Dubay.., kişilər.., istismar... və ya “siz ibadətlə məşğul olursunuz?”
Bizi izləyin

Qırmızı.az

Dubay.., kişilər.., istismar... və ya “siz ibadətlə məşğul olursunuz?”

Ötən həftə Azərbaycanın oxucu təcrübəsində bir ilk baş verdi. İlk deyəndə, heç kim Kolumbun yolunu təzələyib, Amerikanı yenidən kəşf etmədi, nə də adı "Ginnesin rekordlar kitabı"na düşmədi. Sadəcə olaraq, ilk dəfə idi ki, oxucularımız "seksin ibadət olduğu" xəbərinə maraq göstərməmişdi. Bunun dəhşətli tendensiyanın başlanğıcı, yoxsa gələcəyə ümidlər yaradan işartının ilk qığılcımları olduğunu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, bu faktla qarşı-qarşıya qalmışdıq.

Psixoterapevt Elmir Əkbər deyir ki, əslində seks ibadət imiş və bizim heç birimizin bu ibadətdən xəbərimiz yox imiş.

"Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir". (http://publika.az/p/141655).

Siyasi prosesləri, sosial məsələləri deyil də, ən çox bu cür maraq doğuran xəbərləri izləyən oxucularımız nədənsə "seks ən müqəddəs ibadətdir" sözlərindən yan keçdi. Burada iki versiya ola bilər: ya bu xəbər oxucuların gözündən qaçıb, ya da...

"Seks ən müqəddəs ibadətdir" xəbəri çıxanda ətrafımızdakı insanların bir-birinə ilk sualı belə oldu: "Siz ibadətlə məşğulsunuzmu?"

...Ya da oxucularımız heç ibadətlə məşğul olmurlar deyə, təcrübələrində ilkə imza ataraq, bu xəbərə ən aşağı pillələrdə yer ayırdılar.

Amma bu versiyanın doğru olmadığına qənaət gətirən digər bir məsələ də var. Deməli, Küveytin şeyxi nə az, nə çox, düz 4 arvadla eyni gündə evləndi. 28 yaşlı şeyxin toyu bütün dünyanın diqqətinə düşdü. Elə bizim oxucular da şeyxin dörd arvadını göydə tutdular və onları ilk pillələrə qədər yüksəltdilər. (http://publika.az/p/141264). Bu statistika, oxucuların toya, təmtərağa, elə Elmir Əkbərin dediyi "ibadətin" bir parçası olan nikaha həvəslərinin ölmədiyini göstərdi.

***

Ötən həftə Publika.az olaraq, biz də yazmaq həvəsimizi dayandırmadıq, ölkə gündəmindən isti-isti xəbərləri, soyuq siyasi prosesləri, iqtisadi proqnozları, sosial gözləntiləri, qaynar hadisələri, bir də ən diqqətçəkən məqamları oxucularımza çatdırmağa çalışdıq. Həftənin statistikası işimizin keyfiyyətini də açıq şəkildə göstərir.

Amma bu statistika həm də oxucuların maraq dairəsini də təyin etməyə imkan verir.

Ən "müqəddəs ibadətdən" başlayıb, şeyxin "super müqəddəs ibadət"lə məşğul olmaq üçün 4 arvadla eyni gündə özünə toy çaldırması ilə davam etdik. Yox, hələ bitirmirik...

İbadət demişkən, ekstremistlərin İstanbul Atatürk hava limanına hücumu göz önünə gəlir. Xeyr, söhbət islam dini ilə hadisənin arasında hər-hansı bağlantının qurulmasından getmir. Məsələ terror aktının baş verməsi və onun hədəfləri idi. Həm də məsələ oxucuların bu hadisəyə xüsusi diqqətidir.

İyunun 28-də Atatürk hava limanında baş verən terror aktı nəticəsində 43 nəfər həlak oldu, 239 nəfər yaralandı. Bu terror aktı üç kamikadze tərəfindən törədilib. Terrorçuların hava limanına necə daxil olması (http://publika.az/p/141441), onların kimliyi, hansı qruplaşmaya aid olduğuna dair ehtimallar, bu terrorun kimlər tərəfindən törədilə biləcəyi və siyasi hədəflərini detallarına qədər təqdim etdik. (http://publika.az/p/141519). Oxucularımızın da bu proseslərə marağı da az olmadı. Türkiyə ordusunun terror aktının ardından hücuma keçərək, hərbi əməliyyatlara başlaması da ən çox izlənilən xəbərlər arasında oldu. (http://publika.az/p/141368).

Məlum idi ki, bu terror aktının siyasi tərəfi Ankaranın Rusiya və İsraillə yaxınlaşması, iqtisadi tərəfi isə xarici turistlərin Türkiyəyə gəlməsinin qarşısının alınması idi. Amma nə fayda...

Putinlə Ərdoğan barışmışdı və o da qeyd olunmalıdır ki, bu prosesin əsas memarlarından biri məhz Azərbaycan lideri İlham Əliyev idi. Türkiyə Baş naziri Binəli Yıldırım bunu açıq şəkildə bildirdi və Azərbaycan prezidentinə təşəkkür etdi. (http://publika.az/p/141257).

Biz də oxucularımıza təşəkkür edirik. Ona görə ki, ötən həftələrlə müqayisədə digər xəbərlərlə yanaşı, ağırlığı bir qədər siyasi xəbərlərə də verdilər. Ta o zamana kimi ki, Belarus prezidenti Aleksandr Lukaşenko "soyundurma" əməliyyatına başladı.

Xəbər: Belarus prezidenti Aleksandr Lukaşenko çökmək üzrə olan ölkə iqtisadiyyatını canlandırmaq üçün vətəndaşlara "Üstünüzü çıxarın və tərləyənə qədər işləyin!" deyib. Onun bu sözlərinin vətəndaşlara əks təsiri daha çox olub. Prezidentin çağırışına yumorla cavab verən belaruslular iş yerlərindəki çılpaq fotoşəkillərini sosial şəbəkələrdə paylaşıblar. (http://publika.az/p/141591).

Prinsipcə, bu da siyasi xəbərlər kateqoriyasına daxildir. Amma etiraf edin ki, (oxuculara xitabən) sizlər nə Lukaşenkoya, nə onun çağırışına deyil, məhz "soyundurma" sözünə görə bu xəbərə hücum etmişdiniz.

***

Biz də etiraf edək ki, oxucularımız təkcə hansısa ifadələrə görə deyil, elə mahiyyətə görə də xəbərləri izləyirlər. Misal üçün, havaların kəskin dəyişəcəyi, soyuyacağı, küləklərin olacağı xəbəri ən çox oxunanlar sırasında qərarlaşdı. (http://publika.az/p/141662). Bu da təbiidir. Çünki metohəssas insanlar var və yəqin ki, oxucularımız arasında həssas olanlar da olmamış deyil. Həm də o qədər həssas ki, küləyin Obamanın qızının paltarını qaldırması xəbərini "havaların kəskin dəyişəcəyi" xəbəri ilə eyni sırada qərarlaşdırıblar. Məncə, burada başqa mənalar axtarmayın. Bu iki xəbər arasında açar məna "küləkdir". Azərbaycanda havaları dəyişdirəcək eyni külək düz Avropaya qədər əsərək, Obama ailəsini qarşılamağa getmişdi.

Nənəmin təbirincə desək, bu "qaraoğlan" (Barak Obama) həyat yoldaşı Mişeli, qızları Maliya və Saşanı götürür, prezidentliyinin son günlərində İspaniyaya səfər edir. Amma onları hava limanında insanlarla yanaşı, külək də qarşılayır. Külək də altdan girir, üstdən çıxır, Obamanın qızlarını "pis vəziyyətdə" qoyur. Elə Obamanın özü də yəqin yaxşı vəziyyətdə olmayıb. (http://publika.az/p/141611).

***

Bu həftə yaxşı vəziyyətdə olmayanlardan biri də moldavanlar idi. Belə ki, "Kəpəz" komandası ilə oynayacaq Moldovanın "Daçiya" klubunun rəsmi saytında oyunun keçiriləcəyi Mərdəkan qəsəbəsi "Makrudyan" deyə təqdim olunub. Oxucularımızın ən çox üz tutduğu xəbərdə deyilir ki, oyun Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da keçiriləcək. Moldovanların saytında qeyd olunur ki, bu arena
Bakıdan 34 kilometr uzaqlıqda erməni adına oxşayan Makrudyan qəsəbəsində yerləşir. Ancaq bu yaşayış sahəsində ermənilərdən heç bir iz yoxdur. Qəsəbədə əsasən Qafqaz farslarının soyundan olan tatlar məskunlaşıb. Həmçinin, "Kəpəz"in adı saytda yerləşdirilən afişada "FK Gəncə" olaraq göstərilib.

Qeyd edək ki, xəbəri ilk gündəmə gətirənlərdən biri məhz Publika.az oldu. Nəticədə moldavanların klubuna etiraz məktubu ünvanlandı. (http://publika.az/p/141213).

***

Maraqla qarşılanan xəbərlərdən biri isə ABŞ Dövlət Departamentinin "İnsan Alveri" ilə bağlı illik hesabatında qeyd olunanlar idi. Hesabatda deyilir ki, azərbaycanlı kişilər Dubayda istismara məruz qalırlar. Buna səbəb isə....

... Ardı yoxdur. Ona görə yox ki, xəbər yarımçıqdır. Yarımçıq olan bizim oxucuların səbridir. Deməli, "Azərbaycanlı kişilər Dubayda istismara məruz qalır" başlıqlı xəbər saytımızda maraqla qarşılandı. Buna səbəb isə başlıqda "Dubayın", "müqəddəs ibadətlə" məşğul olmaq üzrə ad çıxarmış şəhərin adının olması, həmçinin, bu dəfə hədəfin kişilər olması idi.

... Dubay ... kişilər ... istismar ...

Və həyəcanlı pıçıltılar, dəhşətli baxışlar, bir də "Allah bizi bu zəmanədən qoru" kimi "inkir-minkir" iyi gələn dualar. Səbrinizə şükür, bir xəbərin arxasını oxuyun, görün məsələ nədən gedir.

"Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə məruz qalırlar". (http://publika.az/p/141610).

Yetərli oldumu....









Oxumağa davam et
Reklam
Reklam

Gündəm