Qırmızı.az
Tələbənin seçmədiyi universitetlər kimə və nəyə lazımdır?
"İmtahandan 210 bal toplamışdım. Əvvəlki illərin ballarına görə, Azərbaycan Texnologiya Universitetinə qəbul olmaq şansım var idi. Çünki dövlət universitetləri arasında ancaq orada ötən il 200 ballıq fakültələr olub. Özəllərə isə heç marağım yoxdur, həm də onlarda ödəniş yüksəkdir. Ona görə ixtisas seçimi etmədim".
Rüstəm Əliyev kimi bu il yüzlərlə gənc müxtəlif səbəblərdən ali məktəblərdə oxumaqdan imtina edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlərə baxsaq bu il 43 ali məktəbdən 39-da plan yerləri dolmayıb.
Bəs görəsən tələbələri ali məktəblərdən uzaq salan səbəb nədir? Plan yerləri dolmayan universitetləri nələr gözləyir?
Publika.az-ın "Müfəttiş" layihəsində bu suallara cavab axtaracağıq.
Əgər bizi narahat edən suallar, sizi də düşündürürsə, o zaman yazını oxumağınız məsləhətdir.
50%-dən az
Əvvəlcə açıqlanan statistik rəqəmlərə baxaq. Bu il ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsində plan yerlərinin 83.31%-i dolub və 7 mindən çox boş yer qalıb. Bu rəqəm isə ötən illərə nisbətən bir qədər yüksəkdir. Belə ki, 2014-cü ildə boş qalan plan yerlərinin sayı 4050, 2015-ci ildə isə 6500 olub. Rəqəmlərə diqqət edən zaman keçən illə fərq çox da deyil, deyə düşünə bilərsiniz. Amma ali məktəblər üzrə faizlərə baxanda məlum olur ki, bəzi ali məktəblərdə plan yerlərinin heç 50%-i dolmayıb.
Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.) - 45.85 %
"Azərbaycan" Universiteti - 45.38%
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti - 44.21 %
Bakı Xoreoqrafiya Akademiyası - 38.36 %
Azərbaycan Kooperasiya Universiteti - 36.07 %
"Odlar Yurdu" Universiteti - 11.33 %
Cari il magistratura pilləsinə keçirilən imtahanların nəticələri bakalavrdan daha aşağı olub. Bu pillədə qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalıb.
Yerlər niyə boş qaldı?
Bəzi ekspertlərin fikrincə, buna səbəb sənəd verənlərin sayının ildən-ilə azalmasıdır. 2003-2008-ci illərdə abituriyentlərin sayı 66%-ə kimi artıb. 2008-ci ildən bu günə kimi isə bu rəqəm aşağı düşüb. 2008-2009-cu tədris ilində ali məktəblərə 120 min abituriyent sənəd verirdisə, bu il bu rəqəm 82 734 olub.
Müraciət edənləri sayı azaldığı halda qəbul planı artıb. Bu il bakalavr pilləsi üzrə 497 plan yeri artıb ki, bu, ötən illə müqayisədə 7,21 faiz çoxdur. Lakin plan yerləri əsasən, dövlət ali təhsil müəssisələrində artıb. Yəni tək səbəb yerlərin sayı deyil.
Çünki plan yerləri 50%-dən az dolan ali məktəblərin əksəriyyəti özəl universitetdir. Nəzərə alsaq ki, özəl universitetlərdə ən aşağı təhsil haqqı 1200 manatdır. Tələbələrin məhz təhsil haqqında tərəddüd etmələri versiyası üzərində dayana bilərik. Rəqəmlərə baxaq:
Qafqaz Universiteti - Beynəlxalq münasibətlər (tədris
ingilis dilindədir) - 4500 manat;
Qərb Universiteti – Filologiya, Tərcümə - 3855 manat;
Asiya Universiteti - bütün ixtisaslar - 3000 manat;
Azərbaycan universiteti - Maliyyə, Mühasibat uçotu və audit - 3000
manat;
Azərbaycan Koorperasiya Universiteti - Maliyyə, Mühasibat uçotu və
audit- 3000 manat.
Amma bu siyahıya baxanda belə sual yaranır ki, təhsil haqqı ən yüksək olan "Qafqaz Universiteti" nə üçün ən az seçilənlər siyahısında deyil?
Bu zaman ağla bir fikir gəlir. Bəlkə səbəb təhsilin keyfiyyətidir? Hər halda həm çox pul ödəyib, həm də şəhərdən kənarda oxumaq üçün əsas səbəb keyfiyyət ola bilər.
Keyfiyyəti yüksəldə bilməyəndə, heç olmazsa qiymətdə endirim etmək lazımdır ki, yerlər boş qalmasın. Ötən ilin rəqəmlərinə baxsaq, sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4.36% olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% təşkil edib. On ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Yəni, hələ də, azərbaycanlı ailələr və abituriyentlərin özəl ali məktəblərə marağı azdır.
Bunun əvəzində isə xarici ali məktəblər ancaq attestatla tələbə qəbuluna hazırdır. Bu fürsəti qaçırmaq istəməyənlər də üz tutur xaricə.
Dünya nə edir?
Bəs xarici ali məktəblər nə edir ki, hamı orada oxumaq istəyir. Araşdırmalar göstərir ki, dünyada özəl ali məktəblər ən yaxşı tələbələri cəlb etmək üçün nəinki təhsil haqqında güzəştə gedir, bəzi hallarda ümumiyyətlə tələbələri ödənişlərdən azad edir. Məsələn, Böyük Britaniyada 40-dan çox ali məktəb hətta xarici tələbələri təhsil haqqından azad edib. ABŞ tələbələrə ayda 3000 dollara qədər təqaüd verir, viza, bilet xərcini qarşılayır, hələ yaşamağa mənzil də verir. Almaniya, İsveç, Hollandiya, Fransa kimi ölkələrdə də tələbələrə bu kimi güzəştlər edilir.
Fakültəni bağlamaq istəyirlər
Bəs plan yerləri dolmayan ali təhsil müəssisələri görəsən nə düşünür? Onlar ya tələbə cəlb etmək üçün güzəştə getməli, ya da məğlubiyyəti qəbul edib, bağlanmalıdır.
Məsələn, jurnalistika ixtisasına qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub. Lakin rus dili bölməsinə cəmi 1 nəfər qəbul olub. Ona görə də, fakültənin dekanı Cahangir Məmmədli bölmənin ləğv edilməsini düşündüklərini açıqlayıb.
Universitetlər qapıya kilid vuracaq?
Bu il 600 plan yerindən yalnız 68-i (11.33%) tutulan Odlar Yurdu
universitetinin rəhbərliyinin verdiyi açıqlamadan bəlli oldu ki,
çıxış yolunu təhsil haqlarını aşağı salmaqda görürlər: "Plan
yerinin dolmaması təbii ki, təsirsiz ötüşməyəcək. Ancaq
universitetin nəzdində Odlar Yurdu Kolleci, lisey və Britaniya
Məktəbi fəaliyyət göstərir, bu təhsil ocaqlarında sözügedən problem
yoxdur".
Universitet artıq endirim kampaniyalarına start verib. I turda
qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən
azad olunublar. II turda boş qalan yerlərə qəbul olunanlar isə I
kursun ödənişlərindən azaddırlar.
Universitetdə bütün ödənişli əsaslarla oxuyan tələbələr əla
qiymətlərlə oxuduqları halda onlardan növbəti il üçün təhsil haqqı
alınmayacaq.
Azərbaycan Texnologiya Universitetinin tədris şöbəsinin müdiri Piri Axundov tələbələrin bu il onları seçməməsinin səbəblərini artıq araşdırdıqlarını deyir: "Ötən il 529 nəfər qəbul olmuşdusa, bu il 447 tələbə qəbul olunub. Rəqəmlər arasında çox da ciddi fərq yoxdur. Müşahidələrimiz göstərdi ki, boş yerlər əsasən mühəndislik ixtisaslarındadır. Çünki bu ixtisas insanlar arasında daha az tanınır, ona görə də həmin ixtisasları seçmək istəmirlər. İkinci faktor universitetin regionda yerləşməsidir. İstər paytaxt, istərsə də digər regionlarda yaşayan abituriyentlər əsasən, Bakıdakı ali məktəbləri seçir. Metallurgiya, maşın, texnoloji avadanlıqlar və tikinti mühəndisliyi ixtisaslarına 2-3 nəfər qəbul olub. Bakıdakı ali məktəblərdə "Çoxişlənən malların texnologiyası" ixtisası tam dolub, bizdə cəmi 3 nəfər girib. Digər məqam ali məktəbə qəbul olmaq istəyənlərin keçid balını belə toplaya bilməməsidir.
Bütün bunları nəzərə alan universitet rəhbərliyi bu ildən şagird və valideynlər arasında ali məktəblərin mühəndislik ixtisaslarının təbliğatı aparılacaq.
Koorperasiya universitetinin rektoru Eldar Quliyev hesab edir ki, özəl ali məktəblərdə yerlərin boş qalmasının səbəbi dövlət ali məktəblərində ödənişsiz təhsil imkanıdır. Rektor da etiraf edib ki, əgər tələbə qəbulu olmazsa, universitet bağlana bilər: "Başqa universitetlərə nisbətən bizdə tələbə sayı yetərincədir. Buna baxmayaraq biz universitetimizdə tələbələrə xeyli güzəştlər edirik. Məsələn, ən yüksək nəticə göstərən tələbələri təhsil haqqından tam azad olunub. Onlara bildiririk ki, siz yaxşı nəticələr göstərin, biz sizə öz köməyimizi göstərəcəyik. Əlavə olaraq belə tələbələrə ayda 100 manat təqaüd də verilir".
Azərbaycan Universitetinin mətbuat xidmətinin rəhbəri Venera Şərifzadə əvvəlki illə müqayisədə bu il qəbul faizinin artdığını dedi: "Builki qəbul göstəricisini digər ali məktəblərdən heç də aşağı hesab etmirik. 20 faizdən də aşağı nəticə göstərənlər var".
V.Şərifzadə plan yerlərinin boş qalmasını bir neçə səbəblə əlaqələndirdi: "Bəzən özəl universitetlərdə təhsil haqqının yüksək olduğunu deyirlər. Bu, doğru yanaşma deyil. Universitetə yüksək keyfiyyətli kadrların cəlb edilməsini istəyiriksə, onlara yaxşı maaş verməliyik. Müəllimlərin maaşı tələbələri ödəniş hesabına müəyyən olunur. Təhsili rüşvət üstündə quranlar təhsil haqqını aşağı edib, tələbələri cəlb edir. Oxumaq istəməyən tələbə həmin ali məktəbləri seçir. Oxumaq istəməyənlərə bizim ali məktəb sərfəli deyil, heç bizə də elə tələbə lazım deyil. Bundan başqa qeyd etməliyik ki, bu il bəzi ixtisas qrupları üzrə qəbul şərtlərini ödəyən tələbələrin sayı plan yerlərindən az idi. Məsələn, üçüncü ixtisas qrupunda plan yeri 4500 idisə, müsabiqəyə buraxılanların sayı 4000 idi. İstənilən halda yerlər boş qalmalı idi. Abituriyentlərin hansı universiteti seçməsinə isə müdaxilə edə bilmərik. Bundan başqa, xarici ali məktəblərə attestatla qəbul ola bilirlər. Qeyd edim ki, 600-dən çox bal toplayıb bizim ali məktəbi seçənlər 4 il pulsuz oxuyur, əlavə 200 manat təqaüd və noutbuk verilir. Belə güzəşt olduğu halda, nə üçün tələbə bizim ali məktəbi seçməsin?".
Həqiqətən niyə seçməsin?
Təhsil eksperti Nadir İsrafilov bu suala birmənalı cavab verməyin mümkün olmadığını deyir. Ona görə də məsələyə daha geniş prizmadan yanaşmağı məsləhət görür: "Bizim ən böyük səhvimiz müstəqillikdən sonra Sovet təhsil sistemindən tamamilə imtina etməyimiz oldu. Uzun illərdən bəri toplanmış təcrübəni saxlayıb, inkişaf etdirmək əvəzinə, onu arxivə göndərdik. Sovet şinelindən tam azad olmamış, beynəlxalq təhsili tam mənimsəməmiş belə bir keçid dövrünü yaşadıq. Nəticədə həm dərslik, həm də tədris proqramlarında uyğunsuzluq müşahidə olunur. Təhsilə vurulan zərbəni bir neçə ilə aradan qaldıra bilmərik, proses hələ davam edəcək. Müəyyən addımlar atılır, lakin qısa zamanda nəticə gözləmirik".
Ekspert hesab edir ki, sadaladığı səbəblər təhsilin keyfiyyətinə təsir etsə də, nəticələr belə olmamalı idi. Onun sözlərinə görə, belə olmasının səbəbi isə qiymətləndirmə ilə bağlıdır. Onlarla şagird orta məktəbi qızıl, gümüş medalla bitirir, qəbul imtahanında ən yaxşı halda 15 nəfər 700 bal toplayır. Çünki orta məktəblər 5, ali məktəblər 10, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 700 ballıq qiymətləndirmə sistemi tətbiq edir. Bu hesabla ali məktəbə 3 alanlar, yəni 300 bal toplayanlar qəbul olmalıdır. Bu zaman isə plan yerləri daha çox boş qalacaq. Buna görə ya plan yerlərini doldurmaq üçün keçid ballarını aşağı salmalıyıq, ya da əksinə. Lakin ali məktəblərdə ödəniş də yüksəkdir. Xarici ali məktəblərdə isə daha aşağı ödənişlə oxuya bilərlər. Ona görə də xarici ali məktəbi seçirlər".
Ali məktəblər bağlana bilərmi?
Nadir İsrafilovun fikrincə, bundan sonra özəl ali məktəblər bağlanmaq istəmirsə, ciddi addımlar atmalıdırlar: "Müstəqillikdən sonra ali məktəblərin sayı yağışdan sonrakı göbələklər kimi artdı. Sovet dövründə 3 ali məktəb və 1 orta ixtisas təhsili müəssisəsi ölkəni pedaqoji kadrla təmin edirdi. İndi 70-dən artıq ali və orta ixtisas müəssisələrinin 30-u müəllim hazırlığı ilə məşğuldur. Hamısı da keyfiyyətsiz. Onların əksəriyyətində bir-birini təkrar edən ixtisaslar açılıb. Əlbəttə universitetin mövcudluğu tələbə kontingenti ilə bağlıdır. Bu il qəbul 10%-dirsə, gələn il daha da azala bilər. Bu mənada universitetlər özləri dəyişiklər etməlidir".
Bu il qəbul nəticələri ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab verilmədiyindən onların fikirlərini öyrənə bilmədik.
Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən Publika.az-a bildirdilər ki, builki qəbul nəticələri barədə təhlillər dekabr ayında yekunlaşacaq. Qurumun apardığı təhlillərin nəticələrini öyrənmək üçün dekabra qədər gözləməliyik. Biz gözləyərik.
Universitetlər isə hələ ki, onları gözləyən təhlükə ilə tam barışmaq istəmir. Amma umu-küsünü bir tərəfə qoyub, çıxış yolu axtarmağın vaxtı çatıb. "Müfəttiş"dən demək, gerisini özünüz bilərsiniz…
Gülxar Şərif
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO