Nobel mükafatı laureatı: “Azərbaycan bu hədəfə çox yaxındır” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nobel mükafatı laureatı: “Azərbaycan bu hədəfə çox yaxındır” – FOTOLAR

Bu gün Bakıda Nobel mükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” adlı kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə yazıçı Məhəmməd Yunusla yanaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Milli Məclisin bir qrup deputatı, tanınmış yazıçılar, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, “Kasıbların bankiri” adlı kitabın Azərbaycan dilinə tərcümə edilməsi Azərbaycan oxucuları üçün mühüm hadisədir. Məhəmməd Yunusun Azərbaycana səfərinin əhəmiyyətini vurğulayan U.Mirzəyev deyib ki, onun müəllifi olduğu “Kasıbların bankiri” adlı kitabı oxuyan hər kəs bundan məmnun qalacaq: “Kitabın tərcüməsi olduqca maraqlı və nəfis tərtibatda hazırlanıb. Əminəm ki, bu kitabı oxuyanlar öz həyatlarında dəyişikliyə ehtiyac hiss edəcəklər”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, sözügedən kitab Azərbaycan oxucuları üçün də böyük marağa səbəb olacaq: “Azərbaycan əhalisi savadlı insanlardır. Əminəm ki, hər kəs bu kitabı oxumağa maraq göstərəcək. Artıq bir neçə ildir ki, Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. Nobel mükafatçıları ilə görüşlər dünyanın ən mühüm nailiyyətlərinin Azərbaycana gətirilməsi və ölkənin irəli aparılması kimi ali məqsədə xidmət edir. Görkəmli yazıçı Məhəmməd Yunusla görüş və onun kitabının təqdimatı da mövcud ənənənin davamıdır. Bu kitab yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən işığa doğru inkişafında insan amilinin maliyyə faktorundan üstün olması fikrini formalaşdırır. Bu kitab insan iradəsinin manifestidir. Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər “Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir.

Bilirsiniz ki, Azərbaycan da yoxsulluğun aradan qaldırılmasında mühüm irəliləyiş əldə edib. Bu baxımdan da kitab Azərbaycan oxucularına maraqlı gələcək”.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Məhəmməd Yunusu unikal edən, ona Nobel qazandıran ən böyük üstünlüyü dəyişikliyə olan inamı olub: “Siz bankların kasıb insanlarla işləyə biləcəyini, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsində gətirən həmin inamdır. Ötən əsrin 90-cı illərində çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5%-dən aşağı səviyyə endirilib”.

Kitabın müəllifi Məhəmməd Yunus isə Azərbaycana səfərindən böyük məmnunluq hisləri keçirdiyini söyləyib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Bakıda səfərdə olduğunu vurğulayan M.Yunus kitabının Azərbaycan dilinə tərcümə edilməsinin onun üçün vacib hadisə olduğunu bildirib: “Kitabımın Azərbaycan dilinə tərcümə edilməsi çox müsbət hadisədir. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır. Yoxsulluq sıfır səviyyəsinə endirildikdən sonra gələcəkdə yoxsulluq üzrə muzeyin yaradılacağı istisna deyil. Hesab edirəm ki, dost Azərbaycan dövləti də artıq bu istiqamətdə işlərə başlaya bilər”.

Daha sonra yazıçı Azərbaycandan olan oxuculara kitabını hədiyyə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm