85 yaşlı təzə bəyin sevgi HEKAYƏTİ
Bizi izləyin

Qırmızı.az

85 yaşlı təzə bəyin sevgi HEKAYƏTİ

Artıq neçə gündür ki, Qubadlı rayonundan olan 81 yaşlı kişinin nikah bağlaması xəbəri müzakirə mövzusuna çevrilib. Yaşlı sakinin bu yaşında nikaha girməsi birmənalı qarşılanmayıb.

Xəbər bizi də maraqlandırdığından, yola çıxaraq, bu yaşda bağlanan nikahın səbəblərini araşdırdıq. Cütlüyü - Qubadlı rayonundan məcburi köçkün olan Səfərov Lətif Bayram oğlu və Kazımova Almas Cəmil qızını Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi"ndə tapdıq.

Telefonda Almas xanımla danışanda evlərinə qonaq getmək niyyətimizi dedik. Almas xanım "başımız üstündə yeriniz var" cavabını verdi. Biz də yollandıq ötən il nikah bağlayan ən yaşlı cütlüyün evinə. Almas xanım ünvanı dəqiq dediyinə görə, evi tapmaq çətin olmadı. Elə bizi də həyətdə özü qarşıladı. Dövlətin onlara verdiyi evdə ikisi qalsa da, həmin vaxt oğlu və nəvələri də evdə idi. Almas xanım bizi nə qədər mehriban qarşılasa da, Lətif müəllim bir o qədər qaşqabaqlı idi. Çox danışmağı sevməyən Lətif babanın deyildiyi kimi yaşı 81 yox, daha çoxdur. 85 yaşına keçib baba. Almas xanım isə 63 yaşının içindədir.

Onu da öyrəndik ki, Almas xanım Lətif babanın 44 illik həyat yoldaşıdır. 5 uşaq, 8 nəvə sahibidirlər.

- Bəs bu yaşda nə üçün rəsmi nikah bağladınız?

- Almas xanım: Biz məcburi köçkünük, illərdir yataqxanada qalmışıq. Sonra dövlət ev verdi. İndi ev yoldaşımın adınadır, dedik birdən ona bir şey olar, sonra evin sənədləşməsində problem yaradarlar. Ona görə də nikah bağladıq.

- Lətif baba: Ölüm dünyasıdır, mən, ya da yoldaşım öləndə uşaqlara əziyyət olmasın deyə "ZAQS"a girdik. Burda ayrı bir məna axtarmağa ehtiyac yoxdur. 85 yaşıma çatana kimi bir pis işim olmayıb. İstəmirəm ki, kimsə bunu başqa cür yozsun.

Lətif baba ağır təbiətli olduğundan çox danışmaq istəmir. Hətta biz söhbət edərkən nəvəsinin də otaqda qalmasına razı olmur. Yaşı səbəbindən gözünün nuru azalan Lətif baba, ürəyindəki ağrılar səbəbindən də çox da danışa bilmir. Ona görə söhbəti 44 illik həyat yoldaşı Almas xanımla davam etdiririk. Arada Lətif baba da yoldaşının sözlərinə bəzi düzəlişlər edir.

- Necə ailə qurmuşunuz?

- Qaçırıb məni. Məcbur aparmayıb, özüm qaçmışam.

- Neçə yaşınız var idi?

- 18 olmuşdu.

- Lətif baba neçə yaşında idi?

- 40 olmuşdu onda da.

- Nə vaxt ailə qurmuşunuz?

- 1972-ci ilin may ayının 15-də. (Bu vaxt Lətif baba müdaxilə edir: "1972-ci ildə gilas çiçəkləyəndə. O dəqiq yadımdadı ki, gilas dəyməmişdi").

- Arada 22 yaş fərq var. Özünüzdən yaşca bu qədər böyük olan bir şəxslə ailə qurmağa necə razı oldunuz?

- İlhamə Quliyeva demişkən, "Yaşın nə fərqi var ki, sevirəm onu". Zarafat bir tərəfə, qohum olmuşuq, həm də qonşu. Aramızda bir neçə ev var idi. Lətif əsgərliyini Səmərqənddə çəkib, sonra başqa ölkələrdə də olub. Əsgərlikdən sonra kəndə qayıtmayıb, orda qalıb işləyib. Yaşı 40-ı keçmişdi kəndə qayıdanda. Mən əvvəldən onu görməmişdim, o əsgərə gedəndə heç mən olmamışdım. Bizə elçi göndərdi, amma anamgil razı olmadı. Çünki yaşı çox idi.

- Bəs sonra necə oldu ki, evləndiniz?

- Özü mənə dedi ki, nə olur, olsun səni alacam.

- Harda dedi bunu?

- Bulaq başında görüşürdük də. Bilirdim ki məni çox sevir. İndi yaşlı olduğuna baxma, çox yaraşıqlı olub. Öz-özümə dedim ki, o məni sevirsə, mən niyə onu sevməyim. Atam, anam vermirdi, mən də dedim ki, qaçır məni. O da razılaşdı, qaçdıq.

- Öz evlərinə?

- Yox əmisi gilə.

- Toy elədi sizə?

- Yox. O ərəfədə qohumları rəhmətə getdi. Kiçik kampaniya etdik.

- Geri aparmaq üçün ailədən gələn oldumu?

- Hə, gəldilər, amma mən getmədim. Sonra barışıq oldu.

- Yəqin uşaqlar olandan sonra.

- Yox, uşaqlar olmamışdı. İki il sonra oldu uşağımız. Uşağımız olanda çox sevindi. Qız uşaqlarını çox sevir. 5 qızımız oldu, biri uşaq olanda öldü. Tanışlar deyirdilər ki, neynirsiniz qızı? Lətif bu sözə çox əsəbiləşirdi. İndi deyirlər ki, qız olmasın... Amma o vaxt belə şey yox idi. Lətif uşaqları çox istəyir, bir dəfə də olsun onlara acıqlanmayıb, əl qaldırmayıb. Uşaqlar da onun bir baxışından yerlərini biliblər. Uşaqlar atalarını məndən çox istəyir.

- Uşaqlara baxmağa kömək edirdi?

- Hə, mənim əziyyət çəkməyimi razı olmurdu. Evdə olanda uşaqları saxlamağıma da kömək edirdi.

- Ailə üçün sevgi əsasdır, yoxsa olmasa da olar?

- Biz sevib evlənmişik. Bu gün də sevirik. Ona bir şey olsa, elə bil ki, heç olaram. Allaha şükür, oğlum, qızım, nəvələrim var. Amma onun yeri başqadır, onun yerini heç kim verə bilməz. Bu qədər birlikdə yaşamağımızın səbəbi sevgidir. Sevməsən dözə bilməzsən. Çünki adam zəhləsi gedən şeyin yanında qala bilməz. Ömür boyu onsuz bir gün də yemək yeməmişəm. Uşaqlarıma da demişik ki, ancaq sevdikləri ilə ailə qursun. Ailə işlərinə qarışmamışıq.

- 44 il necə keçib?

- Çox yaxşı, mehriban, ailə qədri bilən olub. İllər keçib, qocalmışıq, amma mənim üçün indi elə bil 15 yaşlı oğlandır. Kasıb da olmuşuq, varlı da. Kənddə vəziyyətimiz yaxşı idi. Əkin-biçinlə məşğul olurduq. Lətif də xəstəxanada sürücü işləyirdi. Günümüz pis keçmirdi. Bir gün də boş qalmayıb, uşaqların, mənim çətinlik çəkməməyimiz üçün çox çalışıb.

- Gənc qalmısınız. Deyəsən, Lətif baba yaxşı baxıb sizə. Xətrinizə çox dəyməyib yəqin.

- Hə, heç vaxt xətrimə dəyməyib. Bir dəfə də olsun məni nəyəsə görə danlamayıb. Heç bir ailədə çətinliksiz, söz-söhbətsiz olmaz. Amma mehribanlığı saxlamışıq. Düzdür, ailədə maddiyyat, pul da lazımdı. Amma əsas hörmətdir.

- Heç "gözün üstə qaşın var" da deməyib?

- Arada olub. Onda da mən sözündən çıxmışam, yəni günah məndə olub. Lətif çox ciddi adam idi. Onun sözü qanun olub. Onun sözünün qabağına söz deyən olmayıb. Nə uşaqlar, nə də mən sözünə etiraz etmirdik. Arada cavanlıq olub, nəsə səhv etmişəm, sonra məni başa salıb.

- Heç küsülü qalmamısınız?

- 3 gün, ən çoxu 5 gün.

- Kim barışığa gəlirdi?

- Günah kimdə olsa, o barışırdı. Adətən, mən barışıram, çünki səhv də həmişə məndə olur.

- Heç pis xasiyyəti yoxdur Lətif babanın?

- Çox danışmağı sevmir, mən də danışanam.

- Bu vaxta qədər nə üçün rəsmi nikaha girməmişdiniz?

- Kəbin kəsdirdik. O vaxt rəsmi nikaha çox da maraq yox idi. Həm də o vaxt belə çox boşanma yox idi. Evləndin, ölənə qədər yaşayırdın.

- Nikah olmadan uşaqlara sənədləri necə aldınız?

- Kənd yeri idi, verirdilər. Sənədi verən kəndlilərimiz idi, tanıyırdılar deyə, çox çətinlik olmadı.

- Neçə il xaricdə yaşayıb... Heç ağlınıza gəlmədi ki, qoyub gedər sizi?

- Yox, heç düşünmədim. Niyə qoyub getsin? 5 uşağımız var idi. Lətif sözü bütöv adam idi. İndikilər bəlkə də gedər. Amma o vaxt belə şey olmurdu.

- İndi, yaşınızın bu vaxtında bağladığınız kəbin nə dəyişdi həyatınızda?

- Bizim bu kağız parçasına ehtiyacımız olmayıb heç vaxt. Evliliyin uzun ömürlü olması rəsmiyyətdən asılı deyil. Əsas sevgi, hörmətdir. Nikahdan sonra da heç nə dəyişməyib. Ancaq sənədləşməyə görə nikahı rəsmiləşdirdik. Amma indi dünya dəyişib, indi ailə quranda mütləq rəsmi nikah olmalıdır.

- Nikah şəhadətnaməsini harada saxlayırsınız?

- Gizləyirəm hamıdan. Sandığımda saxlayıram... Zarafat edirəm. Bu sənəd dövlətə lazımdır, mənə yox.

Gülxar Şərif

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm