ehtiyat etdim".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, zəng edib müəssisəsinin rəhbərliyi ilə bu barədə söhbət edib: "Onların dediklərinə görə, bu düyü Arteriyaları gücləndirir və xərçəngə tutulma riskini azaldır. Qara düyünün tərkibində olan fosfor, maqnezium, marqanes, sink, zülal, amin turşuları B vitamini insan orqanizmində enerji balansını qoruyur, saçların tökülməsini, qan azlığının qarşısını alır. İstehsalçı Astaraçay Məhdud Məsuliyyətli Cəmiyyətidir. Astara rayonu, Kakalos kəndi. Saxlama müddəti istehsal tarixindən etibarən 18 aydır. Rəhbərliyə dedim, indiki məhsulunuz bu qədər xəstəlikləri "müalicə edir", niyə Nobel mükafatı almırsınız?".

Qeyd edək ki, məhsulun üzərində onun Astara və Lənkəran rayonlarında yetişdirildiyi, 100 faiz təbii qara düyü olduğu qeyd edilib. Bildirilir ki, qara düyüyə tünd rəng verən antioksidantlar zərərli maddələri udur.

Astaraçay MMC-nin aqronomu Rövşən Əliyev isə Publika.az-a qara düyünün Türkiyədən gətirildiyini, pəhriz düyüsü olduğunu dedi: "Biz onu Türkiyədən gətirib əkirik. Bu il də 2 hektar sahədə əkmişik. Məhsul tərkibində olan maddələrə görə qiymətləndirilir. Bu, digər ölkələrdə də yetişdirilir. Rusiyada ona "dikiy rıs" deyirlər. İşçilərimiz internetdən bəzi şeyləri, onun xərçəng riskini azaldılması ilə bağlı məlumatları götürüb məhsulun üzərinə yazmışdılar. Tapşırdım ki, bunu yığışdırsınlar. Amma ağ düyülərdən fərqli olaraq onun tərkibində fosfor, marqans, sink, zülallar, amin turşuları həqiqətən də çoxdur.

O ki qaldı qara rəngə, bu bitkinin öz qaraltısıdır. Bu, qatqı, mazut, kömür deyil. Məhsulun tərkibindəki maddələr ona həmin rəngi verir. Qara düyünün tərkibində insan sağlamlığı üçün təhdid yaradacaq hər hansı maddə yoxdur. Səhiyyə Nazirliyinin Gigiyenik Mərkəzindən uyğunluq sertifikatı almışıq. Biz qara düyünü xaricdən gətirmirik. Düyü kənddə əkilir, xaricdən gətirilmir ki... Öz dəyirmanımızda emal edilir. Tərkibində qeyri-ərzaq tərkibli heç nə yoxdur. Ona heç gübrə də verməmişik".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm