İran alçası, Türkiyə çiyələyi, Afrika üzümü - Meyvələr niyə xaricdən gətirilir?
Bizi izləyin

Qırmızı.az

İran alçası, Türkiyə çiyələyi, Afrika üzümü - Meyvələr niyə xaricdən gətirilir?

Paytaxt bazarlarını nübar meyvələri bəzəyir. Qışda dənəsi 10 manata olan alça artıq kilo, stəkan yaxud da plastik qablaşdırılmalarda satılır. İndi bazar piştaxtalarını alça, çiyələk, ərik kimi meyvələr bəzəyir.

Bazara gələn də bu səliqə ilə düzülmüş meyvələrdən almamış getmək istəmir. Xüsusən də, uşaqla gələnlər və hamilə qadınlar. Evdə xəstəsi olanlar da bu məhsulları almağa can atır.

Maraq və qiymətləri yerindəcə öyrənmək üçün “Keşlə” və “Yaşıl bazar”da olduq. Müşahidələrimiz göstərdi ki, meyvələrin rəngarəngliyi alıcını nə qədər cəlb edirsə, qiymətlər də bir o qədər uzaqlaşdırır.

Satıcıların sözlərinə görə bazardakı nübar meyvələr xarici ölkələrdən gətirilir. Yerli məhsullar isə bu ayın sonu, növbəti aydan gətiriləcək. Hətta onların bir az da gecikməsi gözlənilir, səbəb isə havaların soyuq keçməsidir.

Məhəmməd adlı satıcının sözlərinə görə, qarpızı əsasən, xəstələr, hamilə qadınlar, uşaqlar üçün alırlar. Yemişə isə maraq azdır:

“Ona görə biz də daha çox qarpız gətiririk. Elə adam var ki, almaq istəyir, amma çəkinir. Qarpızın kilosu əvvəl üç manat idi, indi iki manatdır”.

“Ən çox maraq alçayadır, çiyələk il boyunca olduğuna görə, daha az alınır”-deyə “Keşlə” bazarının satıcıları bildirir.

Şairə adlı satıcı deyir ki, öz mövsümündəki kimi olmasa da ürəyi istəyənlər il boyunca çiyələk alıb.

Satıcılar qiymətin yüksək olması ilə razılaşmadı:

“Çiyələyin kilosu 5, alçanınkı 15 manatdır. Alçanı 200-300 qramlıq qablarda, 2-3 manata satırıq. Elə adamlar olur ki, baha olduğunu deyib almır. Amma biz də baxırıq, imkanı az olanlara, hamilələrə güzəşt edirik”.

Elbrus adlı satıcının sözlərinə görə, havalar isindikcə, həm maraq artır, həm də qiymətlər enir:

“Çiyələyi və alçanı Türkiyədən gətiririk. Havalar soyuq olduğuna görə bizim meyvələr bir az gecikəcək. Bizim meyvə-tərəvəz gətirdiyimiz Quba, Qusar, Göyçay bölgəsində qar meyvələrə ziyan vurdu. Amma aprelin axırı, mayın əvvəlinə yerli alça bazarda olacaq. Yerli mallara maraq daha çoxdur, ona görə də onların qiyməti daha baha olur. Yerli alça gələndə xaricidən balaca olsa da baha satacağıq. İndi isə alçanın 300 qramı 2.50 manat, çiyələyin kilosu 4 manatdır. Yaş meyvə olduğuna görə ziyan da olur”.

Satıcılar alıcıların azlığından narazılıq etdilər. Bu azalmanın qiymətlərlə əlaqədar olması ilə razılaşmadılar. Əksinə, meyvələrin əvvəlki ildən daha ucuz olduğunu dedilər. Bunu isə məhsulların çox gətirilməsi ilə izah etdilər.

Elnur adlı satıcı da qiymətin baha olmadığını, amma şikayətlənənlərin çox olduğunu bildirir:

“Alçanın kilosu 10 manat, 200 qramlıq qablardakı isə 2 manat, çiyələk isə 3 manatdır. Cəlilabad, Xaçmaz çiyələyi isə hələ əkilir, aprelin 20-si, mayın əvvəlində gələcək. Alanlar əsasən, hamilə və uşaqlı qadınlar olur. Amma bəziləri qiymətdən narazılıq edir. “Qabın içində üç dənə var. Dərmanlıdır, zəhərlənərsən”- deyib uşaqların başını aldadırlar”.

“Keşlə” bazarında alçanın 250-300 qramını 5 manata satırdılar.

Reyhan adlı satıcının sözlərinə görə, alçanı təsadüfi adamlar, əsasən azyaşlı uşaqları olanlar, hamilələr alır.

Alçanın kilosunu 14 manata, 300 qramını 4-5 manata, üzümü 4 manata, gavalını 10 manata, əriyin yarım kilosunu isə 10 manata satan Bəxtiyar alıcıların azlığından şikayətlənir.

“Ərik İrandan, alça, çiyələk, gavalı Türkiyədən gətirilir. Üzümlər Afrika, Argentinadan gətirilir. Alçadan əvvəl əsas maraq gavalıyaydı. Amma alanlar azdır, alçanı ancaq qablarda, qramla alırlar”.

Bu bazarda qarpız 2-3 manat idi. Satıcılar deyir, ən az maraq qarpızadır. İki günə, yaxud bir həftəyə bir qarpız satılır.

Bazarda yerli mal ancaq alma, naringi idi. Satıcılar yerli malın əhali üçün yetərli olmadığını, ona görə, xaricdən gətirməyə məcbur olduqlarını deyir.

Söhbət etdiyimiz alıcılar da əsasən, alçanı, qarpızı xəstə üçün aldıqlarını deyir. Alça və qarpızdan çəkinmədiklərini, amma çiyələk yeməkdən qorxduqlarını bildirirlər. Bazara uşaqları ilə gələn alıcılar isə nübar meyvələrə xeyli maraqsız idilər. Onlar səbəbi məhsulların xaricdən gətirilməsi ilə izah etdilər. “Uşaqlar istəsə də almırıq, çünki hələ mövsümü deyil. Nə vaxt öz məhsullarımız gələr, onu alarıq”,- deyən bəzi alıcılar nübar meyvələrdən almadan bazardan ayrıldılar.

Bir sözlə, bazarlarda nübar meyvələrin qiyməti o meyvələri nübar etməyimizə imkan verməyəcək. Yerli məhsulların çıxmasına isə ümid etməyə ehtiyac yoxdur. Çünki satıcılar indidən onların daha baha olacağını deyir.

Gülxar

Fotolar: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm