Tibb mərkəzləri talançılıq edir - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Tibb mərkəzləri talançılıq edir - ARAŞDIRMA

"Nəvəmin ayağında problem var idi. Tanışlar Çingiz Quliyev adlı bir həkimi məsləhət gördülər. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında işləyir. Klinikanın Tibb Universitetinin nəzdində olduğunu nəzərə alıb, qiymətlərin də münasib olacağını düşündük. Ancaq təkcə həkimin qəbulu üçün 45 manat ödəniş etdik. Bir çox özəl klinikalarda belə həkim qəbulu belə baha deyil".

Publika.az-a danışan Laləzar Səfərovanın sözlərinə görə, klinikada yalnız həkim qəbulu deyil, analizlərin də qiyməti yüksəkdir.

Təkcə Laləzar xanım deyil, son vaxtlar bu klinikanın xidmətindən istifadə edən bir çox şəxs qiymətlərlə bağlı narazılıq edir. Bu ilin mart ayında 5 yaşlı Ömər Fətəliyev adi mədə ağrısı ilə bir neçə xəstəxanada müalicə olunandan sonra bu klinikada dünyasını dəyişmişdi. Atası Famil Fətəliyev saytımıza açıqlamasında iki gün həmin klinikada qalmalarına görə, 1750 manat ödəniş etdiklərini bildirmişdi. Düzdür, ailəni bu vəsait yox, övladlarının ölümü üzürdü. Amma iki günə bu qədər vəsaitin nə üçün xərclənməsi də müəyyən suallara səbəb oldu. Klinika rəhbərliyi o zaman bunu təsərrüfat hesablı olmaları ilə əlaqələndirmişdi.

Bu faktlardan çıxış edərək, ölkədəki klinikalarda qiymətlərin bu qədər fərqli olmasının səbəblərini araşdırdıq. Özəl klinikalarda qiymətlərin yüksək olması bazar iqtisadiyyatın tələbləri ilə əsaslandırılır. Bəs SSRİ dövründən qalan təsərrüfat hesablı xəstəxanalar və ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında qiymətlər hansı əsasla müəyyən edilir?

Vətəndaşların sözlərinə görə, bu klinikalar və xəstəxanalarda bəzən analiz qiymətləri özəl klinikaların bir çoxundan baha olur. Bütün klinikalarda analiz üçün reaktorlar təxminən eyni ölkələrdən gətirilir. Bəs onda nə üçün bir klinikada 15 manat olan analiz, onun yaxınlığındakı digər klinikada 40-50 manat olur?

Bazar iqtisadiyyatı və digər səbəblər anlaşılan olsa da, özəl və ya təsərrüfat hesablı olmasından asılı olmayaraq klinikalar arasında bir analizin qiymətində dəfələrlə fərq olmasının səbəbi nədir?

Bu suala həm klinika rəhbərləri, həm də ekspertlərdən cavab öyrənməyə çalışdıq.

Qiymətlər arasında 5 dəfə fərqli ola bilməz

Tibb eksperti Adil Qeybulla Publika.az-a açıqlamasında özəl xəstəxanaların tibb təyinatlı kommersiya müəssisələri olduğunu bildirib. Onun sözlərinə görə, qiymətlər bazar iqtisadiyyatının şərtləri əsasında müəyyənləşir və azad rəqabət onu tənzimləyir: "Azərbaycan Tibb Universiteti nəzdindəki Cərrahiyyə və Terapiya Klinikalarına gəlincə, onlar öz-özünü dolandıran müəssisələrdir. Bu klinikalar Səhiyyə Nazirliyindən maliyyələşmədiyinə görə, kommersiya müəssisəsi kimi fəaliyyət göstərir. Bu idarə xəstəxanası kimidir. Bütün mülkü vətəndaşlar bu klinikanın xidmətlərindən ödəniş edərək yararlana bilərlər. Bu klinikalardakı qiymətlərlə bağlı narazılığa gəlincə, əgər hər hansı qiymətin kökündə real xidmət dayanmırsa, qiymətə uyğun prosedurlar aparılmırsa, bunu araşdırmaq üçün vətəndaşın müraciət etməsi qanunvericiliyə uyğundur".

Ekspert hesab edir ki, Azərbaycan Tibb Universitetinin klinikaları da digər özəl klinikaların meyarları ilə işləyir. Burada hər hansı fərqli qiymət olacaqsa, xəstələr ora üz tutmayacaq: "Bildiyimə görə, həmin klinikalarda xəstə sıxlığı müşahidə edilmir. Rəhbərlik də bunu nəzərə alaraq addımlar atmalıdır. Çünki hansı klinikalar vətəndaş üçün bahalı və əlçatmazdırsa, ora müraciətlər azalacaq. Nəzərə alsaq ki, Azərbaycana xarici ölkələrdən mütəxəssislər gəlir, Bakının ən ucqar xəstəxanasında Avropa təhsil almış həkimlərin çalışdığını müşahidə etmək olar. Hesab edirəm ki, xəstələrin seçim imkanı tədricən artacaq, klinikalar özləri rəqabət şərtlərini qəbul etməyə, qiymətləri endirməyə maraqlı olacaq. Çünki hər hansı analizi aparmaq üçün lazım olan reaktorlar bütün klinikalar təxminən eyni ölkələrdən gətirilir. Hər hansı analiz və ya aparatdan keçmək üçün qiymətlərin bu qədər fərqli olması mümkün deyil. Qiymətlər müəyyən faizlə fərqlənə bilər. Bu da müəyyən kommersiya şərtləri ilə bağlıdır. Qiymətlər arasında 5 dəfə fərq ola bilməz. Fərqin yarım dəfə, 20% olması realdır. Əlbəttə, bu gün artırılmış, şişirdilmiş qiymətlərə rast gəlmək mümkündür. Dərmanlarla bağlı Tarif Şurasının müdaxiləsi məhz bununla bağlıdır. Hesab edirəm ki, belə narazılıqlar artsa, nazirlik və müvafiq qurumlar tərəfindən məsələyə müdaxilə edilə bilər. Təəssüf ki, hazırda bu məsələlər hər hansı orqan tərəfindən tənzimlənmir".

Bazarda olan qiymət nəzərə alınır

ATU Cərrahiyyə Klinikasının baş həkimi Asiman Balakişiyev Publika.az-a açıqlamasında klinikada qiymətlərin bazara və maya dəyərinə uyğun müəyyən edildiyini deyib: "Bizim klinika dövlətə bağlı təsərrüfat hesablı olduğundan, qiymətləri ucuz tutmaq məcburiyyətindəyik. Klinikamızda qiymətləri müəyyən edəndə xidmətin başa gəlməsi, həkimin maaşı, bazarda olan qiymət nəzərə alınır. Ölkəmizdə dövlətə bağlı bir çox klinikalar var ki, onların da qiymətləri də nəzərə alınır. Klinikamızda qiymətlər görülən işin həcminə görə çox uyğundur. Yeni tip müalicə tətbiq edəndə, laporoskopik, endoskopik, protez əməliyyatlarında qiymət yüksək ola bilər. Hesab edirik ki, bu normaldır. Çünki həmin müalicə və əməliyyatlar üçün lazım olan avadanlıqlar xaricdən gətirilir. Devalivasiyadan sonra xaricdən gətirilən məhsulların qiyməti yüksəldi, bizim klinikada da qiymət artımı bununla bağlı ola bilər. Adi xidmət qiymətləri isə ucuzdur".

Baş həkim xəstələrin qəbulunun 50 manat civarında olması fikri ilə razılaşmasa da, analiz qiymətlərinin digər klinikalardan baha olmasının səbəblərini açıqladı: "Klinikamızda bütün növ cərrahi əməliyyatlar digər klinikalardan daha ucuzdur. Əməliyyat olunan xəstələrin bütün xidmətləri və həkim müayinəsi pulsuzdur. Bizdə həkim qəbulu 20-25 manat olur. Analizlərin qiymətinin yüksək olmasına gəldikdə, bunun səbəbi bizdə analizlərin daha keyfiyyətli olmasıdır. Azərbaycanda bir çox klinikalarda analizlər standartlara uyğun deyil. Onlar yarımavtomat cihazlarla aparılır. Bu cihazlarda müxtəlif ölkələrin istehsalı olan reaktivlərdən istifadə etmək mümkündür. Həmin cihazlar xarici ölkələrdə yalnız ekspress laboratoriyalarda qurulur. Belə avadanlıqla əldə olunan nəticələr dünyada qəbul olunmur. Bizdə isə robot cihazlardır. Burada insan əməyi yoxdur, bu cihazlar üçün yalnız öz istehsalı olan reaktivdən istifadə etmək mümkündür. Bu mənada iki cihaz arasında həm nəticə, həm də maya dəyəri ilə bağlı ciddi fərq var. Buna baxmayaraq biz klinikamızda analiz qiyməti yarımavtomatlardan da ucuzdur. Səhiyyə Nazirliyi və Tarif Şurasından dərmanların qiymət siyasəti ilə bağlı ciddi addımlar atılıb. Yəqin ki, dərmanlarda olduğu kimi xidmətlərdə də vahid qiymət siyasəti tətbiq ediləcək".

Zəhmət haqqı, işıq, qaz pulu…

Klinikanın 2012-ci ildən təsərrüfat hesablı olduğunu deyən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev qiymət siyasətinin necə müəyyən olunmasına da aydınlıq gətirdi: "Nazirlər Kabinetinin 2010-cu il sərəncamına əsasən Terapevtik Klinika özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. 2011-ci ildə dövlət müəssisəsi kimi fəaliyyət göstərmişik, özünü maliyyələşdirmə 2012-ci ilin mart ayından həyata keçirilib. O zamandan təsərrüfat hesablı müəssisə kimi işləyirik. Qiyməti müəyyən edərkən Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Klinik Xəstəxana, Gömrük Hospitalında qiymətləri öyrəndik. Bu qiymətləri öyrənəndən sonra laborator analizlər üçün qiymət müəyyən edəndə aldığımız reaktivlərin qiyməti, zəhmət haqqı, işıq, qaz pulu ilə yanaşı klinikanın müəyyən gəlir əldə etməsi də nəzərə alınıb. Bu qiymətlər Azərbaycan Tibb Universitetinin elmi şurasında təsdiq edildi. Bu günə qədər də professor-müəllim heyətinin qəbul qiymətlərində dəyişiklik etməmişik. Devalivasiyadan sonra müəyyən müddət qiymətləri sabit saxladıq, sonra mümkün olmadığını görüb bir sıra analizlərdə yüngül dəyişiklik etdik. Çünki onların hamısını xaricdə avro və dollarla alırıq".

Qiymətlərin yüksək olması ilə bağlı fikirlərə gəldikdə, S.Musayev bununla razılaşmadığını dedi: "Bizim qiymətləri hər hansı özəl klinika ilə müqayisə edə bilməzlər. Terapevtik Klinikada qiymətlər bir çox özəl klinikalardan aşağıdır. Hər hansı özəl klinikada köhnə Rusiya avadanlığında yarım litlik qablardakı reaktivlərlə analiz əldə edə bilirlərsə, biz bunu etmirik. Bizim avadanlıqlarımız Almaniya, Fransa, Türkiyə, ABŞ istehsalıdır. Analizlərimizin çoxu tam avtomatlaşdırılmış analizatorlardır. Bizim klinikanın analiz cavabları bütün xarici ölkələrdə tanınır".

Onlar iflas edəcək

Millət vəkili Musa Quliyev hesab edir ki, bu gün özəl klinikalarda qiyməti bazar tənzimləyir. Onun sözlərinə görə, bu klinikalara getmək imkanı olmayanlar dövlət xəstəxanalarına getməlidir: "Qanunvericiliyə görə, dövlət klinikalarında bütün tibbi xidmətlər, o cümlədən dərman, hətta qida təminatı belə pulsuzdur. Özəl müəssisələrə qiymətlərin tənzimlənməsini tətbiq etsək, onlar iflas edəcək".

Millət vəkili Azərbaycanda özəl tibb sektorunda qiymətlərin baha olduğunu deyir. Lakin o hesab edir ki, belə vəziyyət təkcə bizdə deyil. Onun sözlərinə görə, başqa ölkələrdə də oxşar vəziyyətdir: "Ümumiyyətlə, tibbi xidmət bahalı xidmət olmalıdır. Tibb Universiteti nəzdində fəaliyyət göstərən klinikalar da özəl hesab edilə bilər. Özəl klinikalarda qiymətin yüksək olmasının bir sıra səbəbləri var. Məsələn, bu klinikalarda 3-5 milyon dəyərində avadanlıqlar olur. Onlar da bir neçə ilə köhnəlir və yeni avadanlıqlar alınır. Bundan başqa, bəzi əməliyyatı edə bilən yeganə şəxslər olur ki, onların da öz qiymətləri var. Təsərrüfat, vergi və digər xərcləri üst-üstə toplasaq qiymətlərin yüksək olmasının səbəbini anlaya bilərik".

M.Quliyev qiymət probleminə son qoymağın əsas yolunun icbari tibbi sığortadan keçdiyini dedi: "Bu problemdən çıxış yolu icbari tibbi sığortanın tətbiqidir. Çünki sığorta xərclərin böyük bir hissəsini qarşılayacaq və vətəndaş bu qədər əziyyət çəkməyəcək. Artıq İcbari Tibbi Sığorta Agentliyi fəaliyyətini gücləndirib. Normativ hüquqi sənədlər hazırdır, bir hissəsi təsdiqini gözləyir. Bu ilin sonunda İcbari Tibbi Sığorta Agentliyi pilot şəklində fəaliyyətə başlayacaq, növbəti ildən icbari tibbi sığortanın tətbiqini müşahidə edəcəyik. Nə qədər ki bu sığorta tətbiq edilməyib, əhalinin özəl müəssisələrdə qiymət problem ilə bağlı şikayətlərini eşidəcəyik. Hesab edirik ki, icbari tibbi sığortanı təcili şəkildə tətbiq etməliyik. Lakin qiymət tənzimlənməsindən danışa bilmərik. Özəl tibb müəssisələrdə qiyməti aşağı salmağın yeganə yolu rəqabət mühitini, bu müəssisələrin sayını artırmaq və dövlət tibb müəssisələrində tibbi xidmət imkanlarını daha da genişləndirməkdir".

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, istər təsərrüfat hesablı müəssisələr, istərsə də Azərbaycan Tibb Universitetinin Klinikaları qiymət siyasətini özləri müəyyən edir. Səhiyyə Nazirliyi nə özəl, nə də təsərrüfat hesablı müəssisələrin qiymət siyasətinə müdaxilə etmir.

Millət vəkili və klinika rəsmilərinin cavablarından bəlli oldu ki, yüksək qiymətin səbəbi keyfiyyətdir. Belə olan halda yalnız pulu olanlar keyfiyyətli tibbi xidmətdən yararlana bilər. Pulu az olanlar daha aşağı keyfiyyətli avadanlıq və reaktivlərin istifadə edildiyi klinikada analiz verməyə, dünyada qəbul olunmayan nəticələr əldə edərək müalicə olunmağa məhkumdur...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm