Əsir düşmüş azərbaycanlı qızın məktubu - Realdır, yoxsa dezinformasiya?
Bizi izləyin

Qırmızı.az

Əsir düşmüş azərbaycanlı qızın məktubu - Realdır, yoxsa dezinformasiya?

Son günlər mətbuatda (politika.az saytında) ermənistanda əsirlikdə olan azərbaycanlı qızların buradakı qardaşlarına yazdıqları məktub yayımlanıb. “Əsir düşmüş Azərbaycan qızından sensasion məktub” başlığı ilə verilən bu yazıların oxu sayı minlərlədir. Məktubu kimin, necə göndərməsi, redaksiyaya necə çatması barədə heç bir məlumat verilmir. Sonda hərf səhvlərinin olması barədə edilən xəbərdarlıqla məktubun həqiqətən əsir azərbaycanlının göstərilməsi sanki sübut olunur. Lakin məktubun mətni ilə bir az diqqətlə tanış olduqda bunun yalan informasiya olduğu anlaşılır.

Məktub real olsa belə, təqdimat forması qıcıqlandırıcıdır. Bəs məktub həqiqətən göndərilmiş olsa, onu yayımlamaq nə qədər düzgündür? Media bu məsələdə necə davranmalıdır?

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, əsirlikdə olan şəxsin şəxsi iradəsilə nəsə bəyan etməsi düşünülə bilməz. Hətta belə olsa da, onun əsir olduğunu nəzərə alsaq, onun iradəsini azad şəkildə ifadə etməsi anlaşılmamalıdır.

“Bu baxımdan onun adından yazılmış istənilən informasiya mətbuatda əks olunarkən öz düşüncələri olmaması ehtimalı vurğulanmalıdır. Düşünmürəm ki, əsirlikdə olan şəxsin məktubunun hər hansı önəmi var. Bu informasiya müharibəsi anlamında istifadə edilərək, onlara hər hansı mətni imzaladaraq yayılır. Bu zaman isə media vasitə kimi istifadə edilir. Bu aspektdən yanaşsaq, media etik prinsiplərlə yanaşıb, özünü istifadə etdirməməlidir. Əgər buna yol verirsə, etik qaydaları pozur”.

Məsələnin ictimai əhəmiyyətinə gəldikdə isə ekspert bu cür məktubların yayımlanmasının iki dövlət arasındakı münaqişənin insanların həyatında necə böyük faciələr yaratmadığını göstərdiyini bildirdi:

“İnsanları bu tip münasibətlərdə necə istifadə etdikləri də əhəmiyyətlidir. Bu özü də ciddi diskussiya mövzusuna çevrilə bilər. Amma istənilən halda media təqdim edərkən bu şəxsin əsirlikdə olduğunu vurğulayaraq, tərəfsiz qala bilər.

Kimdən necə göndərildiyi qeyd olunmayan bu cür yazılar dezinformasiya xarakteri daşıyır, süni formada informasiya üstünlüyü yaratmaq cəhdlərindən başqa bir şey deyil”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, bu cür məlumatlar bütün hüdudları aşan bir informasiyadır.

“Bunun nəinki bizim, heç düşmən saytlarında verilməsi də heç bir qaydaya uyğun gəlmir. Bu həm insanların hissləri ilə çox pis formada oynamaqdır, həm də 99% həqiqətdən uzaq material olub təbliğat üsullarıdır.

Belə materialları hakerlər də yerləşdirə bilir. Amma istənilən halda bu həqiqəti əks etdirmir. Haker hücumu olsa idi, sayt bununla bağlı hər hansı tədbir görməli idi”.

A.Əliyev belə olan halda Mətbuat Şurasının hər hansı təsir göstərməsinə ehtiyac olmadığını dedi:

“Təcrübə göstərir ki, Mətbuat Şurası nəinki onlayn, yazılı mətbuata da təsir göstərməsi uğurla nəticələnmir. İctimai nüfuza söykənən qərar qəbul ediriksə, əvvəlcə ictimai nüfuz olmalı, ictimai rəy institutu normal işləməlidir. Düzdür, ötən gün Mətbuat Şurası 3 sayt barədə ciddi xəbərdarlıq edib. Bu cür məsələlərə də diqqət yetirə bilərdi. Amma o cür saytlara qarşı ən yaxşı cəza istifadəçilərin artıq həmin saytlara daxil olmamasıdır. Reklam sifarişçiləri həmin saytdan imtina etməlidir. Əxlaqla bağlı məsələlərdə qanun, məcburi üsullar o qədər də yaxşı işləmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm