Halal üzlü haram mallar, yaxud ət məhsulları halal adla bizə necə sırınır?
Bizi izləyin

Qırmızı.az

Halal üzlü haram mallar, yaxud ət məhsulları halal adla bizə necə sırınır?

“Ovqat” şirkətinə məxsus “Doktorskiy” kolbasadan milçək çıxmasını xəbərini unutmamısınız ki?

Əslində bu çox da uzaq keçmişdə olmayıb. Amma biz bir daha xatırlatmaq istədik. O, həm də halal sertifikatı almış məhsuldur. Səhv eşitmədiniz, halal məhsullardır. Adı halal, özü isə…

Cümləni hələ ki, yarıda kəsirik. Çünki cümləmizi tamamlamaq üçün Publika.az-ın “Müfəttiş” əvvəlcə araşdırma aparmalıdır.

Halal nədir, haram nə?...

2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal əti, halal qidanın necə əldə edilməsi və halal terminin necə istifadə edilməsini özündə əks etdirən standartlar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Standartı qısaca ifadə etsək:

Gərək heyvanı kəsən şəxs müsəlman olsun;

Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;

Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;

Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;

Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;

“Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaratmamalıdır.

Üzü qibləyə tutmaq əsasdır?

Məsələnin ən maraqlı tərəfi isə budur ki, məhsulları kiflənən, içərisindən müxtəlif həşəratlar çıxdığı halda şirkətlər bunun səbəbini araşdırmaqdansa, halal və gigiyenik sertifikatlarının olması ilə göz boyamağa çalışırlar.

Amma halallıq təkcə heyvanın başının qibləyə tutulub kəsilməsi olmamalıdır. Halallıq eyni zamanda o heyvanın ətinin təmiz yerdə saxlanılması, kiflənməməsi, içindən həşəratın çıxmaması deməkdir. Axı bunların əksini etmək alıcını aldatmaq, dolayısı ilə qazanca haramın qarışması deməkdir. Haram qazancla halal məhsul istehsal etmək olarmı? İçərisindən həşərat çıxacaqsa, onun hazırlandığı heyvanın üzü qibləyə tutulub kəsilməsinin nə mənası var?

İkinci məqam isə budur ki, ildə bir dəfə, ya da altı aydan bir verilən halallıq və ya gigiyenik sertifikatın hələ həmin məhsulun ilin bütün günlərində halal və gigiyenik olması mənasını vermir. Axı hər gün sertifikatı verən qurum şirkətin başının üstündə durub heyvanı üzü qibləyə kəsməsinə, heyvanın sağlam olmasına nəzarət etmir. Yəni məsələ qalıb şirkətin ümidinə.

İnsanları aldadırlar…

Belə olan halda hansı halallıq, hansı keyfiyyətdən danışa bilərik?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, bu gün halal sertifikatı adı altında insanların aldadılmasını müşahidə edirik: “Bir sıra şirkətlər rəsmi akkreditasiya olmadan, dini inancların əksinə halallıq sertifikatı verirlər. Halallıq təkcə ətin islam qaydalarına uyğun kəsimi deyil. Kolbasanın tərkibinə 20-yə qədər müxtəlif ədviyyatlar qatılır. Onların halallığına kim zəmanət verir? Bu inqridiyentlərin hərəsi bir ölkədən gətirilir. Bu çox mürəkkəb məsələdir. Halal məhsulda əti istifadə olunan heyvan stressdən uzaq olmalıdır, bu malların istehsal edildiyi texnologiyaya başqa mallar, haram məhsullar qarışmamalıdır. Təəssüf ki, bəzən bunlar nəzərə alınmır”.

Halallığın tam təminatı üçün E.Hüseynov bəzi təkliflər də irəli sürdü: “Hesab edirik ki, halallıq sertifikatı verilən şirkətlərdə onlayn izləmə təmin olunmalıdır. İstənilən şəxs internetdə daxil olub, heyvanların kəsimi, məhsulun hazırlanması prosesinə nəzarət etməlidir. Hətta məhsul Hindistandan gəlirsə belə, proses izlənməlidir. Onlayn izləmə olsa, o zaman məhsula nəzarət olar. Əks halda halallıq sertifikatının heç bir əhəmiyyəti qalmır.

Bundan başqa, halal məhsul istehsal edən şirkət krediti də məhz İslam İnkişaf Bankından götürməlidir. Bununla bağlı İİB-yə müraciət etmişik. Hesab edirəm ki, qeyri-yolla kredit götürüb halal mal buraxmaq düzgün deyil. Həmçinin halal sertifikatı almış şirkətlərin məhsulundan həşərat çıxa bilməz. Bu zaman halallıq pozulur”.

Düzdür, halal standartında qeyd olunmayıb ki, kolbasadan milçək çıxması halallığı pozur. Amma hər halda bu kolbasanın milçək kolbasanın tərkibinə vurulan məhsullar sırasında da deyil.

“Halallıq işi bizə aid deyil”

Bəs görəsən, heç olmazsa, belə faktlar mətbuata çıxandan sonra qurumlar hansısa araşdırma aparıblar?

Картинки по запросу imran abdullayev

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Publika.az-a bildirib ki, hər hansı müəssisənin məhsulunda gigiyenik pozuntu ilə bağlı yalnız rəsmi şəkildə müraciət ediləndən sonra araşdırma apara bilərlər. Əlbəttə, bunun üçün əvvəlcə İqtisadiyyat Nazirliyinə müraciət edilməlidir. Bu il ərzində kolbasalarla bağlı bir dəfə müraciət olub. Bu zaman İqtisadiyyat Nazirliyinə məlumat ünvanlansa da, monitorinqə razılıq verilməyib.

İqtisadiyyat Nazirliyinin bu məsələdəki mövqeyinə gəldikdə, nazirliyin sözçüsü Abbas Əliyev hesab edir ki, bu gün istehlak bazarına müayinə, baxış, monitorinqlər vasitəsilə nəzarət olunur. Bununla yanaşı o, istehlakçıları da fəal olmağa çağırdı: “İstehlak bazarında problemlərlə qarşılaşanlar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müraciət edə, həmçinin 4981501(04), 195-2 “Çağrı mərkəzi”nə zəng edə bilərlər”.

Bu vaxta qədər olan müraciətlərə gəldikdə, A.Əliyev il ərzində kolbasalarla bağlı yalnız bir müraciət olduğunu dedi: “Həmin müraciət düzgün markalanmama ilə bağlı olub. Dövlət xidmətinin müdaxiləsindən sonra məsələ həllini tapıb”.

Halallıq məsələsi ilə bağlı şikayətlərin olub-olmamasına isə A.Əliyev bunu dedi: “Halallıq işi bizə aid deyil. Çünki sertifikatı biz vermirik ki, monitorinqi də biz həyata keçirək”.

Halal kəsim halallıq deyil…

İqtisadiyyat Nazirliyinə aidiyyəti olmasa da, halallıq məsələsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin tərkibində Komissiya yaradılıb. Halallıq sertifikatı verilərkən müəssisələrə rəyi də nəzərə alınır.

Komissiyanın üzvlərindən Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında bildirib ki, halallıq məsələsində yeganə şərt kəsim olmamalıdır: “Heyvanın üzü qibləyə tutulması və kəsilərkən Allahın adının çəkilməsi şəriət qaydalarına əsasən vacib hesab edilir. Bununla yanaşı məhsul təmiz olmalıdır, insanlar aldadılmamalıdır, məhsulun içərisində olduğu qeyd olunan məhsulların hamısı vurulmalıdır. Düzdür, bu məsələlər halallıq sertifikatlarda şərt kimi göstərilməyib. Amma ümumi mənada halallıqda bu məsələlər nəzərə alınmalıdır. Hesab edirəm ki, halallıq yalnız halal kəsimlə məhdudlaşmır. Alış-veriş nöqteyi-nəzərindən, halal qazanc üçün təmizlikdən tutmuş, insanların aldadılmamasına qədər bu məqamlar nəzərə alınmalıdır”.

Hazırda halallıq məsələsinə nəzarətə gəldikdə, Hacı Şahin bildirdi ki, QMİ sonrakı mərhələdə müxtəlif vaxtlarda xəbərdarlıq edilmədən baxış keçirə bilir: “Bir neçə dəfə xəbərdarlıq edilmədən müəssisələrə baxış keçirmişik. Bəzən də nöqsanlar aşkar edilib. Lakin daimi müşahidəni aparmaq isə dövlət qurumlarının işidir. Biz yalnız rəy verə bilirik”.

Ət Hindistan, Pakistanda kəsilirsə…

Standartı tətbiq edən və nəzarəti həyata keçirən qurum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı standartın özünü doğrultduğunu düşünür: “Ən azından bazarda hərc-mərcliyin qarşısını aldı. Bu bizim icadımız deyil, İslam Ölkələrinin Əməkdaşlıq Təşkilatının tabeliyindəki Standartlaşdırma institutunun qaydalarını əsas tutaraq standart hazırladıq. Beynəlxalq standart olduğun görə bizi qane edir. Onun tətbiqi məsələsinə ciddi nəzarət edilir. Sertifikat verilən müəssisələrə tələblərimizi gündən-günə sərtləşdiririk. Ətlərin kəsimi xarici ölkədə - Hindistan, Pakistanda keçirilsə belə, sertifikat verən qurum əməkdaşlarından kəsim baş verilən ölkələrdə olmasını tələb edirik. Əvvəlki kimi üzərində hala yazılıb içinə donuz əti vurulması faktları yoxdur demirik, lakin minimuma endirilib. Yox olması üçün də işlər görürük”.

F.Talıblı bildirdi ki, sertifikatı komitənin akkreditasiya etdiyi sertifikatlaşdırma qurumu verir və həmin şirkətlərə nəzarət sertifikat verən orqanlar tərəfindən həyata keçirilir: “Bu qurumlar standarta əməl edilib-edilməməsini yerində yoxlamalıdır. Sertifikat verən qurumları akkreditasiya edərkən şirkətlərə nəzarət etmələri tələbini irəli sürürük. Çünki sertifikat veriləndə hər şey çox gözəl ola bilər. Lakin sonradan problemlər yaşana bilər. Halallıq sertifikatı verən qurumlar videokameralarla izləyə bilirlər. Çünki halallıq sertifikatı verilərkən tələblərdən biri də məhz məhsul istehsal edilən müəssisədə kameraların olmasıdır. Sertifikat verilən orqanın nümayəndələrinin hər gün müəssisəyə getməsi fiziki baxımdan mümkün olmasa da, onlayn olaraq izləməsi realdır. İnanırıq ki, bu qaydalara əməl edilir. Halal sertifikatı almış müəssisə sonradan problemlərə yol verməsinə inanmıram”.

Sertifikat, halallıq, yoxsa...

Bununla yanaşı F.Talıblı onu da bildirdi ki, sertifikatın mövcudluğu həmin şirkətin məhsullarının daim keyfiyyətli olması anlamına gəlməməlidir. Sertifikat verilən vaxt ola bilər ki, müəssisədə bütün normalara əməl edilsin, sonradan vəziyyət dəyişsin. Hələ, bizim nəzarət xidmətinin fəaliyyət göstərdiyi vaxt da belə problemlərlə qarşılaşırdıq.

Bu halları aşkarlamaq üçün SMPDK-nin gördüyü işlərə gəldikdə, F.Talıblı Nəzarət xidmətinin fəaliyyəti qanunla məhdudlaşdırıldığını dedi: “Hazırda dövlət yoxlaması olmadığına görə komitə adından həmin müəssisədə məhsulun standarta uyğun olub-olmadığını müəyyən edə bilmirik. Sadəcə sertifikat verən qurumların onlara nəzarət etməsi tələbini irəli sürürük. Sertifikatlaşdıran qurumlar satışda olan məhsula nəzarət edə bilmir. Onlar yalnız müəssisədəki fəaliyyətə nəzarət edir. Satışda olan məhsulda problem aşkarlayanlar dövlət qurumlarına rəsmi şəkildə müraciət edə bilərlər. Son vaxtlar komitəyə daxil olan şikayətlərin sayı gündən-günə artır. Vəziyyət bizi qane etmir”.

Girişdə söz vermişdim “Adı halal, özü isə...” cümləsini tamamlayacam. Etiraf edim ki, tamamlamağa söz tapmıram. Bir də ki, hər şeyi “Müfəttiş”dən gözləmək olmaz. Bunu da özünüz tapın.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm