Bu sementləri ALMAYIN: Adları oxşar, keyfiyyətləri fərqli məhsullar
Bizi izləyin

Qırmızı.az

Bu sementləri ALMAYIN: Adları oxşar, keyfiyyətləri fərqli məhsullar

Son vaxtlar respublikamızın ayrı-ayrı bölgələrində satılan sement məhsulları ilə bağlı şikayətlər artmaqdadır.

Publika.az xəbər verir ki, "Qarant İnşaat Sənaye" MMC-nin direktoru Elşad Bayramov ayrı-ayrı qurumlara, o cümlədən Azad İstehlakçılar Birliyinə müraciət edərək, bəzi işbazların onun rəhbəri olduğu müəssisənin məhsullarının adından istifadə edərək pul qazanmalarından şikayətlənib. O, bu barədə saytımızın "Poçt qutusu"na da yazıb.

Şikayətçinin sözlərinə görə, "Azbentonit" MMC tərəfindən "Universal" əmtəə nişanı alınması üçün 17.02.2014-cü il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilib və 24.10.2014-cü ildə 2014 1493 saylı şəhadətnamə alınıb: "01.10.2015-ci ildə "Azbentonit" MMC-nin adı dəyişdirilərək "Garant İnşaat Sənaye" MMC kimi Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydiyyata alınıb. Beləliklə "Azbentonit" MMC-nin hüquqi varisi olaraq "Garant İnşaat Sənaye" MMC Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 24.10.2014-cü il tarixli 2014 1493 saylı şəhadətnamə əsasında sement istehsalı üzrə "Universal" əmtəə nişanı üzərində müstəsna hüquqa malikdir.

Müəssisənin sement məhsulları arasında "Üniversal" əmtəə nişanlı sement məhsulu xüsusi yer tutur. 2015-ci ilin oktyabrından başlayaraq "Universal" sement əmtəə nişanı adında istehsal edilən və satışa çıxarılan məhsulun "Qaradağ AA"nın istehsalı kimi (satışa çıxarılan məhsulun üzərindəki ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan yolu 28/2, Ağayev Anar Gülağa oğlu təqlid (təkrar) edilərək ölkənin bir çox bölgələrində satışa çıxarılması müəyyən edilib".

Məhsul eyni polipropilen kisələrdə və "Azbentonit" sözünün əvəzinə "Qaradağ AA" göstərilərək "Universal" adı ilə istehsal olunur: "Sement kisəsinin üzərində "Universal" yazısı və rənglər müəssisəyə məxsus əmtəə nişanının yazıları və rəngləri eynidir. Beləliklə "Universal" əmtəə nişanlı sement məhsulumuz dövlət qeydiyyatına alınmayan şəxslər tərəfindən qanunsuz şəkildə istehsal olunur. Kisənin üzərində "Qaradağ AA" Ağayev Anar Gülağa oğlu göstərilir. Bununla yanaşı, kisələrin üzərində "Məhsulun keyfiyyətinə Qaradağ AA"nın Akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında nəzarət olunur", yazılıb.

Əldə etdiyimiz məlumata görə, "Qaradağ AA" adlı hüquqi şəxs dövlət qeydiyyatına alınmayıb. Dövlət qeydiyyatına alınmayan "Qaradağ AA"nın laboratoriyası məhsulun keyfiyyətinə necə nəzarət edə bilər? Dövlət qeydiyyatına alınmayan şəxs(lər) tərəfindən "Universal" əmtəə nişanının qanunsuz mənimsənilməsi ilə "Garant İnşaat Sənaye" MMC-nin "Haqsız rəqabət haqqında" və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulur".

Həmçinin müştərilər tərəfindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, başqa bir istehsalçı "Laçın 1" firması (Qaradağ rayonu, Sahil qəsəbəsi) "Azbeton" adı ilə rənglər və təsvirlər "Azbentonit" adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıblar: "Həmin məhsulun kisəsi üzərində də "Azbeton" sözünün şrifti və rəngi müəssisəmizin "Azbentonit" yazısı ilə eynidir. Kisənin üzərindəki rənglər də müəssisəmizin məhsulunun kisəsinin rənglərini təqlid edir. Məlumat üçün bildirim ki, sement bazarında məhsulun alıcısı sözlərin mənası və ifadəsindən daha çox kisənin üz qatının tərtibatına, rənglərə diqqət edir. Müəssisəmizin daimi müştəriləri də bildirirlər ki, "Azbeton" yazılışı kisənin rəngləri və dizaynı müəssisəmizin istehsalı olan sementin kisəsinin görünüşü ilə tam oxşar olduğundan qarışdırılır".

Bu da məhsulumuzun alıcılarının çaşdırılmasına səbəb olur: "Bundan başqa, əməkdaşlarımız tərəfindən region bazarında aparılan araşdırma zamanı müəyyən olunub ki, "Azbeton" sementi əksər istehlakçılara və müştərilərə "Azbenton", "Azbent", "Azbentonit" adı altında təklif olunur. Qeyd edim ki, "Azbentonit" sementi region alıcıları tərəfindən "Azbenton", "Azbeton" adı kimi də tələffüz olunur. Məhz bu amildən istifadə edən işbazlar həm də müəssisəmizin adının dəyişdirilməsindən məharətlə yararlanaraq rayonlarda fəaliyyət göstərən ticarət obyekti sahiblərində çaşqınlıq yaradırlar. Habelə ucuz qiymətlər təklif etməklə müştəriləri çaşdırır, aldadırlar".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm